2017-07-15 23:46:09   |   401 dəfə oxunub

Bir-birinə bənzəyən xəbərlər...

Problem daha çox internet medianın sürətlə meydana gəlməsindən sonra müşahidə olunmağa başlayıb

Saytlar sürətli formada oxucuya çıxmalı olduğundan istənilən formalara baş vururlar



(əvvəli ötən sayda)

Müasir mətbuatın müxtəlif problemləri var. Təəccüblü olsa da, media ilə bağlı mövcud problemlərin bir çoxunun ortaya çıxmasında modern dövrün texniki vasitələrinin, internetin inkişafının və onlayn medianın geniş yayılmasının mühüm "xidmətləri” var. Məlumdur ki, Azərbaycanda əksər media orqanlarında, sayt və qəzetlərdə mövzular, xəbərlər, informasiyalar təkrar, biri-birinə bənzər, hətta nöqtə-vergülünə kimi tamamilə eyni formada verilir. Media aləmində bir qədər müşahidə aparanlar bu reallığı aydın şəkildə görə bilərlər. Vurğuladığımız məsələ illər əvvəl başlasa da, son dövrlər daha geniş vüsət almağa başlayıb.

Xüsusən, müxtəlif səpkili tədbirlərdə, mətbuat konfranslarında, Milli Məclisin iclaslarında baş verən çoxlu proseslər, yaşanan maraqlı hadisələr demək olar ki, bütün saytlarda eyni tərzdə yayılır. Yəni xəbər bir portal tərəfindən hazırlanır və digər saytlara ötürülür. Ya da istinadla və ya istinadsız başqa informasiya agentlikləri tərəfindən tirajlanır. Ola bilsin, bu proses jurnalistikada "xəbər paylaşımı” və ya medianın "həmrəyliyi” kimi qəbul edilir, hətta bəzi hallarda normal sayılır. Ancaq ekspertlərin fikrincə, bu tendensiya heç də doğru deyil. Onların fikrincə, bir çox tədbirdə onlarla media qurumları iştirak edirsə, deməli, yayılan xəbərlərin qələmə alınmasında ən azından müəyyən fərqlər olmalıdır. Həmçinin, saytların əksəriyyəti sadəcə bir-iki elektron portaldan material gözləməməlidir. Çünki informasiya müxtəlifliyi və fərqliliyi oxucunu cəlb edən əsas şərtlərdəndir. Hesab edilir ki, xəbərin sayt və qəzetlərdə nəinki oxşar, hətta tamamilə eyni cür yayılmasını operativliklə bağlamaq yanlışdır. Ümumiyyətlə, jurnalist hazırladığı yazının içində də görünməli, sadəcə altına imza ataraq işini bitmiş saymamalıdır.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bildirən "Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyev deyib ki, oxşar xəbərlər və ya tədbirlərin təxminən eyni formada təqdimatı daha çox internet medianın sürətlə meydana gəlməsindən sonra müşahidə olunmağa başlayıb: 

"Adətən xəbər saytları tədbirlərdən hazırladıqları informasiyaların daha çox qısa və konkret olmasına çalışırlar. Həmin xəbərlərdə hadisənin və yaxud tədbirin yığcam xülasəsi verilir. Oxucu da elə düşünür ki, bütün bu xəbərlər eyni mərkəzdən ötürülür. Əslində elə deyil, hər bir saytın məxsusi xəbər təqdimatı var. Deyək ki, Milli Məclisin iclaslarında deputatların cari məsələ və yaxud da hər hansı bir qanun layihəsi ilə bağlı 3-5 dəqiqəlik çıxışları olur. Parlamentdə təmsil olunan jurnalistlər həmin o 3-5 dəqiqəlik çıxışı eyni yazmaq məcburiyyətindədirlər. Operativlik və informasiyanın hazırlanmasına qoyulan tələblər eyni olduğu üçün xəbər saytının əməkdaşı həmin çıxışlara əlavə şərh verə bilməz. Amma daha peşəkar jurnalist qeyd kimi deputatın münasibət bildirdiyi qanun layihəsi ilə bağlı əlavə xatırlatma verə bilər. Təəssüf ki, belə hallara çox az-az rast gəlirik”. 

