2017-07-14 00:49:13   |   93 dəfə oxunub

Strategiya odur ki...

Trampın hakimiyyət müddəti başa çatmamış onu devirsinlər

Demokratlar və media orqanları bu məqsədlə kampaniyanı yürüdürlər



ABŞ Konqresinin Kaliforniya ştatından olan demokrat üzvü Bred Şerman Prezident Donald Trampın impiçmentini tələb edən qanun layihəsini təqdim edib. Qanun layihəsində dövlət başçısının Rusiyanın prezident seçkilərinə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyi iddia olunub.

Qeyd edilib ki, Tramp seçki kampaniyası zamanı Rusiya ilə gizli müqavilə bağladığı barədə iddiaların araşdırıldığı bir vaxtda Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini işdən çıxarmaqla istintaqa mane olub və böyük cinayət törədib. Konqresdən keçməsi ehtimalı az olsa da, qanun layihəsi Trampın impiçmenti tələbi ilə hazırlanan ilk rəsmi sənəd kimi qeydə alınıb. Konqresdəki demokratlar qanun layihəsini sakit qarşılayıblar. Ağ Evin reaksiyası isə çox sərt olub. Səsverməyə çıxarılacağı halda respublikaçıların sənədə qarşı səs verəcəyi gözlənilir.

İmpiçment məsələsi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Elxan Mehdiyev deyib ki, Senata təqdim olunan layihə Trampa qarşı aparılan ümumi mübarizənin tərkib hissəsidir. Ekspertin sözlərinə görə, Trampa qarşı kampaniya müəyyən media orqanlarının əli ilə aparılır: 

"Təbii ki, bu prosesdə demokratların da "xidməti” böyükdür. Seçkidə məğlub olan Demokratlar Partiyası hər vəchlə Trampı "işləməyə” qoymurlar. Hər gün Trampın addımları qaralanır və ləkələnir. Onun bacarıqsız bir Prezident olması, dövlətin milli maraqlarına zidd hərəkət etməsi, xarici dövlətlərlə sövdələşməyə getməsi, seçkilərdə Rusiyadan dəstək alması kimi iddialarla imicinə zərbə vurmağa çalışırlar. Məqsəd isə prezidenti nüfuzdan salmaq və mühüm qərarların qəbuluna imkan verməməkdir”.
Politoloq bildirib ki, demokratlar 2 ildən sonra Konqresə keçirilən seçkilərdə üstünlük qazanarsa, impiçmentə gedə bilərlər: "Strategiya odur ki, Trampın hakimiyyət müddəti başa çatmamış onu devirsinlər. Demokratlar və media orqanları bu məqsədlə kampaniyanı yürüdürlər. Sonuncu hadisə də ümumi prosesin tərkib hissəsidir”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-07-28
2017-07-27