2017-08-12 12:18:03   |   358 dəfə oxunub

Tütünçülüyün inkişafı 150 milyon dolların Azərbaycanda qalması deməkdir

Prezidentin birbaşa dəstəyi ilə reallaşan regional iqtisadi islahatlar ənənəvi sahələrin yenidən inkişafına stimul yaratmışdır


Kənd təsərrüfatının inkişaf etdirilməsi ölkə iqtisadiyyatının əsas prioritetlərdən biri sayılır. Bir neçə ildir ki, bu istiqamətdə məqsədyönlü addımlar atılır, islahatlar həyata keçirilir. Xüsusən, pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Elə dövlət başçısının istər keçən il, istərsə də bu il regionlara səfərləri zamanı qeyd edilən sahələrin inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr keçirməsi deyilənlərin əyani sübutudur.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal-qərb regionuna səfəri zamanı Qax rayonunda tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirdi. Müşavirədə geniş və məzmunlu şəkildə çıxış edən dövlət başçısı tezliklə tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramının qəbul olunacağını bildirdi. Beləliklə, çox keçmədən Prezident İlham Əliyev "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Proqramın məzmununa nəzər yetirsək aydın şəkildə görərik ki, sənəd çoxşaxəlidir və onun icrası Azərbaycanda tütünçülüyün inkişafında inqilabi bir yenilik olacaq. Çünki Azərbaycan bu sahədə müəyyən təcrübəyə malikdir. Eyni zamanda tütün istehsalı üçün ölkəmizdə münbit şərait, coğrafi mühit var. Məlumdur ki, Azərbaycanda tütün istehsalı vaxtilə 57-60 min tona yaxın olub. Hazırda isə mövcud imkanlar onun istehsalını hətta 100 min tona çatdırmağa malikdir. Baxmayaraq ki, hazırda ölkədə cəmi 5-6 min ton tütün istehsal olunur. Ancaq təbii ki, bunun üçün yeni istehsal müəssisələri, zavodların tikilməsi, yaxud köhnə, Sovet dövründən qalan zavodların yenidənqurulması şərtdir. Elə Prezidentin təsdiq etdiyi Proqramda da bu məqam öz əksini tapır. Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ölkədə beynəlxalq standartlara uyğun tütün məmulatı istehsal edən müasir zavodun tikilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müvafiq tədbirlər görsün. Öncəliklə onu qeyd edək ki, tütün istehsalı ilə məşğul olan yeni bir zavodun tikilməsi istehsal edilən məhsulun keyfiyyətinin artmasına, ona olan tələbatın çoxalmasına imkan yaradacaq. 

Etiraf etmək lazımdır ki, hazırda ölkəyə idxal edilən tütün məmulatlarının keyfiyyəti heç də istehlakçıları qane etmir. Buna baxmayaraq, tütün və tütün məhsullarına olan tələbat onun Azərbaycana idxalını şərtləndirir. Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramının uğurla icrası isə artıq bu problemi aradan qaldırmış olacaq. Nəticə etibarilə Azərbaycandan tütünün idxalı məqsədilə xaricə çıxarılan valyuta elə ölkə daxilində dövr olunacaq. Bu arada bir məqamı qeyd etmək yerinə düşər. Belə ki, dövlət başçısının Qaxda keçirdiyi müşavirədə qeyd etdiyi kimi, hazırda 10 milyarda yaxın siqaret ölkəyə idxal olunur. Azərbaycana idxal edilən tütün məhsullarının isə cəmi 1,6 milyardı daxili tələbat hesabına ödənilir. Yəni, daxili tələbatın 90 faizə qədərini biz idxal edirik ki, bu da 150 milyon dollara yaxın vəsait deməkdir. Deməli, tütünçülüyün inkişafı, bu məqsədlə qəbul edilmiş Dövlət Proqramının icrası 150 milyon dollara yaxın vəsaitin Azəbaycanda qalması deməkdir. Bura istehsal etdiyimiz keyfiyyətli tütün məhsullarına olan xarici maraq və onun ixrac imkanlarını əlavə etsək kifayət qədər böyük məbləğ edər. 

