2017-08-11 01:29:43   |   107 dəfə oxunub

Astanada keçirilən «EKSPO-2017» ziyarətçiləri heyrətləndirməkdə davam edir



Qazaxıstanın paytaxtı Astanada, postsovet məkanında ilk dəfə olaraq , beynəlxalq sərgi keçirilir. İyunun 10-da startı verilən «Ekspo-2017» düz üç ay-sentyabrın 10-dək davam edəcək. Sərginin əsas mövzusu gələcəyin enerjisindən effektiv istifadə edilməsinə həsr olunub. Analitiklər belə hesab edirlər ki, dövlətlər deyil, məhz cəmiyyətlər gərək özü alternativ enerji axtarışına çıxmalıdırlar. Belə ki, hazırda istifadə olunan ənənəvi enerji mənbələri günlərin birində tükənəcək. Odur ki, cəmiyyət çətin sınaq qarşısında qalmamaq üçün öz gələcək enerji mənbələrini indidən axtarıb tapmalıdır. 

Və artıq bu istiqamətdə müəyyən işlər aparılmaqdadır. Hazırda alimlər okeanlardakı sualtı axınlardan, dalğaların hərəkətindən, hətta kosmik tozlardan belə enerjinin alınması haqda düşünürlər. Və bütün bunlar müasir texnologiyaların sayəsində mümkündür. Tədqiqatçılar belə hesab edirlər ki, sahəsi 100 m2 olan günəş elektrostansiyasından 1 dəqiqə ərzində müasir atom elektrik stansiyasının verə biləcəyi qədər elektrik enerjisi almaq mümkündür. Başqa sözlə, gələcəyin enerjisinə maraq böyükdür və bu, getdikcə dünya dövlətləri üçün daha aktual bir məsələyə çevrilir.

Qeyd etmək lazımdır ki, «EKSPO-2017» kimi belə nəhəng sərgini keçirmək üçün Qazaxıstan paytaxt Astanın tam göbəyində müasir üslub və dizaynı ilə seçilən şüşəli pavilyonlardan ibarət xüsusi bir şəhərcik inşa edib. Şəhərciyin mərkəzində yerləşən dairəvi formalı pavilyon 20 mərtəbəli bina hündürlüyündədir və ətrafdakı səkkiz pavliyonlarla birbaşa əlaqəsi var. Sərginin ekspozisiyaları xüsusi texnika və kompüterlərin köməyi ilə lazır şouları ilə müşayət olunur. Burada 115 iştirakçı ölkənin hər biri özünün xüsusiləşdirilmiş ekspozisiyası ilə çıxış edir. İştirakçı ölkələr arasında «daha varlıları» Almaniya, Böyük Britaniya, Çin və Fransadır ki, hərəyə üç böyük ərazi icarəyə götürüblər.
Yerli mətbuatın yazdığına görə, «EKSPO-2017»nin belə müvəffəqiyyətlə keçməsində könüllülərin də xüsusi əməyi olmuşdur. Məsələn , sərginin mətbuat xidmətində könüllü olaraq çalışan Anastasiya Noqan Astanada anadan olub. O, bu möhtəşəm tədbirin doğma şəhərinə gətirdiyi dəyişiklər barədə həvəslə danışır: ««EKSPO-2017» sərgisi bizim şəhərimizi daha da gözəlləşdirdi. Məhz bu tədbirin sayəsində indi paytaxt küçələrində çoxlu sayda əcnəbiləri görürük, bu isə mənə olduqca həyacan verir, bundan qürurlanıram. Hesab edirəm ki, «Gələcəyin enerjisi» devizi altında keçirilən sərgi şəhərimizin daha da gözəlləşməsi və inkişafına öz töhfəsini verəcəkdir».

Yerli KİV-lərin yazdığına görə, sərgidə maraqlı ekspozisiyalardan biri koreyalıların pavlionundadır. Burada günəş batareyası ilə işləyən təyyarə ilə yanaşı, koreyalıların gələcəyin texnologiyalarına olan baxışları da yer alıb. Onlar belə hesab edirlər ki, tezliklə ağıllı texnologiyalar hər kəs üçün əlçatan olacaqdır.

Çinlilər isə sərgidə həqiqi «uçan qatar»ı nümayiş etdirirlər. «Asiman» adlanan pavliyanda əbədi enerji mənbəyi olan Günəşin oxşarını da görmək mümkündür. Yaponiyalılar da qonşularından geri qalmaq niyyətində deyillər. Onlar sərgidə «ağıllı enerji sistem» vasitəsi ilə necə ev təsərrüfatını idarə etməyin mümkünlüyünü nümayiş etdirirlər. 

Yeri gəlmişkən, təşkilatçıların fikrincə, bu üç Asiya ölkəsinin pavliyonları sərgidə ən çox ziyarətçi qəbul edən pavliyonlar siyahısına başçılıq edirlər.

