2017-08-11 00:56:24   |   265 dəfə oxunub

Yeni təhlükə...

Dini sektalar insanları ələ almaq üçün musiqini seçirlər



Missioner təşkilatların nümayəndələri xüsusən İrandan Azərbaycana gələn turistlərə fləş-kart və telefonlar üçün mikro yaddaş kartı hədiyyə verirlər. "Ölkə.az” saytının əməkdaşının apardığı araşdırmadan aydın olub ki, fləş-kart və telefonlar üçün mikro yaddaş kartının içində yer alan materiallar xristianlığın dini sektalarından birinə məxsus təbliğat vasitələri olub.

Turistlərə verilən fləş-kart və telefonlar üçün mikro yaddaş kartının içərisində "musiqi parçaları var” deyilsə də, əslində, müxtəlif dillərdə - Azərbaycan, fars, kürd, ingilis dillərində dinə çağırışlar yer alıb. Musiqili fonda təqdim olunan çağırışların təsirli təbliğat vasitəsi olduğu deyilir. Maraqlıdır ki, fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarının içərisində olan səs yazılarını silmək mümkün deyil. Yəni kimsə kartı götürüb, "içindəkini silərəm, fləş-kartı işlədərəm” deyə düşünərsə, yanılar. Yazıda vurğulanıb ki, fləş-kart və telefonlar üçün mikro yaddaş kartını turistlərə hədiyyə edənlərdən hansı təşkilata məxsus olduqlarını soruşduqda isə heç bir cavab vermədən uzaqlaşıblar. 

Məsələ ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib ki, hər bir insanın daxilində mənəvi boşluq var. Ekspertin sözlərinə görə, missioner qruplar həmin boşluğu nəzərə alaraq, insanları təsir dairəsinə salmağa cəhd göstərirlər: 

"Təəssüflər olsun ki, ölkəmizdə bu hal müşahidə olunmaqdadır. Görürsən ki, hansısa dini ayinləri, sözləri musiqili fonda insanlara təqdim edirlər. Bu üsul əksər insana psixoloji təsir göstərir. Əgər bir adam hansısa dini məlumatı yazılı formada, yaxud söhbət şəklində qəbul edirsə, təsir altına düşməmək ehtimalı çox olur. Lakin materalı musiqili üslubda verməklə daha çox insanın beyninə və qəlbinə yol tapmaq mümkündür. Məlumdur ki, islam dinində musiqi, daha doğrusu aşırı musiqi ilə bağlı müəyyən qadağalar mövcuddur. Ancaq bəzi dini sektalar insanları qəlbən duyğulandırmaq məqsədi musiqini seçir və mənəvi boşluqdan sui-istifadə edirlər. Yəni özlərinə lazım olan məlumatları fərqli formalarda insanların şüur altına yeridirlər”. 

İlahiyyatçı vətəndaşlara tövsiyyə edib ki, bu cür təbliğata uymasınlar:

"İslam dini bütün dinlərə hörmətlə yanaşır, həqiqi səmavi dinləri təsdiq edir. Ancaq digər inanclarda mövcud olan bütün həqiqətlər İslam dinində ən mükəmməl şəkildə öz əksini tapıb. Mənəvi çatışmazlığı olan şəxslərə tövsiyyəmiz odur ki, öz daxillərindəki boşluqları İslam dini vasitəsilə doldursunlar. Əmin olsunlar ki, mənəviyyatı ən güclü olan məhz İslam dinidir. Bu din kifayət edir. Vətəndaşlar son dərəcə diqqətli olmalı, təbliğatla məşğul olan radikal və ya qeyri-radikal qrupların təsirləri altına düşməməlidir”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-12-14
2017-12-13