2017-06-08 15:45:41   |   1137 dəfə oxunub

Professordan mükəmməl İZAH: "Universitetlərdə kurslar yaradılsa, neqativ hallar... "

"Bu gün Azərbaycan universitetlərində hazırlıq kursları mövcud deyil”.

Bunu Sherg.az-a ali məktəblərdə hazırlıq kurslarının yaradılması məsələsindən danışarkən "Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. 

O bildirib ki, hələlik universitetlərə qəbul mərkəzi imtahanla aparılır:

"Təhsil Nazirliyinin siyasətini liberallaşdırması cəhdi bəyəniləndir. Düzdür, Dövlət İmtahan Mərkəzi öz rolunu oynayır. Korrupsiyaya qarşı mübarizə, obyektivliyin təmin olunması baxımından DİM-in fəaliyyəti şübhəsizdir. Eyni zamanda bu həddindən artıq ultra-mərkəzləşdirilmiş sistemdir ki, ali məktəblər özləri heç nə edə bilmirlər. Məsələn, rəhbərliyimdə olan təhsil ocağına gələn tələbələrin DİM-dən kağız gətirməsi mənim üçün kifayət etmir. Həmin tələbələrin şəxsiyyəti, maraqları mühüm rol oynayır. Eyni nəticəni göstərən iki tələbə bir-birindən çox fərqli ola bilər. Ona görə, universitetlərin rolunu artırmaq lazımdır. Digər tərəfdən müxtəlif baxış olacaq ki, istər-istəməz pul alıb, onları bir az da oxuda bilərlər və s. Ali məktəblər özləri fərqli olduğuna görə, onların yanaşması da fərqli ola bilər. Universitetlərin daxilində kurslar yaradılsa, neqativ halların qarşısını tam almaq mümkün deyil. Kimlərin necə hərəkət etməsi görünəcək.

Ali məktəblərə müəyyən imkanlar yaratmaq lazımdır ki, onlar öz siyasətlərini həyata keçirsinlər. Amma ictimai rəy, Təhsil Nazirliyi, dövlət strukturları görsün ki, kimlər necə hərəkət edir. Bütün Avropa və Amerikada mərkəzi imtahan sistemi yoxdur. Lakin onların maraqları, mədəniyyətləri, reytinqlərdə yüksək yer tutmaları onları məcbur edir ki, obyektiv işləsinlər, ən yaxşı tələbələri, professorları cəlb etsinlər. Səviyyənin yüksək olmasına çalışırlar. Hər şeyi mərkəzdən idarə etmək olmur. Ali məktəblərin özünün rolunu da dəyərləndirmək lazımdır”.

H.İsaxanlı əlavə edib ki, kursların necə yaradılması, texniki hissələrinin dəqiqləşdirilməsi Təhsil Nazirliyinin səlahiyyətində olacaq:

"Mexaniki məsələlər müzakirə olunmalı, hansı risklər nəzərdə tutulur, ölçülməlidir. Buna ümumi şəklidə qəbul siyasətinin liberallaşması deyilir.

Amma hər kəsə məlumdur ki, ali təhsilli insanların sayına görə, Azərbaycan digər ölkələrdən geri qalır. Düzdür, biz keyfiyyətli ali təhsilə üstünlük veririk, amma hamı başqa ölkələrdə ali təhsil ölkəmizdəkinə nisbətən daha əlçatandır. Qəbul siyasətini yumşaltmaq lazımdır. Əgər insanlar oxumaq istəyirsə, onların bir hissəsi yüksək oxuyub, dövlət tərəfindən oxudulmalıdır. Digərləri isə oxumaq istəyirsə, ali məktəb onu götürmək istəyirsə, qoy oxusun.

Məsələn, mən "Xəzər” Universitetinə tələbələri götürdükdə çalışacağam ən yaxşı, istedadlı tələbələri götürüm. Kasıbdır, oxuya bilmirsə, elə hazırlamaq lazımdır ki, o dövlətdən pulunu alıb, gələ bilsin”.

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2017-10-19