Avropalılara gəlincə...İtalyanlar sərgidə dəniz suyunun sahilə qalxması və geri çəkilməsi prosesindən necə enerji əldə etməyin mümkünlüyünü nümayiş etdirirlər. Bu onların sərgidəki əsas üstünlükləridir.
Almanlar isə üzəri yosunlarla örtülmüş evi nümayiş etdirirlər. Burada «Ağıllı ev» texnologiyasının sayəsində elektrik enerjisinə necə qənaət etməyin mümkünlüyünü görmək olar. Almanların pavilyonunda ziyarətçilərin diqqətini çəkən başqa bir məqam isə elektrik motoru ilə işləyən idman avtomobilidir.

Xatırlatmaq yerinə düşər ki, «EKSPO-2017»nin pavilyonlarında hər bir ölkə, onun potensial imkanları və inkişaf göstəriciləri haqda ətraflı məluma almaq mümkündür.

Bu baxımdan, slovakların da maraqlı kəşfləri diqqət çəkir. Onlar bir otaqdan ibarət ev- ekokapsul nümayiş etdirirlər. Həmin ekokapsulun sayəsində insan dünyanın istənilən yerində yaşaya bilər. Evi isə , adi bir palatka kimi, istədiyin vaxt, yığıb daşımaq mümkündür.

Yerli mətbuatın yazdığına görə, elə bir gün olmur ki, sərgi çərçivəsində hansısa bir ölkənin milli gününə həsr olunmuş tədbir keçirilməsin. Milli stendlərdə təşkil olunan həmin tədbirlərdə təşkilatçılar ziyarətçiləri təkcə öz ölkələri ilə yaxından tanış etmirlər, həmçinin, milli mətbəx nümunələri- müxtəlif təamlara qonaq edirlər, milli mədəniyyətləri ilə tanış edirlər- bir sözlə, əsl şou nümayiş etdirirlər.
Bu baxımdan Rusiya Federasiyasının pavilyonu da ziyarətçilərin diqqətini özünə cəlb edir. Uzaqdan tanış, qulağayatımlı mahnı və rəqs sədaları bu isti yay günündə ziyarətçiləri bir qədər «sərinlətmiş» olur. Belə ki, ruslar qabaqcıl enerji texnologiyalarının nümayiş olunduğu pavilyonda fon kimi şimal qütbünü- Arktikanı seçiblər. Burada «Arktikanın enerjisi» adlanan bölümdə şimal qütbündə aysberlərin arasında dünyada analoqu olmayan, məşhur «Akademik Lomonosov» üzən atom elektrik stansiyasının maketni görmək mümkündür. Xatırladaq ki, həmin stansiya 20 mindən artıq insanın yaşadığı bir məntəqəni elektrik enerjisi ilə təchiz etmək qabiliyyətinə malikdir.

Sözsüz ki, sərgidə ən böyük pavilyon Qazaxıstana məxsusdur. Sərgiyə evsahibliyi edən ölkə-«Nur-Alem» burada demək olar ki, alternativ enerji mənbələrinin bütün növlərini nümayiş etdirir. Təşkilatçılar öz milli pavilyonlarında elm ilə əyləncənin vəhdətini yaratmağa çalışdığından, ziyarətçilər də sərginin baş mövzusunu asanlıqla qavraya bilirlər.

Rəsmi məlumatlara görə, hazırda ölkədə bərpa olunan enerji sahəsində 50-dən artıq layihə özünün müxtəlif həll mərhələsindədir və onlardan hər biri təqribən 2000 meqavatt gücündədir. Bu isə Mərkəzi Asiya respublikaları arasında Qazaxıstanı şəriksiz lider mövqeyinə yüksəldir. Son beş ildə Avropa İttifaqının maliyyə institutları Qazaxıstanda «yaşıl» enerji layihələrinə 500 milyon avro investisiya yatırıblar.

«Biz çalışırıq ki, Qazaxıstandan neft və uran idxalının azaldaq (Aİ ölkələrinin Qazaxıstandan aldıqları uranın həcmi ölkədən ümimi idxalın 21%-tn təşkil edir-red.) . Biz bərpa olunan enerji mənbələrini inkişaf etdirmək niyyətindəyik. Sözsüz ki, hazırda artıq bir çox layihələr reallaşıb, bəziləri işlənmə mərhələsindədirlər. Son beş ildə Avropa Yenidənqurma və İnkişaf Bankı , Avropa İnvestisiya Bankı tərəfindən ölkədə reallaşan bərpa olunan enerji layihələrinə 500 milyon avro dəyərində investisiya ayrılıb. Hazırda Aİ-nin əsas diqqəti enerjieffektivli binaların tikintisinə yönəldilib»,-deyə «EKSPO-2017» sərgisi çərçivəsində Astanada keçirilən forumda çıxışı zamanı Aİ-nin enerji məsələləri üzrə direktoratının baş direktor müavini Gerasimos Tomas vurğulayıb.

