2017-06-20 12:16:24   |   665 dəfə oxunub

Gənc peşəkarlar...

“Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn”


Azərbaycanda öz işini qurmaq arzusunda olan, yeni fəaliyyət sahəsi ilə biznesə atılmağı düşünən minlərlə gənc var. Müxtəlif səbəblərdən hər "namizədin” istəyi reallaşmasa da, daha fəal, intellektli, ölkəsinə və xalqına xidmət duyğusu ilə yanıb-tutuşan işgüzar gənclər öz xəyallarını gerçəyə çevirə bilirlər. Şübhəsiz ki, bu yolda müəyyən problemlər və maneələr mövcuddur, amma təslim olmayan, ruhdan düşməyən dinamik və əzmkar gənclər sahibkar olmağı bacarırlar. İşin sirri ondadır ki, işgüzar gənclər sadəcə çoxlu pul qazanmaq üçün gərgin iş dünyasına atılmırlar.

Onların həqiqi qayəsi post-neft dövründə ölkə iqtisadiyyatına bacardıqları töhfəni verməkdir. Bu baxımdan qurduqları yeni işin müxtəlif aspektlərdən perspektivliyini nəzərə alaraq, daha aktual sahəyə yönəlirlər. Üz tutduğumuz "NPC Agro” Konsaltinq və Mühəndislik şirkəti də ictimaiyyət üçün tamamilə yeni sahə üzrə fəaliyyətə başlayan bir qrup gəncin öz təşəbbüsü ilə yaratdığı kiçik təşkilatdır. Paytaxtın Tbilisi prospektində, "Oskar” Biznes Mərkəzində yerləşən şirkətin təsisçisi və direktoru, gənc mütəxəssis Surxay Novruzovdur. Surxay bəylə ətraflı söhbətə keçməzdən əvvəl bir yaşlı şirkətin əsas missiyası barədə ümumi məlumat vermək yerinə düşər. Azərbaycanda ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan "NPC Agro” dünyanın 4 ölkəsində 10-dan çox böyük konsaltinq şirkətləri ilə əməkdaşlıq etməkdədir. Həmçinin, bu sahədə fəaliyyət göstərən ən yaxşı kənd təsərrüfatı və ətraf mühit universitetləri ilə sıx əlaqədədir. Gənc şirkətin əsas məqsədi iqtisadiyyatın post-neft dövrünü yaşayan Azərbaycanda fəaliyyət göstərən iri, orta və kiçik sahibkarların bizneslərinin genişləndirilməsidir. Eyni zamanda ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək rəqabətə davamlı məhsul istehsalı üçün müasir təcrübəni ölkə daxilində tətbiq etməkdir.

"NPC Agro”nun missiyası innovativ metodlar tətbiq etməklə sahibkarların gəlirlərini artırmaqdır”

Şirkətin əsas missiyası haqda məlumat verən təsisçi Surxay Novruzov bildirib ki, əsas fəaliyyət istiqamətləri kiçik ölçülü təsərrüfat sahiblərinə innovativ üsullarla yardım etmək, yerli biznesin genişlənməsinə nail olmaqdır: "Ümumi xidmətlərimizə regionların inkişafına dəstək olacaq layihələrin hazırlanması, torpaqların daha effektiv istifadəsi üçün analizlərin edilməsi, aqrar müəssisələrdə dataların ölçülməsi, fermerlər üçün təlimlərin təşkili və s. daxildir. Həmçinin, kənd təsərrüfatı məhsullarının tanıdılması üçün reklam və marketinq xidmətləri, sertifikatlaşdırma, baytar həkim və əkin üzrə aqro-servis fəaliyyətini də həyata keçiririk”. Direktor vurğulayıb ki, şirkət bu məqsədlə innovativ texnologiyalar təklif edir və beynəlxalq müstəvidə fəaliyyət göstərən tərəfdaşlarla birlikdə yüksək peşəkarlıqla müştərilərə xidmət göstərir: "Yerli və xarici mütəxəssislərdən ibarət komandamız bitkiçilik və heyvandarlıqda, o cümlədən kənd təsərrüfatının başqa müxtəlif sahələrində layihələrin hazırlanması, tətbiqi və nəzarəti kimi bütün mərhələləri özündə birləşdirən məhsullar irəli sürür. Şirkət yeni bir bitkini sınaqdan keçirmək və ya əkinləri professional mütəxəssislərin məsləhəti əsasında hazırlamaq üçün əkin planı təklif edir. Toxum seçimi və səpini, suvarma, gübrələmə, xəstəlik və zərərvericilərlə mübarizə, biçin vaxtının təyini kimi məsələləri uyğun şəkildə tənzimləyir. Yəni qurumun əsas missiyası kənd təsərrüfatında yeni və innovativ metodlar tətbiq etməklə sahibkarların gəlirlərini artırmaq, yerli mütəxəssislərin inkişafına dəstək olmaqdır. Həmçinin, ətraf mühit məsələlərini daim nəzarətdə saxlamaqla ölkədə davamlı kənd təsərrüfatının inkişafı üçün yerli elmi və praktiki təcrübə formalaşdırmaqdır”.