Baş redaktorun fikrincə, parlamentdə çıxış edən deputatın fikirlərinə əlavə şərh vermək daha çox qəzetlərin işidir:

"Onlar saytlardan fərqli olaraq Milli Məclisin iclaslarından irihəcmli reportajlar hazırlaya bilərlər. Gündəlik qəzetlərimizin bir çoxu elə belə də edirlər. Amma bəzi qəzetlər var ki, xəbər saytlarının parlamentdən hazırladıqları informasiyaları ardıcıllıqla düzərək material hazırlayırlar. Belə olan halda əlbəttə ki, qeyd edilən problemlər ortaya çıxır. Yaxud da internet saytları digər informasiya agentliklərinin xəbərlərini olduğu kimi yerləşdirərək vəziyyətdən belə çıxmağa çalışırlar. Burada üçüncü məqam "jurnalist həmrəyliyi”dir. Hansı ki, bu həmrəylik bütün dövrlərdə olub. Hər hansı bir tədbirə müxtəlif səbəblərdən gedib çıxa bilməyən jurnalistlər digər həmkarlarının yazılarından, videolarından istifadə edirlər. Bəziləri bunu elə edir ki, nəinki saytın oxucusu, heç redaktoru da hiss etmir. Təbii ki, bunu qeyri-peşəkar edəndə ciddi problemlər ortaya çıxır. Düşünürəm ki, jurnalist yazdığı hər hansı bir xəbərin, araşdırmanın altına imza qoyursa, ürəyini də qoymalıdır. Amma xəbərə, araşdırmaya yüksək qiymətin verilmədiyi bir zamanda bunu çox az-az jurnalistlər edə bilir”.

"Azpolitika.az” saytının baş redaktoru Elnur Məhərrəmli isə bəyan edib ki, internet medianın ön plana keçməsindən sonra mətbuatda operativliyin əhəmiyyəti artıq saatlarla, günlərlə deyil, dəqiqələr və bəzən saniyələrlə ölçülməyə başlayıb: 

"Belə gərgin mühitdə isə fərqli, özünəməxsus təqdimat məsələsi arxa plana keçir. Çünki fiziki cəhətdən bunu çatdırmaq mümkün olmur. Əksər KİV-lər baş vermiş hadisənin qısa özətini yaymaq məcburiyyətində qaldıqlarından xəbər, yazı və reportajların məzmunu, texniki quruluşu biri-birini təkrarlamış kimi görünür. Yəni hazırda operativ xəbərçilikdə fərqli bir üslub, özünəməxsusluq ortaya qoymaq çətindir. Lakin bu təkcə Azərbaycan mediasının problemi deyil, onlayn medianın əsas xəbər mənbəyi kimi qəbul olunduğu hər yerdə belədir. Jurnalistin yazdığı yazıda görünməsi məsələsinə gəlincə, əlbəttə, bir çox janrlarda müəllifin kimliyi oxucuda maraq yaradır. Məsələn, müəllif yazılarında, araşdırmalarda, təhlil və analizlərdə, müsahibələrdə jurnalistin kimliyi ön plana çıxmalıdır. Bu janrlarda jurnalist görünməyəndə yazı kəsərini itirir”.

"Report.az” saytının baş redaktoru Murad Əliyev də deyib ki, jurnalistlərin işlədiyi gündəlik yazılar mövzu baxımından biri-birini təkrarlaya bilər. Çünki cəmiyyətdə bir çox problemlər var ki, onları dəfərlərlə müxtəlif redaksiyalarda işıqlandırıblar: 

"Bu, təbiidir. Lakin hər bir jurnalist öz hazırladığı mövzunu unikal etməlidir. Artıq həmin problemlə bağlı danışmış ekspertləri yox, digər şəxslərdən müsahibələr almalıdır. Bir mövzu bu formada müxtəlif jurnalistlər tərəfindən işlənilsə, həmin sosial problemin mahiyyəti daha çılpaq şəkildə görünmüş olar və həlli üçün daha çox əsas gətirilər. Digər məsələ tədbirdən xəbərlərin ötürülməsidir. Şübhəsiz ki, Azərbaycanda onlayn medianın kifayət qədər inkişaf etdiyi bugünkü durumda KİV-lər arasında xəbər birinciliyi uğrunda sağlam mübarizə gedir. Artıq istər Milli Məclis iclasları, istərsə də cəmiyyət üçün digər önəmli tədbirlərdə bir neçə agentlik jurnalistlərinin rəqabət apardığını görürük. Təbii ki, burada "həmrəylik” göstərərək eyni informasiyanı eyni vaxtda redaksiyaya göndərilməsi faktı yer alır. Lakin nəzərə alaq ki, hər agentliyin öz oxucu kütləsi, öz dəsti-xətti var”.

