2017-08-11 01:05:51   |   239 dəfə oxunub

İxtisası bitirmədən də jurnalist olmaq mümkündür

Elçin Bayramlı: “Təkcə nəzəri təhsillə peşəkarlıq əmələ gəlmir”

Səbuhi Məmmədli: “İnsan jurnalist kimi doğulmalıdır”




Anar Niftəliyev: "Jurnalistikanı bitirənlərin heç də hamısı mediada deyil”


Anar Rüstəmov: "Əsas istedad, savad və xəbər duyumudur”




(əvvəli ötən sayımızda)

Son günlər mediada və sosial şəbəkələrdə müzakirəyə çıxarılan məsələlərdən biri də media nümayəndələrinin jurnalistika fakültəsini bitirib-bitirməməsidir. Mətbuatda təmsil olunan bir qrup hesab edir ki, jurnalistikanın nəzəriyyəsinə yiyələnmək, yəni ixtisasca jurnalist olmaq mütləq şərtdir. Digərləri isə iddia edir ki, jurnalist diplomu şərt deyil, əsas yaradıcılıq qabiliyyəti və istedadın olmasıdır. Birinci fikrin müəllifləri həmçinin deyirlər ki, Azərbaycanda mətbuatın zəif durumunun səbəbi məhz qeyri-ixtisas sahiblərinin jurnalistikaya üz tutmasıdır. Ümumiyyətlə, istər internet, istərsə də çap mediasında fəaliyyət göstərən müxbirlərin ixtisası və peşəkarlığı hər zaman geniş müzakirə mövzusuna çevrilib.

Bu da səbəbsiz deyil. Hər nəşrin cəlbedici olması və geniş auditoriya kütləsi toplaması orada çalışan istedadlı kollektivin səviyyəsindən asılıdır. Yaradıcı heyətin və redaksiyada olan peşəkar jurnalistlərin sayı, onların ixtisasla bağlı bilik və nəzəriyyələri daha mühüm rol oynayır. Dünyanın hər yerində müxtəlif formalarda da olsa, jurnalist təhsili verilir. Bu baxımdan jurnalistikaya gələn qeyri-ixtisas sahibləri isə bir çox hallarda peşə ixtisası almadıqlarına görə tənqid hədəfinə çevrilirlər. Amma bir çox ekspertlər jurnalistlər üçün sırf ixtisas təhsilinin və nəzəriyyənin vacib şərt olduğunu düşünmür. Onlar hesab edirlər ki, istedadı və xüsusən jurnalistika bacarığı olan qeyri-ixtisas sahibləri bu peşədə çalışa və yüksək potensiala malik jurnalist ola bilərlər. Həm də nəzərə almaq lazımdır ki, jurnalistika fakültəsi mütləq surətdə jurnalist yetişdirmir. 

Ali məktəbi bitirənlərin sadəcə 5-10 faizi öz ixtisaslarının arxasınca gedirlər. Qalanları isə bu sahəyə maraq göstərmirlər. Məlumdur ki, jurnalistikada peşəkarlıq daha böyük rol oynayır. Çünki ictimai əhəmiyyət daşıyan sözün məsuliyyət yükü və əhatə dairəsi xeyli genişdir. Həm də jurnalist müxtəlif inkişaf mərhələlərindən keçir. Bütünlükdə isə 3 inkişaf mərhələsi qəbul edilir. Bunlardan birincisi, savadlı yazmaqdır. Yəni jurnalist gördüyünü qələmə alır. Ancaq burada əsas məharət başqalarının bilmədiklərini yazmaq, yaxud ondan daha çox görməkdir. İkinci mərhələ obrazlı düşünməkdir. Burada isə söhbət təkcə görməkdən getmir. Gördüklərini beyninin süzgəcindən keçirərək daha yaxşı formada ifadə etməkdən gedir. Qeyri-ixtisas sahibi olan jurnalistləri gözdən və nüfuzdan salan əsas məsələdən biri də "reket” adı verilən jurnalistika sahəsidir. Belə müxbirlərin "püxtələşməsi”, təhqir və şantaj elementlərinə yiyələnməsi, ağlına və ağzına gələni yazması ilə ölçülür. Bundan ötrü əziyyətə qatlaşmaq vacib deyil. Bir qədər diribaş və utanmaz olmaq kifayətdir. Təbii ki, bu sahədə çalışanların həqiqi jurnalistika ilə heç bir əlaqəsi yoxdur.