Şirkətin təməlini atan gənc peşəkarlar...

Təsisçi Surxay Novruzov deyib ki, "NPC” sözü torpağın əsas elmentlərindən olan Natrium, Fosfor və Kalsiumun ingiliscə baş hərfləridir. Şirkətin 2016-cı ilin noyabr ayından fəaliyyət göstərdiyini deyən direktor qurumu 6 nəfər kənd təsərrüfatı, ekologiya mühəndisləri və kimyaçı mütəxəssislərlə birlikdə qurduğunu söyləyib. Məlumat üçün bildirək ki, direktorun iki müavini var - Ramil Əzməmmədov və Etibar Muradlı. Hər iki gənc kənd təsərüfatı üzrə mütəxəssisdir. Digər işçilər isə - kənd təsərrüfatı mühəndisləri, biznesin inkişafı üzrə mütəxəssis və şirkətin hüquqşünasıdır: "Hazırda "NPC Agro” komandası 6 mütəxəssisdən ibarətdir və vaxtaşırı digər xarici və yerli mütəxəssislərlə də əməkdaşlıq edirik. Demək olar ki, əməkdaşların hamısı peşəkar fəaliyyətə yiyələnmiş, kifayət qədər təcrübəli və gələcək üçün yüksək potensial vəd edən gənclərdir” .

"Şirkətin elmi laboratoriyası Ankara Universiteti ilə birlikdə qurulub”

Surxay Novuzov hər yeni qurulmuş şirkət kimi müxtəlif problemlər yaşadıqlarını deyib. Lakin bildirib ki, gərgin əmək və dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşların təcrübələrindən istifadə etməklə bu çətinlikləri yavaş-yavaş aradan qaldırırlar: "Hazırda laboratoriyamız yüksək standartlara və ən yeni texnologiyalara sahibdir və Ankara Universiteti KOSGEB Texnologiya - İnkişaf Mərkəzinin dəstəyi ilə Ankara Universiteti Əkinçilik Fakültəsi ilə birlikdə qurulub. Azərbaycanda daha əvvəl həm özəl, həm dövlət şirkətləri, həm də kiçik sahibkarlar üçün müxtəlif torpaq, su, bitki və gübrə analizləri də məhz bu laboratoriyada edilib”. Direktor vurğulayıb ki, bu sahə üzrə şirkət yaratmaq ideyası onda Hollandiyanın "Wageningen” Universitetində kənd təsərrüfatının menecmenti üzrə magistr təhsili alarkən yaranıb: "Azərbaycanda kənd təsərrüfatı və aqrar biznes sahələrində yerli fermerlərin bu cür xidmət göstərən bir mərkəzə ehtiyac duyduqlarını müşahidə edərək fəaliyyət istiqamətini seçdik. Düşüncəmizdə yanılmadıq. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərinin bilinməsinin kiçik sahibkarlara iqtisadi və ekoloji üstünlüklər qazandırdığını anlayan bir çox fermer standart torpaq analizi xidmətindən istifadə etmək üçün bizə müraciət edirlər”.

"Gələcəkdə müxtəlif rayonlarda nümayəndəliklər açılacaq”

