2017-07-15 13:25:39   |   1224 dəfə oxunub

“Aşıq Ələsgərə “xəyanət” etdiyimi iddia edirlər”

Nazir Əhmədli: “Sosial şəbəkələrdə başlayıblar təhqirlərə, söyüş söyürlər, ağıllarına gələni yazırlar”

“Başa salmağa çalışıram ki, bunlar tarixi sənədlərdir. Əsrlər keçdikdən sonra hansısa həqiqətin üzə çıxması tarixi səhvi əksinə, düzəldir”


Azərbaycan Atatürk mərkəzinin şöbə müdiri, 1990-cı illərin ortalarında ölkənin populyar nəşrlərindən biri - "Millət” qəzetinin baş redaktoru olmuş Nazir Əhmədli, nə qədər qəribə görünsə də, məhz həmyerlilərinin - əslən Qərbi azərbaycanlı bir neçə ziyalının təzyiqləri ilə üzləşib. Təzyiqin məğzi isə demə, heç də əsaslı deyilmiş.

Nazir Əhmədli 19-cu əsrdə yaşamış Azərbaycanın görkəmli söz ustadları Aşıq Ələsgər, Aşıq Alı, Ağ Aşıq, Aşıq Söyün Şəmkirli, Şair Məmmədhüseyn, Göyçəli Aşıq Musa və daha bir neçə el aşıqları ilə bağlı tədqiqat aparıb, arxiv sənədlərini araşdırıb. Araşdırmalar nəticəsində, həmçinin arxiv sənədləri əsasında məlum olub ki, yuxarıda adları çəkilən söz ustadlarının doğum tarixləri indiyədək təqdim edilən kimi deyilmiş, bəzi haqq aşıqlarının təvəllüd tarixi səhv imiş. Tarixi faktlar N.Əhmədlinin "Haqq-nahaq seçilər Haqq divanında” kitabında qeyd edilir.

- Nazir müəllim, sizə qarşı hücumlar hardan, nədən qaynaqlanır?

- Mən tarixi sənədləri, arxiv materiallarını araşdırmışam, "Haqq-nahaq seçilər Haqq divanında” kitabımda da həmin mənbələri dəqiq göstərmişəm. Azərbaycanlıların əzəli yurd yerləri - indi Qərbi Azərbaycan dediyimiz İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra bir neçə dəfə əhalinin, müasir dillə desək, siyahıyalınması aparılıb. 1831, 1842, 1852, 1859, 1873, 1884-cü illərdə. Bunun adı "kameral təsvir” kimi verilir. "Kameral təsvir”də həm əhalinin kimliyi, sayı, yerli əhalinin yaş göstəriciləri, mahalın təsviri, bir növ inventarizasiya tipli, həmçinin hansı mahalda nəyə ehtiyac var, hansı işlər görülə bilər. Aşıq Ələsgərin adına ilk dəfə 1859-cu il siyahısında rast gəlinir. Və onun 7 yaşında olduğu göstərilir. Bu da çox mühüm bir faktı ortaya çıxarır ki, deməli, Aşıq Ələsgər təvəllüd tarixi indiyədək bildiyimiz kimi 1821-ci ildə deyil, 1852-ci ildə dünyaya gəlib. 105 il deyil, 75 il ömür sürüb. Ələsgər Alməmmədin böyük oğlu olmayıb. Böyük oğlu Ələsgərdən 3 yaş böyük Məhəmməd imiş. 
Ələsgər 41 yaşında deyil, 25 yaşında evlənib. Ələsgərin sevdiyi Səhnəbanının əsil adı Səkinəbanudur və sairə. Həmçinin arxiv sənədləri əsasında Aşıq Alı, Ağ Aşıq, Aşıq Söyün Şəmkirli haqqında da indiyədək gizli qalmış faktlar üzə çıxıb. Bu tarixi faktları Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu da təsdiq edir. Folklor İnstitutunun direktoru Muxtar İmanov kitabı bəyənib və elmi araşdırma adlandırıb. Kitabın elmi redaktoru akademik Nizami Cəfərovdur. Folklor İnstitutunun əməkdaşı Əli Şamil kitaba rəy verib. Elm xadimləri, ədəbiyyat biliciləri faktlarla razılaşdıqları, yeni tədqiqat işini qəbul etdikləri halda bir neçə nəfər guya mənim Aşıq Ələsgərə "xəyanət” etdiyimi iddia edir.

- Bu şəxslər kimlərdir və niyə sizin tarixi faktları üzə çıxardığınızı qəbul etmək istəmirlər?

- İyunun 28-də qərbi azərbaycanlı bir neçə ziyalı - Mürvət Yusifov, Niftalı Göyçəli, Eldar İsmayıl... bir kafedə əyləşib, nəşr etdirdiyim kitab haqqında danışıblar, öz fikirlərincə, bu qərara gəliblər ki, mən Aşıq Ələsgərin doğum tarixini səhv çıxarmaqla Azərbaycan ədəbiyyatına xəyanət etmişəm. Sosial şəbəkələrdə başlayıblar təhqirlərə, söyüş söyürlər, ağıllarına gələni yazırlar. Hətta belə sərsəm iddiada da bulunurlar ki, "sən Göyçəli deyilsən, Aşıq Ələsgərdən danışmağa ixtiyarın yoxdu (Nazir Əhmədli Dərələyəz mahalının Cabud kəndində anadan olub -red), guya ki, Aşıq Ələsgəri bunlar "özəlləşdirib”. Bilirsiz, ziyalı adına yaraşmayan sözlər işlədirlər. Başa salmağa çalışıram ki, bunlar tarixi sənədlərdir. Əsrlər keçdikdən sonra hansısa həqiqətin üzə çıxması tarixi səhvi əksinə, düzəldir. Aşıq Ələsgəri tutduğu zirvədən bir kimsə endirmək gücündə deyil. 

Çünki Aşıq Ələsgərə o zirvəni Allah özü nəsib edib. Aşıq Ələsgər Haqq aşığı olub. Və heç də deyildiyi kimi, savadsız olmayıb, əksinə, dərin savada, biliyə sahibmiş. "Qurani-Kərim”i də mükəmməl bilirmiş. Mən də kitabımda bunları yazmışam, Aşıq Ələsgəri "Zirvə” adlandırmışam. Hansısa tarixi faktı ortaya çıxarmağım niyə Aşıq Ələsgərə "xəyanət” olsun ki!. 

Düşünürəm ki, bəlkə də bəzilərini narahat edən Aşıq Ələsgərin yubiley tədbiri ilə bağlıdır. Narahat olurlar ki, əgər təvəllüd tarixi dəyişirsə, bəs yubiley tədbirləri necə olacaq? Amma, məncə, yubiley tədbirlərinin vaxtına görə, biz tarixi həqiqətlərdən imtina etməməliyik. Aşıq Ələsgərin 1821-ci ildə yox, 1852-ci ildə doğulması, 105 yox, 75 il ömür sürməsi dayandığı ucalığa heç bir xələl gətirmir, gətirə də bilməz. Bir neçə nəfərin qaragüruhçuluğu da tamamilə yersizdir.

Məlahət Rzayeva








SON XƏBƏRLƏR

2017-11-18
2017-11-17