Prezidentin təsdiq etdiyi Dövlət Proqramı ölkədə məşğulluğun da artırılmasına, işsizlik səviyyəsinin tamamilə minimuma enməsinə səbəb olan amillərdən sayıla bilər. Proqrama əsasən, inşa ediləcək yeni zavodda yüzlərlə işçi çalışacaq ki, bu da şimal-qərb regionunun əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərən amillərdən sayılır. Eyni zamanda bu kənd əhalisinin məşğulluğunun artması demək olacaq. Tütünçülüyün inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı ölkədə sahibkarlar üçün də yeni imkanlar yaradacaq. İş adamları bu sahənin inkişafına sərmayə qoymaqda maraqlı görünəcəklər. Paralel olaraq xarici investorların da ölkəmizə marağının artacağı şübhəsizdir. Çünki ölkədə sahibkarlar üçün yaradılan şərait, onlara dövlət tərəfindən verilən güzəştli kreditlər Azərbaycanı xarici investorlar üçün də cəlbedici ölkəyə çevirir. Bu imkanlardan istər yerli, istərsə də xarici iş adamlarının yararlanmaq istəkləri qıza zamanda özünü büruzə verəcək. Göründüyü kimi, Azərbaycan qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişafında yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələ daxili istehsal hesabına yerli tələbatı ödəməklə yanaşı, ölkəmizin ixrac potensialının artırılmasına, daha çox Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılmasına hesablanıb. Bu istiqamətdə görülən işlər, qəbul edilən qərarlar qısa zamanda uğurlu nəticələrin əldə ediləcəyinə əsas verir.

İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, 2004-cü ildən sonrakı proses dövründə regionlarda infrastrukturun formalaşması prosesi həyata keçirilib. Mövcud infrastrukturun formalaşdırılması nəticə etibarilə investisiyaların cəlb edilmsi baxımından yeni imkanlar yaradır. Onun sözlərinə görə, 2004-cü ildən etibarən də həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları birbaşa regionların infrastrukturunun formalaşmasına zəmin yaradıb: 
"Post-neft dövründə isə regionlarda formalaşmış infrastruktur hesabına biznes, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində regionlarda istehsalın genişləndirilməsinə əlverişli şərait yaradıldı. Hazırda regionlarda tək ənənəvi aqrar məhsulların deyil, eləcə də digər kənd məhsullarının istehsalında artımlar müşahidə edilir. Birinci yarımildə qeyri-neft ixracatı 27 faiz artıb. Bu artım da birbaşa məhz regionların hesabına baş verdi”. 

İqtisadçının sözlərinə görə, Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi post-neft dövründə regionların inkişafı və eləcə də iqtisadiyyatın diversifikasiyası baxımdan vacib tədbir kimi xarakterizə edilməlidir:

"Barama, tütün və fındıq istehsalı Azərbaycan üçün ənənəvi sahələrdir. Azərbaycan Prezidentinin birbaşa dəstəyi ilə reallaşan regional iqtisadi islahatlar ənənəvi sahələrin yenidən inkişafına stimul yaratmışdır. Bu isə həmin sahələri sahibkarlar üçün cəlbedici etməklə yanaşı, məşğulluğun güclənməsi, yeni iş yerlərinin yaradılması, daxili tələbin ödənilməsi və eləcə də qeyri-neft ixracatının artırılması kimi müsbət təsirlərə malikdir. Yalnız fındıq ixracatından Azərbaycan sahibkarları ötən il 105 milyon dollar gəlir əldə ediblər. Bununla belə, ənənəvi kənd təsərrüfatı məhsullarının ixracatından əldə edilən gəlirin daha da artırılması indi əsas hədəflərdəndir. Bu isə ölkəmizə daxil olan valyutanın həcminin artırılması baxımından vacibdir”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17