2017-07-14 00:53:01   |   175 dəfə oxunub

Əsas odur Minsk Qrupu öz missiyasını yerinə yetirsin

Avropa İttifaqı nümayəndəsinin açıqlamasının Qarabağ prosesinə təsiri yoxdur



"Dağlıq Qarabağ münaqişəsi çox təhlükəlidir və Ermənistanla Azərbaycanın inkişafına maneə törədir”. Bunu Avropa İttifaqının "Şərq tərəfdaşlığı” məsələləri üzrə departamentinin rəhbəri Dirk Şubel deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nəticələri təsirli olmasa da, qrupun mövcudluğu eskalasiyanın qarşısını alıb.

Bu da öz-özlüyündə bir nailiyyətdir: "Bununla belə, son hadisələrə nəzər salanda anlayırıq ki, bu, kifayət etmir”. Avropa Parlamentinin digər üzvləri də cəbhə xəttindəki son gərginliklə bağlı narahatlıqlarını bildiriblər.

 Şubelin sözləri ilə bağlı "Şərq”ə açıqlama verən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, 25 il ərzində o qədər bəyanatlar, açıqlamalar olub ki, ekspertlər ancaq deyilən fikirləri şərh etməklə məşğul olublar. Lakin bizim üçün əsas məsələ torpaqların işğaldan azad edilməsidir: 

"Özünü "peşəkar” sayan avropalı siyasətçilər elə zənn edirlər ki, münaqişə ilə bağlı söylədikləri ifadələrin hamısı obyektiv və ədalətlidir. Halbuki, heç də belə deyil. Minsk Qrupunun prosesə müəyyən mənada təsir etdiyini istisna etmirik. Çünki həmsədrlər üç aparıcı dövlətdən seçiliblər. Dünyada baş verən bütün hadisələri, problemləri həmin üç ölkə həll edir. Bu səbəbdən vasitəçi dövlətlərdən gözləntimiz böyükdür”.

Professor bildirib ki, Avropa İttifaqı nümayəndəsinin bəyanatı nə xeyrimizədir, nə də maraqlarımıza ziddir: "Belə açıqlamaların prosesə təsiri yoxdur. Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti beynəlxalq normalar çərçivəsində həll olunmalıdır. Bunun üçün qətnamələr və qərarlar ortadadır, bundan artıq nə olmalıdır ki, Minsk Qrupu öz missiyasını yerinə yetirsin və Ermənistana güclü təzyiq göstərsin. Beynəlxalq aləmdən əlavə tələbimiz yoxdur, sadəcə mövcud qətnamələrin icra edilməsini istəyirik. Bunun üçün də düşmən Ermənistanı sülhə məcbur etmək lazımdır. Lakin Minsk Qrupu tamamilə iş görmür düşüncəsi də doğru deyil. Həmsədrlərdən çox şey asılıdır, ancaq asılı olan missiyalarını yerinə yetirmirlər”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21