2017-07-25 00:42:14   |   12973 dəfə oxunub

“İndiki mərmərli Bakı mənim şəhərim deyil”

Eldar Mansurov: “Fontanın yanında dayandım ki, su dəysin, bir az sərinlənim. Bir oğlan üstümə gəldi ki, burda dayanmayın, olmaz”

“Dünyanın hər yerində yaşıllığın üstündə gəzirlər, bizdə fontanın yanında dayanmağa qoymurlar”



Azərbyacan musiqisi vaxtilə elə məşhur bəstəkarların çiyinlərində daşınıb ki, hələ bu gün də onların musiqiləri ilə öyünməyə çalışırıq. Hətta bəstəkar ailələri, musiqiçi ailələri var ki, onlar bu istedadlarını nəsildən-nəilə ötürməyə maraqlı olublar. Azərbaycanın tanınmış musiqiçi ailələri arasında Mansurovların xüsusi yeri, çəkisi olub. "Şərq”in qonağı Mansurovun davamçısı bəstəkar Eldar Mansurovdu.

- Yay tətilində dincələ bilirsiz?

- Bağdayam. Mən dincəlməyi bacaran insanam. Dostlarım bağlarına dəvət edirlər. Əsl bakılılar kimi dincəlirəm (gülür).

- Niyə Eldar Mansurov son vaxtlar görünmür?

- Çəkilmişəm kənara, görüm, bunun axırı necə olacaq? Yalandan deməklə deyil ki, Azərbaycan musiqisi uğur qazanır. Vallah, nə o ifaçılar qalıb, nə də o bəstəkarlar. Qalan tək-tək adamları da kino və teatr musiqisindən o qədər uzaqlaşdırıblar, vəziyyət bu yerə gəlib çıxıb.

- Son illər hansı müğənnilərlə işbirliyiniz olub?

- Demək olar ki, son vaxtlar heç kimlə işləmirəm. Yaradıcılıq ünsiyyətində olduğum müğənnilər də "köhnə qvardiyanın” müğənniləridir. Mübariz Tağıyev, Anatolu Qəniyev kimi sənətçilərlə işbirliyim olur. Oxuyanlarla demək olar daha işləmirəm. Hamıyla gözəl münasibətim də var. Amma son illər mahnı yazmıram. Daha çox orkestr musiqisi üçün bəstələr üzərində çalışıram.

- İndiki Bakını sevə bilmisiz? Ya köhnə bakılı olmaq daha xoş idi?

- Mən köhnə Bakının adamıyam. İndiki mərmərli Bakı mənim şəhərim deyil. Yaydı da. İsti günlərin birində bulvara getmişdim. Fontanın yanında dayandım ki, su dəysin, bir az sərinlənim. Bir oğlan üstümə gəldi ki, burda dayanmayın, olmaz. Sən demə, bulvarın direktoru deyib, camaatı bura yaxın getməyə qoymayın. Dünyanın hər yerində yaşıllığın üstündə gəzirlər, bizdə fontanın yanında dayanmağa qoymurlar. Bunların hamısı yalançı gözəlliklərdir. Yaxın durmayın, uzaqdan baxın, gedin. Ona görə mənim Bakım başqa idi. Mənim şəhərimdə səmimi insanlar, kişi adamlar var idi.

- İçəri şəhərə necə gedirsiz? Axı İçərişəhərdə dünyaya gəlmisiz, uşaqlığınız orda keçib. O dar küçələrin xatirəsi var sizdə...

- Hərdən gedirəm. İçərişəhər də o deyil. Məsələn, indi İçərişəhərdə yaşamaram. Əxlaq qaydaları, insanların münasibəti, mühit dəyişib. Mən içərişəhərli balası, hərdən yas yerinə gedirəm, şlaqbaumun arxasında dayanan adam girəndə də beş manat istəyir, çıxanda da. Üç-beş nəfər tanınmış içərişəhərli qalıb, onlara da belə münasibət göstərilir.

- Bəstəkarlığa maraq göstərən gənclərin sayı azalıb...

- Bu gün bəstəkarlıq ən hörmətsiz sənətdir. Məsələn, istəmərəm hansısa gənc Eldar bəstəkar olsun. İndi hamı özünə bəstəkar deyir. Onların yanında bəstəkaram deməyə utanıram. Təhsili olmayan, savadı olmayan adam da özünə bəstəkar deyir.

- Yaradıcı insanların yaradıcılığında uğurlu və uğursuz əsərlər olur. Sizin mənfi əsərləriniz olub?

- Zəif deyə bilmərəm, amma... Bilirsiniz necədir, bəxti gətirən və bəxti gətirməyən əsərlərim var. Əsər də insan kimidir: naxışı ya gətirir, ya gətirmir. Məsələn, "Bayatılar”ı yazanda eyni vaxtda Firəngiz Rəhimbəyovanın oxuduğu "İnanıram sevgiyə” mahnısını da yazmışdım. "Bayatılar”ın bəxti gətirdi, o birinin yox. Mənim aləmimdə "İnanıram sevgiyə” daha üstündür. Daha doğrusu, heç yanbayan qoymaq olmaz. Sadəcə, naxışı gətirmədi. Taledir də... Naxışı gətirməyən bəstəkarlar da çox olub, amma ad çəkib onların ailələrini narahat etmək istəməzdim. Ailələri düşünmür ki, onlar naxışı gətirməyən bəstəkardırlar. Heç kimin xətrinə dəyməmək üçün susmağım yaxşıdır.

Tahirə






SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17