2017-07-04 01:54:35   |   1153 dəfə oxunub

Oynamaq uşaqların əyləncəsi və ətrafı kəşfidir

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”


Oyun oynamaq uşaqlar üçün yemək, su və yatmaq kimi təbii bir ehtiyacdır. Oyunlar uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən ən mühüm vasitə hesab olunur. 

Çünki oyuncaqlar hər bir uşağın şəxsiyyət olaraq formalaşmasına, lazımlı davranışları, zəruri bilgi və bacarıqları mənimsəməsinə yardım edir. Həmçinin, oyun fiziki, sosial, zehni və emosional tərəfdən uşağa müsbət təsir göstərir. Uşaq oyun zamanı qaydalara əməl etməyi, problemlərin həll yollarını, diqqətini cəmləməyi, cəmiyyətdəki rolunu və məsuliyyətini, razılığa gəlməyi, özünü ifadə etməyi və qərar verməyi öyrənir.

Uşaqların oyun oynaması niyə vacibdir?

Ən əsası odur ki, oyun sayəsində uşaqların təfəkkürü və fiziki bacarığı artır. Azyaşlılar oyun zamanı "qəhrəmanlarının” qarşılaşdığı hansısa bir problemi düşünərək həll etməyə, çətinlikdən çıxış yolunu axtarmağa çalışırlar. Güc sərf edərək özləri üçün yeni oyun ərazisi və oyuncaqlar yaratmağa başlayırlar. Hər şeyin yalnız pulla satın alınmadığını, fiziki və zehni güc sərf etməyin əhəmiyyətini öyrənirlər. Uşaq oyun oynayarkən bir neçə obrazı canlandırır, yəni ata, ana, polis, müəllim, həkim və başqa şəxslər kimi düşünməyə, davranmağa cəhd göstərir. Bu zaman uşağın müxtəlif kimlikləri necə qəbul etdiyi, onlar haqqında nə düşündüyü ortaya çıxmış olur. Oyun həm də fiziki hərəkət deməkdir. Hərəkət uşaqların güclü və sağlıqlı formada böyümələrinə səbəb olur. Bu gün bir çox uşağın yaşadığı piylənmə probleminə qarşı da ən güclü vasitə məhz oyundur. Həmçinin, oyunlar stresin azalmasına, uşağın emosional inkişafına da müsbət təsir göstərir.

Oyundan məhrum böyüdülən uşaqlarda meydana çıxan fəsadlar...

Uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üzrə mütəxəssis, psixoloq Ruhəngiz Əhmədova bizimlə söhbətində bir çox mühüm məqamlara aydınlıq gətirib. Oyunun əhəmiyyətindən danışan ekspert vurğulayıb ki, uşağın təfəkkürü zəif inkişaf edirsə, zəncirvari olaraq digər idrak prosesləri də inkişafdan qalır. Çünki idrak proseslərinin biri digərindən ayrı inkişaf edə bilmir. Uşaqlarda təfəkkürü formalaşdıran ən mühüm vasitə isə müntəzəm və fərqli oyunların təşkil olunmasıdır: "Uşaq kiçik oyunlar oynamaqda çətinlik çəkirsə, məsələn, kubiklərin düzümü, rənglərin seçimi, uyğunlaşdırma və eyniləşdirmə fəaliyyətlərini icra edə bilmirsə, onun təfəkkürü formalaşmır, ya da gec formalaşır. Buna paralel olaraq uşaqlarda nitq qabiliyyətinin gecikməsi, danışıq zamanı həyəcanlanma və kəkələmə halları özünü göstərir. Rəsm çəkmək, sadə rəngləmə prosesi, şifahi məsələlərin həlli, eyni rənglərin seçilməsi və s. tipli oyunlar uşaqların idrak prosesini sürətləndirir. Uşaq oyun oynarkən ətraf aləmi kəşf edir, öz bacarığını inkişaf etdirir, valideynlərlə ünsiyyətdə olur. Hafizə oyunları uşaqlarda əsasən diqqəti təkmilləşdirir. Bu cür oyunlardan sonra uşaq konkret obyektə və ya mövzuya diqqəti cəmləşdirə bilir”.

