2017-08-10 23:20:18   |   138 dəfə oxunub

Prokurorluq işçiləri daha məsuliyyətli olmalıdır

Ekspert hesab edir ki, korrupsiyaya qarşı görülən bütün tədbirlər məntiqlidir



Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov həbs olunub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Bu gün korrupsiyaya qarşı mübarizənin Azərbaycanda prioritet istiqamətlərdən biri olduğunu deyən hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq qanunsuz əməllərə yol verən, vəzifəsindən sui-istifadə edən məmurlar hər zaman cəzalandırılır.

 Vəkilin sözlərinə görə, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış əsas cinayət orqanı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir:

 "Baş prokuror tərəfindən hər zaman xüsusi bir göstəriş verilib ki, kimliyindən asılı olmayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, korrupsiya sövdələşmələrinə getmək istəyən və qanunsuz əməllərə yol verən şəxslərlə bağlı sərt tədbir görülsün. Bu birinci deyil, bundan əvvəl də müxtəlif formada Baş prokurorluq korrupsiya sövdələşmələrinə görə vəzifəsindən sui-istifadə edən şəxslərlə bağlı müvafiq tədbirlər görmüşdü. Ümumiyyətlə, Baş prokurorluq mütəmadi olaraq bu məsələlərlə bağlı öz hesabatları barədə məlumat verir. Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vəzifə cinayətləri baş verərkən cinayət işinin aparılması funksiyasını yerinə yetirir.

Təxminən 2-3 həftə bundan qabaq Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi 6 aylıq hesabatını təqdim etdi. İdarə mütəmadi olaraq şəffaf formada fəaliyyət göstərir və korrupsiyaya qarşı mübarizənin vəziyyəti ilə bağlı bütün hesabatları verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman xüsusi olaraq vurğulayır ki, dövlət məmuru xalqın xidmətində olmalı, özbaşınalığa yol verməməli, vətəndaşlarla nəzakətlə rəftar etməlidır. 

Həmçinin, məmurların ailə üzvləri də bu qaydalara əməl etməli və etik qaydaları pozmamalıdır. Kimliyindən asılı olmayaraq əgər hər hansı bir şəxs qanunsuz əməllərə yol verirsə o məsuliyyətə cəlb olunmalıdır. Ümumiyyətlə nəzərə alaq ki, Prokurorluq cinayət təqiblərini həyata keçirən və Azərbaycanda kifayət qədər nüfuzu olan bir orqandır. 

Yadımdadır ki, hər zaman Baş prokurorluğun kollegiyasının iclasında Baş prokuror Zakir Qaralov xüsusi olaraq vurğulayırdı ki, prokuror işçiləri başqalarından daha artıq məsuliyyətli olmalı, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmalı və cinayət işinin təhlilini obyektiv, tam və hərtərəfli aparmalıdır. Hesab edirəm ki, korrupsiyaya qarşı görülən bütün tədbirlər məntiqlidir. Kimsə qanunsuz hərəkətə yol verirsə, şübhəsiz ki, məsuliyyətə cəlb olunur və onun proseslərdə iştirakı araşdırılır, qanunvericilikdə nəzərdə tutulmuş qərarlar verilir”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-08-19
2017-08-18