Sosial şəbəkələrdə aparılan müzakirələrlə bağlı "Şərq”ə danışan Azadinform İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı deyib ki, məsələyə birtərəfli baxış diletant yanaşma olardı: 

"Bu istiqamətdə geniş müzakirələr getdi, mən də öz fikirlərimi yazdım, lakin ortaq mövqe əldə olunmadı. Sizin vasitənizlə bir az geniş izah etmək istəyirəm. Jurnalistika spesifik peşədir, sənətdir. Başqa sahələrdən fərqli olaraq bu sahə konkretiv bir texniki elmə söykənmir. Yəni, həkim üçün kimya, biologiya təhsili mütləqdir, mühəndis üçün texniki elmlər, inşaatçı üçün həndəsə, riyaziyyat və s. Jurnalistikada belə elmlərin hər hansı biri xüsusi əhəmiyyət kəsb etmir. Bu spesifik sahədir, ictimai, siyasi, sosial, tarixi, mədəni, texniki və başqa biliklərin hamısı lazım ola bilər. Amma bunlardan hansınısa bilməmək o demək deyil ki, jurnalist ola bilməzsən. Jurnalistikanın da sahələri var, misal üçün, iqtisadi təhsili olan bir şəxs əgər dili normal bilirsə, ifadə qabiliyyəti, araşdırma istedadı varsa, bəzi qaydaları öyrənməklə bu sahədə peşəkar jurnalist ola bilər. Bunun ölkəmizdə və dünyada hədsiz nümunələri var. Hətta dünyanın və ölkəmizin 100 ən güclü jurnalistini götürsək, onların böyük əksəriyyətinin jurnalist ixtisası olmadığını görərik”.

Redaktorun fikrincə, jurnalistika təhsili də vacibdir, lazımlıdır, bunu inkar etmək olmaz: 

"Lakin təkcə nəzəri təhsillə peşəkarlıq əmələ gəlmir. Çox sayda başqa şərtlər lazımdır. Araşdırma qabiliyyəti, analitik təfəkkür, xəbər duyumu, unversal intellekt və geniş dünyagörüşü, hər hansı bir hadisəni lakonik, anlaşılan dildə izah etmək bacarığı vacibdir. Televiziya jurnalistlərində isə bunlardan əlavə diksiya, intonasiya, ifadə təmizliyi, səs tembri, rəvan və xoşagələn danışıq tərzi və s. lazımdır. Göründüyü kimi bunlar təhsillə əmələ gəlmir. Təbii ki, bir nəfərdə həm jurnalist ixtisası, həm də sadaladığım xüsusiyyətlər varsa, o peşəkar jurnalist olacaq.

 Əgər biri var, o biri yoxdursa çətin olacaq. Eləcə də, bir şəxsdə dediyim xüsusiyyətlər və ən əsası işə can yandırma varsa, jurnalist ixtisası olmadan da yaxşı jurnalist olmaq mümkündür. Bu sahəyə meyl edən qeyri-ixtisas sahibi olan şəxs jurnalistika fakültəsində keçirilən dərslikləri oxuya bilər. Mütəmadi təkmilləşmə kurslarında iştirak edib müəllimlərdən, ekspertlərdən öyrənər. Üstəgəl, praktikada peşəkar jurnalistlər də ona kömək edərlər. Lakin jurnalist təhsili varsa, amma qabiliyyətlər yoxdursa, ona heç kim kömək edə bilməz və aldığı diplomun adi kağız parçasından fərqi qalmaz”.