Uşaqla uşaq olmaq lazımdır

Mütəxəssis deyib ki, valideynlər uşaqların təhsil almasının ən böyük dəstəkçisidir. Ancaq təhsillə yanaşı uşaqların məktəbdə, evdə, həyətdə və küçədə oyun oynamasına şərait yaratmaq vacibdir. Çünki oyun və nəsə öyrənmək iki ayrı məşğuliyyət deyil, bir-biri ilə sıx bağlıdır: "Oyun zamanı uşaq həm praktiki, həm nəzəri bilik əldə edir, həm də əylənir. Əylənərək öyrənmək uşaqların ən çox sevdiyi fəaliyyət növüdür. Təhsil sisteminin ağırlığı səbəbi ilə uşaqların oyun oynamağı unutduğu, tamamilə dərslərə və imtahanlara yönəldiyi acı bir reallıqdır. Məktəblərdə oyunların məhdudlaşdırılması, evdə ata-ananın daim "məşğul olması” və işdən yorğun qayıtması uşaqların oyun sevdasını əlçatmaz edib. Təəssüflər olsun ki, valideynlər oyunun tərbiyəvi gücünü və elmi əhəmiyyətini unutmuş vəziyyətdədirlər. Hətta bəzi valideynlər mağazaların oyuncaq hissəsindən keçərkən azyaşlı uşaqlarına "sən oyun oynayacaq yaşda deyilsən, ondansa dərslərini oxu” kimi lazımsız xəbərdarlıq edirlər”.

Övladınızla birlikdə oyun oynayın!

Sosial araşdırmaları xatırladan ekspert bildirib ki, valideynləri ilə mütəmadi oyun oynayan uşaqlar, digər azyaşlılara nisbətən daha geniş təxəyyülə və düşüncə sərbəstliyinə sahib olurlar: "Əziz böyüklər, yaşınız nə olursa-olsun, oyun oynamaq, uşaqlaşmaq üçün əsla "qoca” deyilsiniz. Hətta belə demək mümkündürsə, "oyun oynamağın yaşı yoxdur”. Xüsusən, işdən yorğun evə qayıdan valideynlərin öz uşaqları ilə zaman keçirməsi həm gərgin iş stressini yox edir, həm də aradakı münasibəti qüvvətləndirir. Unutmayaq ki, uşaqlarla birlikdə gülmək, əylənmək və dincəlmək böyüklərin sağlamlığı üçün də əvəzsizdir. Ailədə yaşanan gündəlik problemlər oyunların gücü ilə peyvənd edilə bilər. Ən əsası isə valideynlə oyun zamanı uşaq özünə əhəmiyyət verildiyini, onunla maraqlanıldığını hiss edir və özünə inamı artır. Uşaq bu dünyada ona məxsus yeri olduğunu və sevildiyini anlayır”.

"İdman məşğuliyyəti oyunların yerini tutmur”

Həmsöhbətimizin sözlərinə görə, əksər valideynlər xüsusilə həftə sonları uşaqlarını müxtəlif növ idman fəaliyyətlərinə göndərərək onların ağır yükdən xilas olduqlarını düşünürlər. Halbuki, heç bir idman fəaliyyəti oyunun yerini tuta bilməz: "İdmana böyüklər tərəfindən nəzarət edildiyi üçün uşaq müstəqil qərar vermə və öz davranışını sərgiləmə azadlığından məhrum qalır. Oyun, yetkinlərin öyrədə bilməyəcəyi gerçək həyatın qorxulu, cürətkar və utancaq tələblərini öyrənmə yoludur. Oyunlar sayəsində uşaq, digər insanlarla yaşamağı və yaradıcı düşünməyi öyrənir. Bütün bunlar uşağın etibarlı gələcək qurması üçün əhəmiyyətli təməllər sayılır”.

"Uşaqları televiziya və kompüterdən uzaqlaşdırın!”

R.Əhmədova vurğulayıb ki, valideynlər uşaqlarına sərbəst, qurulmamış, yaradıcılıqlarını əks etdirə biləcəkləri oyunlar təşkil etməlidir: "Fiziki fəaliyyətdən, yaradıcılıqdan məhrum kompüter və televiziya yerinə, uşaqların aktiv oyunlar oynaması daha məqbuldur. Çox vaxt valideynlər başları rahat olsun deyə uşaqların kompüter arxasında uzun müddət oturmasına göz yumurlar. Lakin anlamırlar ki, TV və kompüter uşaqların sadəcə zamanını deyil, təxəyyülünü, düşüncəsini və analiz qabiliyyətini də alır. Yəni biz vaxt "qazandığımızı” zənn edirik, əslində isə uşaqlarımızı itiririk”.

"Oyunun tərbiyəvi gücü və elmi əhəmiyyəti bilinmir”