Tarixə nəzər saldıqda aydın olur ki, ümumiyyətlə götürdükdə , «EKSPO»nun iştirakçıları, bir qayda olaraq çalışırlar ki, öz ölkələrinin ən yaxşı nailiyyətlərini nümayiş etdirsinlər. Məsələn, lap uzaq keçmişə baxsaq, görərik ki, 1878-ci ildə Parisdə keçirilən «Ümumdünya sərgisi»ndə Tomas Edisson özünün ixtira etdiyi meqafon və fonoqrafı, Aleksandr Bel telefonun təkmilləşdirilmiş modelini, rus mühəndisi Yabloçkov isə samovara bənzəyən «elektrik şamı»nı nümayiş etdiriblər.

Yerli mətbuatın yazdığına görə,əhali arasında aparılan rəy sorğusunun nəimcələri göstərir ki, «EKSPO-2017»yə olan maraq olduqca yüksəkdir. Rəyi soruşulanların 32 %-i artıq sərgidə iştirak etdiklərini, yaxud da Dünya sərgisnə getməyə hazırlaşdıqlarını bildiriblər. Respondentlərin 66%-i isə dostlarınının , yaxın qohumlarının artıq sərgidə olduqlarını vurğulayıblar.

Sərgi ilə bağlı digər bir maraqlı xəbər ondan ibarətdir ki, xarici tərəfdaşlarda da Qazaxıstana olan maraq xeyli artıb. Hər gün 30 mindən artıq insanın ziyarət etdiyi EKSPO sərgisində qazax xalnının mədəniyyəti, adət-ənənələri, milli mətbəxi, məişəti təbliğ olunmaqla yanaşı, burada eyni zamanda müxtəlif müqavilərlər imzalanır, ölkəyə investiya da yatırılır. Heç şübhə yoxdur ki, belə böyük həcmli tədbirin həyata keçirilməsi zamanı bəzi çatışmamazlıqlar da özünü büruzə verib. Mətbuatın yazdığına görə, təşkilatçılar belə neqativ halları dərhal aradan qaldırmağa çalışırlar.

Analitiklər belə hesab edirlər ki, lakin bütün söylənilənlərə baxmayaraq, Qazaxıstan bu tədbirdə daha çox müsbət məqamları ilə özünü göstərməkdədir. Ekspertlərin sözlərinə görə, heç şübhəsiz, beynəlxalq sərgiyə hazırlıq dövründə paytaxt Astananın zahiri görünüşü xeyli dərəcədə dəyişmişdir. Köhnə tikililər modernləşdirilmiş, yeni-yeni infrasituktur obyektləri inşa edilmişdir. Paytaxtın hava limanında yeni beynəlxalq terminal istifadəyə verilmişdir, dünya standartlarına uyğun yeni dəmiryol vağzalı istismara verilmişdir. İndinin özündə belə paytaxtda yayayış komplekslərinin tikintisi davam etməkdir.
Analitiklərin fikrincə , heç kimə sirr deyildir ki, «Astana EKSPO-2017» böhran dövründə paytaxtda inşasına başlanılan ən böyük tikinti obyektidir. Odur ki, inşaat işləri şəhərin iqisadiyyatına impuls vermişdir. 

Məhz EKSPO-nun köməyi və layihəyə cəlb olunan investisiyanın həcmi sayəsində şəhər infrastrukturunu inkişaf etdirmək, eləcə də bir sıra vacib sosial məsələləri həll etmək mümkün olub.
Və nəhayət, «EKSPO»nun sonrakı taleyinə də aydınlıq gətirilib.Yerli KİV-in yazdığına görə, sərgi məqsədi ilə inşa olunan bina və qurğuların istifadə edilməsi məsələsi də öz həllini tapdı. Belə ki, sərginin pavilyonlarında «Astana» beynəlxalq maliyyə mərkəzi yerləşəcək. Analitiklərin fikrincə, bu, ölkə iqtisadiyyatının inkişafına güclü təkan verəcəkdir. 

Sərginin mərkəzinin digər bölümündə isə Nazarbayev Universitetinin texnoparkları yerləşəcək. Yerli ekspertlər bu qənaətdədirlər ki, belə bir qərarın qəbul edilməsi ölkə həyatında elmi-praktiki layihələrin həllində katalizator rolunda çıxış edə bilər. Bir sözlə, «EKSPO-2017» hələ qarşıdakı illərdə də Qazaxıstan iqtisadiyyatına öz töhfələrini verməkdə davam edəcək.







SON XƏBƏRLƏR

2017-08-19
2017-08-18