2017-08-11 01:02:39   |   336 dəfə oxunub

50-60 min kilometrdən sonra avtomobilin şinləri dəyişdirilməlidir

“Bu zaman nəqliyyat vasitələri öz standartlarına uyğun təkərlərlə əvəz olunmalıdır”


Bu günlərdə sherg.az-a adının açıqlanmasını istəməyən oxucularımızdan biri maşın bazarında olan özbaşınalıq haqqında məlumat verib. O bildirib ki, xaricdən istifadə müddəti başa çatmış təkərlər gətirirlər.

Halbuki o təkərlər tam olaraq yararsızdır və biri-birinin içərisinə salınmış formada olur: "Ötən günlərdə Babək prospektində yerləşən "Maşın bazarı”na baş çəkmişdim. Amma gördüklərim məni dəhşətə gətirdi. Xaricdən istifadə müddəti başa çatmış təkərlər gətirib Azərbaycanda "şporlar” açıb, yeni təkər kimi camaata sırıyırlar”.

Baş verən hadisə ilə bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov avtomobillərin istismarı və konstruksiyasının paralel aparıldığını deyib. Ekspert bildirib ni, nəqliyyat vasitəsini istehsal edən zavodlar bütün konstruktiv göstəriciləri nəzərə alırlar. Maşının üzərində gələn təkərlərin ölçüləri, göstəriciləri avtomobilə tam uyğun tərtib olunur:


"Lakin təkərlər 50-60 min kilometrdən sonra dəyişdirilməlidir və bu zaman nəqliyyat vasitələri öz standartlarına uyğun təkərlərlə əvəz olunmalıdır. Elə təkərlər var ki, onlar müxtəlif formada - diaqonal, radial, kamerli, kamersiz, pinevmatik və qeyri-pinevmatik olur. Şinlərin uyğunluğu və həmin nəqliyyat vasitəsinə yerləşdirilməsi bir neçə göstəriciyə görə müəyyən olunur. Hazırda DYP tərəfindən şinlərin xüsusi istismara yararlılıq tələbləri var. Həmin tələblərə görə təkərlərin protektorlarının hündürlüyü yerində olmalıdır. Məsələn, minik avtomobilləri üçün şinlərin protektorlarında naxışların hündürlüyü 1.6 ml, yük avtomobilləri üçün isə 1 ml olmalıdır. Bu ölçülər nəzərə alınaraq təhlükəsizlik məsələlərinə yanaşılır. Ona görə də protektorları həddindən artıq yeyilmiş şinlərdən istifadə etməyə icazə verilmir. Şinlərdən 8-10 ildən artıq istifadə etmək düzgün deyil. Çünki təkərlərin rezinləri müəyyən bir vaxtdan sonra elastikliyini itirir və o dinamik formada özünün təhlükəsizliyini göstərə bilmir”.

Ölkəmizin inkişaf etməkdə olduğunu və daim avro standartlara uyğun nəqliyyat vasitələri əldə etdiyini deyən F.Eyyubov maşın bazarında satılan yararsız şinlərin qəzalara səbəb olmasını və onlardan istifadənin standartlara uyğun olmadığını vurğulayıb: 

"Ola bilsin ordakı şinlərin istehsal tarixi çox köhnədir. Bəzi vaxt fikirləşirik ki, nəqliyyatın mühərrikindən çıxan qazların zərərlilik dərəcəsi neçə faizdir? Ekoloji cəhətdən avtomobildən istifadə zamanı neçə min tonlarla tozlar çıxır və bunlar hamısı təbiətə yayılır. Ona görə də köhnə şinlərin gətirilib burda satılması bir ekspert kimi mənim ürəyimcə deyil. Çünki bu təkərlərdən inkişaf etməmiş ölkələrdə daha çox istifadə olunur. Birmənalı şəkildə bu cür təkərlərdən istifadə etmək düzgün deyil”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11