Şirkət rəhbəri bəyan edib ki, baş ofislərinin Bakıda yerləşməsinə baxmayaraq, regionlardakı mütəxəssislər sayəsində rayonlardakı fermerlərin köməyinə maksimum dərəcədə çatmağa çalışırlar: "Gələcəkdə müxtəlif rayon və şəhərlərimizdə nümayəndəliklərimizi açmağı planlaşdırırıq. "NPC Agro” fəaliyyətə başlayarkən ilk məqsədimiz yerli fermerlərə dəstək olmaq idi. Təbii ki, ölkədə kənd təsərüfatının inkişafı iqtisadiyyata da öz müsbət təsirini göstərir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı perspektivli sahə hesab olunur. Xüsusən cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Yol Xəritəsi” bu sahənin inkişafına böyük imkanlar yaradıb. Ümumiyyyətlə, insan qidasını əsasən, əkinçilik və heyvandarlıq məhsulları təşkil etdiyinə görə, kənd təsərrüfatı həmişə inkişafda olan və gəlirli sahə sayılır. Kənd təsərrüfatı ölkəmizdə də dərin ənənələrə malikdir. Son illər dünyanın müasir təcrübəsini yerli şərtlərə uyğunlaşdırmaqla məhsullar istehsal edərək daha böyük bazarlara çıxış əldə edə etmişik. Düşünürəm, hazırkı inkişaf tempi ilə yaxın illərdə ixracda hazır kənd təsərrüfatı mallarının çəkisi önəmli dərəcədə artacaq”.

"Gənclərimiz unutmasınlar ki, yaxşı biznes ideyası...”

Ölkədə xeyli sayda gənc sahibkar olmaq, öz işini qurmaq həvəsindədir. Ancaq müəyyən səbəblərdən tərəddüdləri var. Bu məsələyə toxunan həmsöhbətimiz gənclərə öz tövsiyələrini də verib: "Sözsüz ki, biznes hər zaman riskli və məsuliyyətli sahədir. Amma gənclərimiz unutmasınlar ki, yaxşı biznes ideyası və israrlı çalışmaqla öz istəklərinə hər zaman nail ola bilərlər. Biz komanda olaraq daim fəaliyyətimizi daha genişləndirib daha çox fermerə çatmaq fikrindəyik. Bu yaxınlarda bitki xəstəlikləri ilə mübarizə üçün "Dr.Agro” tətbiqetməsini istifadəyə verəcəyik. Bununla da, fermerlər öz problemlərinin həllinə sadəcə, bir "sms” və ya telefon zəngi qədər yaxın olacaqlar”.

"NPC Agro” dövlət qurumları və özəl sahibkarlar üçün vazkeçilməz xidmətlər təklif edir

Surxay Novruzov şirkətin hazırladığı kənd təsərrüfatı proqramları barədə ətraflı məlumat verib: "Kəndlərin və regionların davamlı inkişaf proqramlarının hazırlanması mühüm amildir. Bu sahədə təklif etdiyimiz xidmət ölkənin ucqar və seyrək məskunlaşmış ərazilərində yaşayan əhalinin iqtisadi rifahının və həyat keyfiyyətinin yaxşılaşdırılmasına hesablanıb. Yerli şəraitə uyğun kiçik kənd təsərrüfatı biznes layihələrinin, regiona xas proqramların hazırlanması, təşkili və idarə olunması qeyd olunan xidmət çərçivəsində həyata keçirilir. Bu proqramlar həyata keçirildiyi təqdirdə yerli əhalinin gəlirləri artacaq və lokal iqtisadiyyat ətraf mühitə zərər vermədən davamlı olaraq inkişaf edəcək. Eyni zamanda səyyar və stasionar laboratoriyaların qurulmasıda vacibdir. Torpağın, suyun və yem məhsullarının kimyəvi və fiziki analizlərinin aparılması üçün texniki avadanlıqların quraşdırılması, mütəxəssislərin təlimatlandırılması, analiz işinin təşkili kimi məsələlər qeyd olunan xidmətə daxildir. Şirkətin laboratoriyaları yüksək dəqiqliklə bütün göstəriciləri analiz etmək imkanına sahibdir. Digər xidmət çərçivəsində isə pilotsuz təyyarələr və ya dronlar vasitəsilə məsafədən zondlama və aerofoto çəkilişlər, torpağın spektral xarakteristikalarının tədqiqi, illik proqnozların xüsusi proqramlar vasitəsilə təhlili reallaşdırılır. Müasir üsullarla hazırlanan xəritələr fermerlərə öz əraziləri haqqında məlumatları veb səhifədən almaq imkanı verir. Üzərində durduğumuz məsələlərdən biri də fermerlər üçün təlimlərin təşkilidir. İstər dağlıq ərazidə kiçik ailə təssərüfatında işləmək, istərsə də ölkəmizin yarımsəhra regionlarında böyük kənd təsərrüfatı fəaliyyətində düzgün metodlar istifadə etmək üçün elmi və praktiki təcrübəyə yiyələnmək fermerlər üçün vacibdir. Təlim proqramlarında iştirak etməklə fermerlər hər hansı problemlə mübarizədə beynəlxalq ekspertlərin təqdim etdiyi müasir üsulları istifadə etməyi öyrənəcəklər”. Direktorun sözlərinə görə, Azərbaycan dənli və paxlalı bitkilərə olan tələbatını ödəməkdə idxaldan böyük ölçüdə asılıdır. Buna görə də şirkət innovativ və müasir metodlardan istifadə etməklə yüksək məhsuldarlıq üçün əkin layihələri təklif edir: "Hollandiyada yerləşən və "NPC Agro”nun tərəfdaşı olan "Vağeningen” Universiteti və Araşdırma Mərkəzinin tərkibində 15 ildən artıqdır ki, müxtəlif sənaye bitkilərinin əkinini və onların yetişmə prosesini araşdıran qrup fəaliyyət göstərir. Şirkət orta məhsuldarlığı 50 faizdən çox artırmağı təklif edir. Proqramlarla bağlı daha geniş məlumat almaq istəyənlər şirkətimizin rəsmi internet ünvanına -www.npcagro.com - müraciət edə bilərlər.