Psixoloq oyunun əhəmiyyətini araşdıran məşhur alimlərdən də sitat gətirib: "XVII əsrin əvvəllərində uşaq psixologiyasının dərinliklərini öyrənən filosof Jan Jak Russo oyunun mühüm və əsaslı əhəmiyyəti haqqında maraqlı fikirlər söyləyib. O, uşaqların öz dünyasını, hərəkət və davranışlarını dərk etməsində, eləcə də təhsil prosesində məqsədyönlü oyunun əhəmiyyətini xüsusi vurğulayıb, oyun terapiyasının əhəmiyyətindən bəhs edib. "Uşaqlığa hörmət göstər, onu yaxşı və ya pis şəkildə mühakiməyə tələsmə” deyən filosof fikirlərini elmi şəkildə əsaslandırıb.
Məşhur alman pedaqoqu Fröbel 1837-ci ildə Almaniyada "Kindergarden” adlı uşaq bağçası yaradıb və burada eksperimentlər apararaq uşaqların həyatında oyunun nə qədər böyük rolu olduğunu sübut edib. O, "İnsanların təhsili” adlı kitabında yazıb ki, hər bir oyunun daxilində şüurlu və şüursuz məqsədlər mövcuddur. Fröbel oyunun məhz psixoloji tərəflərini araşdırıb. Onun nöqteyi-nəzərincə, "uşaqlığın ən yüksək inkişafı oyundur, çünki oyun uşağın ruhunda nələrin baş verdiyinin sərbəst ifadəsidir. XIX əsrdə yaşamış məşhur Amerika sosioloqu David Reismanın da oyun haqqında fikirləri maraq doğurur. O qeyd edir ki, insanların özünü dəyərləndirmə və qiymətləndirməsi oyun oynama texnikası ilə qurulur”.

Psixoloji problemləri olan uşaqlara oyun terapiyası tətbiq edilir

Müsahibimiz diqqətə çatdırıb ki, psixoloqlar oyun terapiyası sayəsində uşağın problemlərini aşkarlayır, emosiyaları üzə çıxarır və uyğun terapiya metodu seçirlər. Oyun terapiyası isə xüsusi oyuncaqlardan istifadə üsulu ilə tətbiq edilir: "Uşaq oyun oynayan zaman rahatlayır və özünü daha sərbəst hiss edir. Məhz bu zaman öz xəyal qırıqlıqlarını görür və onları bərpa etməyə çalışır. Bu da təbii olaraq uşaqda özgüvəni artırır. Problemləri ilə üzləşməyən uşaqlar onları həll edə bilməzlər. Oyun terapiyası uşaqlarda narahatlıq, qorxu, özünə inamsızlıq, utancaqlıq, təcavüzkarlıq, cəmiyyətdə və məktəbdə qeyri-etik hərəkətlər etmək, yuxu, yemək, tualet vərdişləri və s. problemlərin aradan qaldırılması üçün mütəxəssislərin tez-tez istifadə etdiyi üsuldur. Ələlxüsus, fiziki aktivliyi olmayan, depressiya halı yaşayan, dost qazanmaqda çətinlik çəkən, yaşıdları ilə tez-tez dalaşan, özünü müdafiə etməyi bacarmayan, oyun oynamağa həvəs göstərməyən uşaqlar üçün istifadə edilən ən ideal vasitədir”.

"Uşağa oyuncaqdan daha çox, oyun yoldaşı lazımdır”

Psixoloq valideynlərin biganəliyindən, uşaqlara laqeyd yanaşmasından xeyli gileylənib. Onun sözlərinə görə, valideynlərlə söhbət edərkən rastlaşdıqları ən böyük problem uşaqlara vaxt ayrılmamasıdır: "Valideynlərin və birgə oyun vərdişinin uşaqların həyatından tamamilə çıxması böyük təhlükədir. Bəzən uşağı başlı-başına buraxırlar, uşaq özünə oyuncaq axtarır və əlinə keçənlə oynayır. Əlbəttə, bir sıra hallarda uşağın təkbaşına oynaması normaldır, uşaq hər zaman valideynlə oyuna ehtiyac duymur. Lakin uşaqlar üçün valideynləri ilə birgə zaman keçirmək dünyanın ən şirin "oyunudur”. Çünki uşaqların ünsiyyət tələbatı var. Əgər uşaq təkbaşına oynamağa alışırsa, deməli, valideynləri ona biganədir. Əksər valideyn uşağı sadəcə yemək-içmək saatlarında kontrol edir. Digər zamanlarda isə övladlarından xəbərsiz olurlar. Bu zaman azyaşlılar özlərini yalnız, dəyərsiz, ata-ana tərəfindən sevilməyən insan kimi hiss edirlər. Unutmayaq ki, uşaqlara sevgi və diqqət valideynlərin onlarla keçirdikləri dəqiqələrlə ölçülür”.

"Heç olmasa, həftədə bir gün, ya da gün ərzində bir neçə dəqiqə...”

