2017-07-04 23:50:49   |   225 dəfə oxunub

Partiyalar seçkilərə qatılacaqmı?

Samir Əsədli: “Vaxtı çatanda partiya rəsmi mövqeyini açıqlayacaq”

Vasif Əfəndiyev: “Vəhdət Partiyası İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bəyan edib”



Niyaməddin Orduxanlı: "Bütün bunlar növbəti qurultayımızda müəyyən ediləcək”

Elman Fəttah: "Hələ seçkilərə çox var”

2018-ci il oktyabrın 17-sində Prezident postuna səkkizinci seçki keçiriləcək. Adətən seçki qurtarandan qısa müddət sonra növbəti marafonlara hazırlıq işləri görülür. Yəni bütün siyasi partiyalar hədəflərini seçir, namizədini müəyyənləşdirir, seçkidə hansı yolu izləyəcəyini dəqiqləşdirməyə çalışır. Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Bizdə seçkiyə 4-5 ay qalana kimi əksər siyasi təşkilatlar demək olar ki, "tərpənmir”.

Hələlik sadəcə Vətəndaş və İnkişaf Partiyası iclas keçirərək sədr Əli Əliyevin namizədliyi haqqında qərar qəbul edib. Digər partiyalarda seçki hazırlığının nə durumda olduğunu öyrənmək üçün bir sıra təşkilat nümayəndələri ilə əlaqə saxladıq. Əksər partiya funksioneri prezident seçkisi ilə bağlı müzakirələrə başlamağın tez olduğu qənaətindədir.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli "Şərq”ə açıqlamasında bildirdi ki, hər bir partiyanın öz namizədi ilə seçkilərə qatılmaq haqqı var. Onun sözlərinə görə, siyasi partiyanın seçkilərə hazırlaşmaq, seçkiləri dəyərləndirmək və namizədini irəli sürmək gündəlik fəaliyyətlərindən biridir: 

"Bizim partiyada bütün seçkilərlə bağlı müzakirələr, dəyərləndirmələr aparılır. Həm Siyasi Şura, həm də Seçki Qərargahı zəruri məsələlərlə bağlı müzakirələri davam etdirir. Ancaq VHP-nin indidən 2018-ci ildə keçiriləcək prezident seçkisinə namizəd irəli sürməsi tezdir. Biz hələlik dəyərləndirmələrimizi aparırıq. Vaxtı çatanda partiya rəsmi mövqeyini açıqlayacaq”.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev isə bəyan edib ki, 2018-ci il prezident seçkiləri ili olduğu üçün bəzi siyasi partiyalar arasında canlanma müşahidə edilməkdədir: 

"VİP sədri Əli Əliyev ilkin olaraq, öz namizədliyini irəli sürsə də, bu qərarın şərti olduğunu gizlətməyib. Burada məqsəd ilk növbədə verilən qərarın cəmiyyətdə və siyasi dairələrdə necə qarşılanacağını müəyyən etməkdir. Əli Əliyevin sonda namizəd olaraq seçkilərdə iştirak etməsini mümkün görürəm. Lakin hər hansı bir uğur və ya ciddi rəqabət aparacağını sanmıram. Çünki hazırkı şəraitdə heç bir siyasi qüvvənin seçki yolu ilə uğur qazanacağı mümkün görünmür. Bəzi partiyaların indidən seçki hazırlığına başlamaq istəməməsi özlərinə inamsızlığın nəticəsidir. Seçkilərə erkən zamandan başlamaq üçün sosial baza və güclü maliyyə mənbələri olmalıdır. Bunlar isə YAP-dan başqa heç bir siyasi partiyada yoxdur”. 

Sədr müavini deyib ki, Vəhdət Partiyası keçən ilin iyun ayında keçirilən qurultayında prezident seçkisində iştirakı ilə bağlı mövqeyini rəsmi olaraq bəyan edib:

"Partiya mövcud siyasi durumu, mənsub olduğu sosial bazanın aktivlik dərəcəsini və maliyyə imkanlarını nəzərə alaraq, növbəti seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bəyan edib. Partiya seçki prosesinə hazırlıq mərhələsinə başlamasa da, ümumilikdə seçki komissiyalarında təmsil olunan nümayəndələri və gələcəkdə müşahidəçi qismində iştirak edəcək partiya fəalları ilə sistematik əlaqələr qurur. Onların seçki prosesini izləməsini və komissiyaların tərkibində çalışan nümayəndələrimizin fəal iştirakını təmin etmələri üçün maarifləndirmə işləri aparılır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da vurğulayıb ki, siyasi partiyaların başlıca məqsədi seçkilərdə iştirak etməkdir: 

"Bir ildən sonra növbəti prezident seçkisi keçiriləcək. İndidən bəzi partiyaların seçki hazırlığına start verməsi normal haldır. Namizədlərini müəyyən etmələri o deməkdir ki, onlar seçkiyə kimlərlə qatılacaqlarının mesajını verirlər. Başqa partiyaların öz namizədlərini elan etməməsi isə təşkilatların daxili qərarı ilə bağlıdır. 2018-ci il prezident seçkilərində BAXCP-nin iştirak edib-etməməsi məsələsi İdarə Heyətində müzakirə olunub. 2018-ci ildə partiyanın 4-cü qurultayı keçiriləcək və həmin qurultayda namizədimizi elan edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, BAXCP prezident seçkilərində iştirak etmək niyyətindədir. Hətta ola bilər ki, başqa bir namizədi dəstəkləyərək seçkiyə qatılaq. Bütün bunlar növbəti qurultayımızda müəyyən ediləcək”.

Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə suala qısaca cavab verib: "Hələ seçkilərə çox var. Heç seçki ab-havası da yoxdur”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-08-19
2017-08-18