Şirkət kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxarır...

Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxartmaq üçün bir neçə sertifikat tələb olunur. Müsahimiz bildirib ki, şirkət çətin proseduru asanlaşdırmaq məqsədi ilə sertifikatların alınmasında fermerlərə kömək edir, onların məhsulunu rəqabətə davamlı hala gətirir: "Bu gün ölkəmizdə əkilən və dünya bazarına çıxarılan məhsullar orqanik və ya orqanikə yaxın səviyyədə becərilir və ixrac edilir. Lakin bu məhsulların Avropa Birliyi, ABŞ, Yaponiya kimi ölkələrin orqanik məhsul sertifikatları standartlarından keçməməsi onları bazarda adi məhsul kimi tanıtdırır. "NPC Agro” Almaniyadan akreditə olunmuş təşkilatlarla fermerlərə qısa zamanda orqanik sertifikat qazandırır. Şirkət əkinlərdə zərərvericilərlə mübarizə üsulları ilə bağlı da yüksək xidmət həyata keçirir. Xidmət çərçivəsində bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün aqrotexniki, mexaniki, fiziki, kimyəvi, bioloji və digər üsullardan istifadə edilir, bu üsullar insanlara və təbiətə minimum zərər verməklə həyata keçirilir”.




Müasir suvarma sistemlərinin qurulması və heyvandarlığın inkişafına dəstək proqramları...

"NPC Agro”nun sahibi deyib ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq və suya qənaət etmək üçün modern sulama sistemlərinin tətbiqinə ehtiyac var. Şirkət bu sistemlərin sahələrdə qurulmasını təmin edir, əkilmiş bitkilər üzrə suvarma qrafiki hazırlayır: "Bununla da ölkəmizdə məhsul itkisinin əsas səbəblərindən biri - yanlış suvarma probleminin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına köməklik göstərir. O cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən olan toxumçuluğun inkişafı və milli genlərə sahib yeni hibrid toxumların əldə edilməsi ölkəmiz üçün vacib məsələdir. Bu baxımdan şirkət daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılmasını təşkil edir.
"NPC Agro”nun ən mühüm xidmətlərindən biri də heyvandarlıqda süni mayalanma işlərinin təşkili, yeni məhsuldar növlərin xaricdən idxalı və yerli şəraitə uyğunlaşdırılmasıdır. Qurum heyvandarlıqda damazlıq-seleksiya işinin təkmilləşdirilməsi və fermerlərə keyfiyyətli süni mayalama xidmətləri göstərir. Bu xidmətlərdən istifadə nəticəsində qaramalın məhsuldarlığı artır, fermerlərin gəlirləri çoxalır. Ən əsası isə sahibkarların süni mayalamaya inamları olur. Vurğulanan xidmətlər çərçivəsində Fleçvieh, Montofon, Holstein, Montbeliarde, Charolais, Limusin kimi məhsuldar damazlıq-südlük və ətlik inək növlərinin ölkəmizə gətirilməsi və adaptasiyası, sağlamlığının qorunub saxlanması həyata keçirilir. Bununla yanaşı, şirkət kənd təsərrüfatında vacib analizlərdən olan su və torpaq analizini ən yüksək səviyyədə reallaşdırır”.

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16