M.Əliyevin sözlərinə görə, "Report” agentliyində müxbirlərə qəti şəkildə eyni xəbəri göndərməməyi tapşırıb: 

"Yəni hər jurnalist özü seçim etməlidir ki, hansı məsələ daha aktualdır və bizim redaksiyanın xəbər yazma ənənəsinə uyğun hazırlamalıdır. Nəzərə almaq lazımdır ki, hər bir informasiya agentliyinin başlıca məqsədlərindən biri digər xəbər portallarını, qəzetləri xəbərlə təmin etməkdir. Həmin saytlar da istinadla həmin xəbərləri dərc edirlər. Eyni mətnli xəbər 2-3 informasiya agentliyində eyni vaxtda çıxanda isə digər mətbuat orqanları bunun ümumi göndərilmiş mətn olduğunu əsas gətirərək istinad etməyi özlərinə borc bilmirlər. Jurnalistin imzası məsələsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də "Report.az” saytında hər bir jurnalistin fotosu, öz adına bağlı olan profili və həmin linkdən müəllifin bütün xəbərlərini oxumaq imkanı yaradılıb. Bildiyim qədər Azərbaycanda informasiya agentlikləri praktikasında bu ilkdir”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib ki, bu məsələ hazırda tək Azərbaycanda deyil, bütövlükdə dünya mediasında müşahidə olunur: 

"Hesab edirəm ki, bunun səbəbi medianın təsir gücünün artmasında, rəqabət mühitinin genişlənməsindədir. Media orqanları daha çox özəl xəbərlərin əldə olunmasına üstünlük verir. Hamının iştirak etdiyi toplantılardan xüsusi reportajların hazırlanmasına indi elə də diqqət yetirilmir. Media rəhbərləri hesab edirlər ki, jurnalist hansısa tədbirdən xüsusi yazı hazırlamağa vaxt sərf edincə, bu vaxtı özəl bir yazının hazırlanmasına istifadə edə bilər. Bundan başqa, hazırda tədbirlərlə bağlı təşkilatçı qurumların foto və press-relizlər yayması redaksiyaların işini yüngülləşdirib. Digər bir məsələ də var. İndiki informasiya bolluğunda oxucu tədbirlərdən hazırlanmış reportajları oxumağa elə də meyilli deyil. Redaksiyalar da bunu nəzərə alır”.

"Faktor.az” saytının baş redaktoru Əziz Əlibəyli vurğulayıb ki, hazırkı media quruluşlarının əsas fəaliyyət prinsipi operativliyə söykənir: 

"Amma bu barədə fikir yürütməmişdən qabaq, onlayn mediada agentlik və xəbər portallarını fərqləndirmək vacibdir. Gündəmə gətirilən məsələlər agentlikdə o qədər də problem kimi nəzərə çarpmır. Onlar daha rahat və əksər hallarda xəbərçilik prinsiplərini qoruya bilirlər. Burada ilkin mənbə, özəl xəbərlər və oturuşmuş struktur mühüm rol oynamaqdadır. Üstəgəl, kadr seçimləri də alternativlidir, maliyyə dayanıqlığı yüksəkdir. Belə bir mühitdə agentliklərin xəbər siyasətində problem yarana bilməz. Amma saytlar ani xəbər stilində fəaliyyət göstərdiklərindən, sürətli formada oxucuya çıxmalı olduqlarından istənilən formalara baş vururlar. Bizim mediada isə bu çox qabarıq hal alıb. Belə bir halda müxbirdən xüsusi yaradıcılıq gözləmək doğru deyil. Hətta iş o yerə çatıb ki, müxbirlik ixtisas kimi öz yerini SMM-lərə verməkdədir. Digər saytlardan, daha doğrusu, bir neçə agentlik və azsaylı saytlardan xəbər kopyalamaq doğru, yoxsa yanlışdır? Bu suala onlayn medianın mövcud durumuna baxmaqla cavab vermək olar. Əgər saytlar bu cür uğur qazanırlarsa, demək ki, doğrusu da elə budur”.
"APA TV”nin tele-operotoru Elşad Mətləboğlu deyib ki, indi əksər saytlar İP xətrinə hansısa saytın və ya qəzetin xəbərini, şəklini özləri hazırlamış kimi təqdim edirlər: "İstinad bir mədəniyyətdir. Hər bir jurnalistin, operatorun, fotoqrafın əziyyətini dəyərləndirmək və qiymətləndirmək lazımdır. Hər bir jurnalistin qələmə aldığı materialda görünməsi də vacib məsələdir. Çünki daha sonra materialın "özünə” aid olduğunu digər media kapitanlarına sübut etmək qeyri-mümkündür. Onu da nəzərə almaq lazımdır ki, tədbirlərdə verilən press-reliz jurnalistlərin işini asanlaşdırır. Fikrimcə, Azərbaycanda yetərincə öz imzası ilə tanınan jurnalistlər var. Onların ilk cümləsindən bilmək olur ki, imza kimə məxsusdur”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-07-28
2017-07-27