2017-08-10 23:06:56   |   270 dəfə oxunub

Kreml Belarusu da ziddiyyətlər zolağına salmaq istəyir

Moskva-Minsk münasibətlərində deformasiyalar başlayacaq


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiyanın Belarusu işğal edəcəyini iddia edib. O deyib ki, Rusiya Qərb-2017 strateji təlimləri çərçivəsində Belarusu işğal edə bilər: "Belarusa baxanda görünür ki, Rusiya onu işğal etməyə və tərkibinə qatmağa hazırlaşır.

Təlim zamanı ölkəyə infrastruktur gətiriləcək. Buna görə də təhlükə aradan qalxmayıb, əksinə daha da yüksəlib”. Saakaşvili Baltikyanı ölkələrin işğal edilmə ehtimalının hazırda aşağı olduğunu, NATO-nun Moskva tərəfdən gələn təhlükənin reallığını dərk etdiyini bildirib. 

İddianı "Şərq”ə dəyərləndirən siyasi-ekspert Azər Rəşidoğlu deyib ki, Rusiya-Belarus münasibətlərində problemlər dərinləşə bilər. Ekspertin fikrincə, Belarusda iqtisadi durum getdikcə daha da ağırlaşır: 

"Burada maliyyə çatışmazlığı öz təsirini göstərir. Bundan başqa, Rusiya ilə iqtisadi əlaqələrdə rentabelliyin Belarusun əleyhinə olması asan aradan qaldırılan məsələyə bənzəmir. Minskin Rusiya ilə sərhədləri müəyyənləşdirməsi, Moskvanın isə Belarusa satdığı neftin və qazın həcmini azaldaraq, qiymətini artırması tərəflər arasında yaşanan gərginliyi bir qədər də alovlandırır. Prezident Lukaşenkonun "Avrasiya İttifaqının ucbatından ölkəsinin 15 milyard dollar itirdiyini” açıqlaması heç də adi qarşılanacaq məsələ deyil”. 

Politoloq bildirib ki, Qərbin Belarusa olan münasibətinin məzmunu da göstərir ki, qarşıda ölkəni çətinliklər gözləyir:

"Bu ölkədə proseslərin hansı istiqamətdə davam edəcəyini proqnozlaşdırmaq bir qədər çətindir. Kreml Belarusu da ziddiyyətlər zolağına salmaq istəyir. Belarusun Rusiya ilə yaşadığı böhrandan belə görünür ki, Moskva-Minsk münasibətlərində deformasiyalar başlayacaq. Bu isə bütövlükdə MDB məkanında geosiyasi vəziyyəti ağırlaşdıra bilər. Eyni zamanda, regional münaqişələrin daha da qəlizləşməsi, yenilərinin yaranması da mümkündür. Bu baxımdan, Baltikyanı ölkələrə qarşı Kremlin yeni oyunlar oynaya biləcəyi də istisna edilmir”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17