Ekspert diqqətə çatdırıb ki, valideyn öz qayğısını sadəcə yemək və geyindirməklə məhdudlaşdırmalı deyil. Uşağa qayğı onunla daim zaman keçirmək, yalnız buraxmamaq, hər şəraitdə dəstəkləməklə mümkündür. Oyun oynamaq bunun üçün ən yaxşı vasitədir. Biz valideynlərdən soruşanda ki, "siz uşaqlarla neçə saat zaman keçirirsiz”, cavab adətən "çox az” və ya "heç” şəklində olur. Valideynlər iş-gücə, para-pul qazanmağa daha çox zaman ayırırlar, şübhəsiz ki, bu da vacibdir, amma uşağın inkişafında mühüm rol oynayan oyunlara 30 dəqiqəlik də olsa qoşulmaq vacibdir. Heç olmasa, həftədə bir gün, ya da gün ərzində bir neçə dəqiqə uşaqlara vaxt ayırmaq lazımdır. Əlbəttə, oyun deyərkən sadəcə bahalı oyuncaqlar nəzərdə tutulmur. Valideynlər ev şəraitində istənilən formalı oyuncaq hazırlaya bilərlər. Rəngli kağız və qələmlərdən, plastilinlərdən, taxta parçalarından istifadə etməklə maraqlı oyunlar qurmaq mümkündür. Həyət-bacada fiziki aktivliyi yüksək olan oyunlar da məsləhətlidir. Kiçik yaşlı uşaqlarla isə adətən oturaq oyunlar oynanılır, məsələn, sadə pazllardan istifadə edilir. 4-5 yaşlı uşaqlarla obraz tələb edən oyunlar oynamaq daha məqsədəuyğundur. Gördüyünüz kimi, bir çox oyunlar üçün sadəcə vaxt və səbr lazımdır, əlavə heç bir vəsait tələb olunmur.

"Boş şeydir, keçib gedər, biz də uşaq olmuşuq...”

Psixoloqun sözlərinə görə, valideynlərə məsləhət görəndə ki, evdə uşaqlara rəngli karandaş və kağız versinlər, onlar təəccüblə soruşurlar ki, "axı kağız-qələmlə uşaqlar necə inkişaf edəcək?!”. Ekspert bəyan edib ki, əvvəla, uşaq qələm tutmağı öyrənən zaman baş barmağı inkişaf etmiş olur. Baş barmaq isə birbaşa beyinlə əlaqəli orqandır: "Maraqlısı odur ki, baş barmaq nə qədər yaxşı inkişaf edərsə, uşağın təfəkkürü də o qədər sürətli formalaşır. Digər tərəfdən rəngli karandaş və kağızlarla uşaq təxəyyülünü işə salır, daxili aqressiyasını atır. Bu baxımdan uşaqlara sərbəst şəkillər çəkmək üçün şərait yaradılmalıdır. Baxmayaraq ki, internet hər evə girib, bütün məlumatlar, təlimatlar əlimizin altındadır, psixoloji mərkəzlər fəaliyyət göstərir, ancaq buna rəğmən valideynlər nə özləri internetdən öyrənirlər, nə də psixoloqa, pedaqoqa məsləhət edirlər. Azərbaycan cəmiyyətində mütəxəssisə müraciət etmək anlayışı formalaşmayıb. Görünür, ictimaiyyətdə psixoloqlara olan etimadsızlıq yüksəkdir. Valideynlər "mənim uşağım psix deyil, heç bir qüsuru yoxdur, keçib gedər, biz də uşaq olmuşuq” kimi zərərli ifadələrlə həm özlərini aldadır, həm də uşağın gələcəyini puç edirlər”.

Filosof: "Uşaq oyun ilə böyüməlidir”

Müsahibimiz son olaraq bildirib ki, böyüklər uşaqların səviyyəsinə enməlidir, uşaqlardan "böyüklük” gözləmək ədalətsizlikdir: "Nə qədər ağıllı olsa da, uşaq uşaqdır, azyaşlıdır, onun dünyagörüşü, anlayışı böyük insanlar qədər ola bilməz. Valideynlərin isə uşaq olmaq, azyaşlı kimi davranmaq imkanı çoxdur. Əziz valideynlər, oyuna və oyuncaqlara uşaqları məşğul edən sadə bir əyləncə kimi baxmayın! Yunan filosofu Platon deyib ki, "uşaq oyun ilə böyüməlidir”. Filosof böyümə deyərkən sadəcə yaş artmasını yox, hərtərəfli inkişafı nəzərdə tutur. Övladlarınızın hərtərəfli inkişafı üçün oyun və oyuncaqların xüsusi əhəmiyyətini gözardı etməməliyik. Uşaq neçə yaşında, hansı oyunlara cəlb edilməlidir, bunları araşdırmalıyıq. Uşaqlarımız passiv həyat tərzi keçirirsə, yaşıdları, dostları ilə oynamağa meyl göstərmirsə, ünsiyyətdən qaçırsa, daha çox təklikdə oynamaq istəyirsə, mütləq etimad etdiyimiz mütəxəssislərə müraciət etməliyik. Unutmayaq ki, yaxşı və pis olan hər şeyin təməli uşaqlıqdan qoyulur. Bünövrəsi zəif olan binadan zəlzələyə tab gətirməsini gözləmək isə əbəsdir”.

İsmayıl Qocayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19