2017-08-10 23:11:06   |   324 dəfə oxunub

Düşmən uşaqları, qadınları, qocaları hədəfə alıb

Baş verən hadisələr Ermənistan silahlı qüvvələrinin cinayətkar qruplaşmalardan ibarət olduğunu göstərir


Azğınlaşmış erməni silahlıları cəbhəyanı kəndlərdə mülki şəxsləri mütəmadi olaraq atəşə tutur, dinc sakinləri qətlə yetirmək üçün fürsət axtarırlar. 2 yaşlı Zəhranın faciəvi qətlindən bir ay sonra Tovuzun Qaralar kəndində 13 yaşlı Raminin ağır yaralanması faktı düşmən vəhşiliyinin əyani sübutudur.

Təmas xəttində yaşayan kənd sakinlərinin sözlərinə görə, düşmən ordusu əhaliyə əkin-biçin işlərini həyata keçirməkdə maneçilik törədirlər. İnsanlar həyətlərində adi məişət işləri zamanı belə atəşə məruz qalırlar. Demək olar, hər gün quldur ermənilərin atdığı güllələr yaşayış evlərinin dam örtüklərini dağıdır, təsərrüfat sahələrini məhv edir, ev heyvanlarının tələfatına səbəb olur. 

Şübhəsiz ki, Silahlı Qüvvələrimizin layiqli cavabından sonra düşmən susdurulur. 

Atəşkəsin tez-tez pozulmasına baxmayaraq, sakinlər heç nədən çəkinmədiklərini, milli ordumuza güvəndiklərini deyirlər. Ermənistan tərəfinin insanlığa zidd olan çirkin əməllərinə rəğmən, kənddə təşkil olunan toy-nişan mərasimləri hər şeyin öz axarı ilə davam etdiyini göstərir. Erməni vəhşiliyi nəinki sadəcə yerli ekspertlər, eyni zamanda əcnəbi siyasətçilər tərəfindən də tənqid olunur, mülki əhalinin hədəf seçilməsi pislənilir. 

ABŞ-ın Market Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib ki, Amerika Ermənistana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir: 

"ABŞ Dövlət katibi və Maliyyə Departamentinin katibi Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq olunması məsələsinə baxılması üçün təcili surətdə iclas çağırmalıdır. Dünya ictimaiyyəti Ermənistan hökuməti və korrupsiyaya qurşanmış qoşunları tərəfindən həyata keçirilən bəşəriyyətə qarşı cinayətlərlə bağlı susmaqda davam edir. Bu münasibət İrəvanın cəzasızlığına gətirib çıxarır və erməniləri bəşəriyyətə qarşı bu cür cinayətlərə təşviq edir”. 

Ekspert vurğulayıb ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı zorakılıq aktlarını pisləməlidir.
Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanova da beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə deyilib ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər işğalçı Ermənistanın yürütdüyü davamlı terrorizm siyasətinin tərkib hissəsidir: 

"Ermənistan özünün təcavüzkar əməllərindən əl çəkməyərək ordumuzun cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozmaqda davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoyulması növbəti cinayət aktı kimi qiymətləndirilməli və beynəlxalq hüquq normalarına əsasən həmin cinayətləri törədənlərin cəzalandırılması istiqamətində təsirli tədbirlər görülməlidir”. Azərbaycan Ordusunun sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirov deyib ki, düşmən tərəf bizi təxribata çəkməyə çalışır: "Ermənilər istəyir ki, Azərbaycan Ordusu onların yaşayış məntəqələrini və mülki əhalisini atəşə tutsun. Azərbaycan ermənilərin bu oyununa getməyəcək və mülki əhalini hədəf almaq kimi üsullara əl atmayacaq. Ermənistan Azərbaycan ordusunun hər yerdə uğurlarını görür. Həm Rusiyanın Moskva şəhərində, həm də Xəzər dənizində gedən birgə hərbi idman oyunlarında müvəffəqiyyətlərimiz Ermənistanı narahat edir. Görünür, bir daha özləri üçün nəticə çıxarıblar ki, Azərbaycan Ordusu çox yüksək və elit səviyyəsində olan ilk ordular sırasındadır. Bunu beynəlxalq ictimai təşkilatlar və analitiklər də təsdiqləyir. Məhz buna görə də ermənilər cəbhədə təxribatlara yol verir, mülki əhalini atəşə tuturlar. 
Sözsüz ki, Azərbaycan Ordusu ermənilərin hər hansı alçaq hərəkətlərini cavabsız qoymayacaq və ermənilərin mövqelərinə sarsıdıcı zərbələr endirəcək”. 


Millət vəkili, professor Elman Nəsirov da bildirib ki, 13 yaşlı Raminin yaralanması Ermənistan silahlı qüvvələrinin cinayətkar qruplaşmalardan ibarət olduğunu göstərir: 

"Düşmən ölkədəki siyasi rejimin mahiyyətindən irəli gələrək onlar uşaqları, qadınları, qocaları hədəfə alırlar. Bu təxribatlar faşist xislətindən irəli gələn addımlardır. Həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar. Ermənistan isə növbəti dəfə dinc əhalini hədəfə almaqla, gözlənilən danışıqlar prosesinin üstündən indidən xətt çəkməyə cəhd edir ki, danışıqlar baş tutmasın. Bu, Ermənistanın növbəti cinayətkar hərəkətidir. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupu bu hadisə ilə bağlı lazımi ölçü götürməsələr, heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməyəcək, aprel döyüşləri təkrarlanmayacaq. Tovuz rayonunda ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır və bu hadisədən nəticə çıxarmağın vaxtı artıq çoxdan çatıb”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-12-14
2017-12-13