2017-07-15 12:37:13   |   461 dəfə oxunub

“Ermənistan Alxanlı təxribatı ilə bir neçə məqsəd güdürdü”

Musa Qasımlı: “Nazirlərin görüşünü pozmaq, təmas xəttində yaşayan əhalinin gözünü qorxutmaq, Cocuq Mərcanlıya dönənləri təşvişdə saxlamaq hədəf idi”

“Azərbaycan işğalçı qoşunların canlı qüvvəsini və texnikasını məhv etməklə kiçik Zəhranın və nənəsinin qisasını aldı, erməni diplomatiyasının xəyallarını puça çıxartdı”


Erməni quldurlarının Füzulinin Alxanlı kəndində dinc sakinləri hədəf alması, azyaşlı körpəni və onun nənəsini qətlə yetirməsi uzun müddət dünya mediasının diqqətində oldu. Bu gün də əksər media orqanları və beynəlxalq telekanallar baş verən vandalizm aktı ilə bağlı xəbər və reportajlar təqdim etməkdə davam edirlər. Ekspertlərin fikrincə, Ermənistan 1992-ci ildə törətdiyi Xocalı soyqırımından sonra ən ciddi beynəlxalq reaksiya ilə üzləşdi.

Bu olay işğalçı ölkənin beynəlxalq aləmdəki olmayan nüfuzuna daha ciddi zərbə vurdu. Ermənilərin özləri də bunu etiraf etdilər və danışıqlar prosesinə qayıtmağa məcbur oldular. Lakin buna rəğmən düşmən cəbhə xəttində təxribat törətməkdən əl çəkməyib. 

Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, tarixçi-alim Musa Qasımlı bir sıra məqamlara aydınlıq gətirib...

- Alxanlıda baş verən hadisəni bütün imkanlarımızla dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışdıq. Sizcə, buna nail ola bildikmi?

- Məncə, nail olduq. Təcavüzkar Ermənistan ordusu tərəfindən Azərbaycanın işğal edilmiş Füzuli rayonunun Alxanlı kəndində mülki insanların qətlə yetirilməsi hərbi cinayət idi. Özü də bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət. Lakin biz millət və dövlət olaraq Ermənistanın vəhşiliyini dünya ictimaiyyətinə çatdıra, geniş müzakirəsinə səbəb ola bildik. KİV-lərimiz bacarıqla işlədilər. Bununla da erməni yalanları ayaq tuta bilmədi.

- Müxtəlif ölkələr 2 yaşlı Zəhranın ölümünə reaksiya verdi, lakin həmsədr Rusiya quru bəyanatdan o tərəfə keçmədi. Moskvanın bu cür qərəzli mövqeyini necə dəyərləndirirsiz?

- Ermənistan Rusiyanın bir vilayəti halındandır. Bu ölkənin heç bir zaman təkbaşına, xarici yardımlar olmadan Azərbaycan ərazilərini işğal etməyə gücü çatmazdı, hətta buna cürət də edə bilməzdi. Bu mənada Moskvanın sərt reaksiya verməməsi çoxlu suallar doğurur. Məsələn, ermənilərə dinc əhaliyə atəş açmaları və mülki şəxsləri qətlə yetirmələri üçün başqa bir yerdən işarə verilibmi? Əgər verilibsə, hansı məqsədlər üçün edilib? Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiyanın bu cür davranışının mənası nədir? Bunlar tərəfkeşliyi göstərir.

- Alxanlı hadisəsindən sonra müharibə ritorikası yüksəldi, lakin bir sıra ekspertlər hesab edirlər ki, ermənilərin məqsədi bu cür təxribatlarla Azərbaycanı savaşa çəkməkdir? Savaş çağırışlarını necə şərh edərdiz?

- Fikrimcə, Ermənistan bu təxribatı törətməklə bir neçə məqsəd güdürdü. Birinci məqsəd Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin keçirilməsi nəzərdə tutulan görüşünü pozmaq idi. İkinci məqsəd işğalçı qoşunlarla təmas xəttində yaşayan əhalinin gözünü qorxutmaq idi. Üçüncüsü isə Cocuq Mərcanlı kəndinin bərpasından sonra doğma yurd-yuvalarına dönən insanlarda təşviş hissləri yaratmaq məqsədi daşıyırdı. Həmçinin, erməni tərəfi təkcə işğal edilmiş Dağlıq Qarabağ regionundan deyil, bütün Ermənistandan qaçıb gedən əhalinin əhval-ruhiyyəsini dəyişdirməyə cəhd edirdi. Nəhayət, Sarkisyanın laxlamış idarəçiliyini möhkəmləndirmək niyyəti güdürdülər. Ermənistan rəhbərliyi hesab edirdi ki, Azərbaycan bu hadisədən istifadə edərək danışıqlardan imtina edəcək. Lakin belə olmadı. Azərbaycan işğalçı qoşunların canlı qüvvəsini və texnikasını məhv etməklə kiçik Zəhranın və nənəsinin qisasını aldı, erməni diplomatiyasının xəyallarını puça çıxartdı və İrəvanı danışıqlar masası arxasında oturtmağa məcbur etdi. Azərbaycan bununla göstərdi ki, işğalçı ölkənin istənilən əməlinə üstün cavab vermək və düşməni hər an məhv etmək qüdrətindədir.

- Aprel savaşı ilə bağlı danışan müdafiə naziri Zakir Həsənov "Sergey Şoyqunun ona zəng edərək, bu işi dayandırmasını xahiş etdiyini” söyləyib. Sizcə, məsələnin açıq formada dilə gətirilməsində məqsəd nədir? Nazir kimlərə mesaj verirdi?

- Nazirin sözləri mövcud reallığı əks etdirir. Eyni zamanda bir daha göstərir ki, Rusiya Azərbaycanın qısa müddətdə məsələni hərbi yolla uğurla həll edə biləcəyini anlayır. Əslində Şoyqunun zəngi "Ermənistanı məhv etməyin”, "biz varıq” xahişi anlamına gəlirdi. Bu onu göstərir ki, Ermənistan Rusiyadan tam asılı vəziyyətdədir. Məlumdur ki, İrəvanın Moskvadan çoxsaylı müraciətlərindən sonra Rusiya rəhbərliyi Azərbaycandan xahişlər edib. Əgər Rusiyanın xahişləri olmasaydı, Azərbaycan ordusu qısa müddətdə məsələni uğurla həll edərdi.

- Son günlər ciddi tənqid olunan Minsk Qrupunun münaqişəni dinc yolla həll etmək imkanı varmı? Ümumiyyətlə, həmsədrlərin fəaliyyətinə ehtiyac görürsüzmü?

- Minsk Qrupu həmsədrlərinin bu məsələni dinc yolla həll etmək imkanları var və bu imkan tükənməyib. Bundan ötrü BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilməlidir. İşğalçı qoşunlar tamamilə və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və digər rayonlarından çıxmalıdır. İşğal faktı tamamilə aradan qaldırılmalıdır. Bundan sonra problemi həll etmək elə də çətin olmaz. Hesab edirəm ki, Minsk Qrupunun fəaliyyəti yarıtmazdır. Onlar mandatlarına bilavasitə aid olan məsələlərin həllinə girişməli, ikinci-üçüncü dərəcəli, texniki məsələlərlə məşğul olmamalıdırlar. Başa düşməlidirlər ki, Azərbaycan dövləti ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getməyəcək.

İsmayıl







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21