E.Bayramlı düşünür ki, əsaslanan arqumentlərlə, göstərilən nümunələrlə və müqayisələrlə məsələyə nöqtə qoymaq mümkündür:

"Konkret və qısa olaraq bunu demək olar. Jurnalistin ixtisası olsa yaxşıdır, bir şərtlə ki, vurğuladığım xüsusiyyət və qabiliyyətlərin də hamısı olsun, bunlar olmadıqda təhsil heç nəyə yaramır. İkincisi, ixtisas təhsili yoxdursa, amma zəruri xüsusiyyət varsa, jurnalistika fakültəsində keçilənləri alternativ yollarla öyrənib, peşəkar jurnalist olmaq olar. Beləliklə, ən yaxşı jurnalist təbii ki, həm ixtisası, həm də sadaladığım qabiliyyətlərə sahib olanlardır. Bacarıqsız ixtisas boş şeydir. Təəssüf ki, ixtisası olanların çox az hissəsi deyilən qabiliyyətlərə malikdirlər. İxtisası olmayanlar arasından o qabiliyyətlərin sayəsində həddən çox peşəkar jurnalist çıxıb. Jurnalistika həm də fanatizmdir, burada ürək də lazımdır, işə sevgi də. Tükənməz enerji, vicdan, başqa insani qabiliyyətlər lazımdır. Hər nə qədər təhsil alırsa-alsın, hər adam jurnalist ola bilməz”.

Redaktorun sözlərinə görə, mətbuatın indiki vəziyyətinə ixtisassız jurnalistlər səbəb olub fikirləri məntiqsizdir: 

"Çünki, biz mətbuat dedikdə küçə saytlarını, sosial şəbəkə və bloqlarda ağzına gələni yazanları, ya da jurnalist adı ilə reketçilik edən "moşennikləri” nəzərdə tutmuruq. Onların ixtisası oldu ya olmadı fərqi yoxdur, onlar jurnalist deyillər. Ciddi mətbuatda isə, nisbi götürdükdə ixtisası olmayanlar mətbuatın inkişafına daha çox töhfə veriblər. Mətbuatımızdakı problemlərin səbəbləri tamam başqadır, burada həmin faktorun zərrə qədər də rolu yoxdur. Bu səbəblər tamam başqa mövzudur, bununla bağlı dəfələrlə yazmışıq. İnşallah növbəti yazıların birində bu barədə yenə danışarıq”.

"Lent.az” saytının reportyoru, tanınmış jurnalist Səbuhi Məmmədli də bildirib ki, jurnalist olmaq üçün diplom ən son olandır: 

"İnsan jurnalist kimi doğulmalıdır. Bu istedaddır və təbii ki, emprik bir vəziyyətdir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə bel bağlasaq ölkədə jurnalist yetişməyəcək. Jurnalistlər redaksiyalarda yetişirlər, başqa yerdə yox. Məncə, real vəziyyət belədir”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev də bildirib ki, jurnalist olmaq üçün nəzəri və dil bilgilərinin olması lazımdır: 

"Bu baxımdan jurnalistika və ya filologiya fakültəsinin tələbələri üçün bu sahədə işləmək daha asan olur. Ancaq peşəyə yiyələnmək üçün mütləq jurnalistikanın məzunu olmaq şərt və ya əsas deyil. Bu gün mediada imzası olan, jurnalistikanın inkişafında rol oynayan çox şəxslərin adını çəkə bilərik ki, onlar ixtisasca jurnalist deyil. Jurnalistikanı bitirənlərin də heç də hamısı mediada deyil, yaxud özlərini doğrultmurlar. O ki qaldı "medianın indiki zəif durumu” ilə bağlı iddialara, bununla razı deyiləm. Azərbaycan mediası kifayət qədər oturuşmuş və inkişaf edən mediadır. Bu inkişafda jurnalistikanı bitirənlərin də, başqa ixtisası oxuyub, peşə olaraq jurnalistikanı seçən, könüllə, ürəklə bu sahədə çalışan şəxslərin də payı var”.

"AzVision.az” saytının redaktoru Anar Rüstəmov bildirib ki, jurnalistika fakültəsini bitirmək və bu ixtisas üzrə təhsil almaq üstünlükdür: 

"Amma reallıq odur ki, jurnalist olmaq üçün diplom əsas deyil. Tanıdığım insanlar var ki, jurnalistika fakültəsini bitiriblər, amma iki cümlə xəbər yaza bilmirlər. Əksinə, elə insanlar tanıyıram ki, başqa ixtisaslar üzrə təhsil alsalar da, peşəkar jurnalistə çevriliblər. Bu baxımdan, düşünürəm ki, əsas istedad, savad və xəbər duyumudur”.

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-08-19
2017-08-18