2017-08-12 14:00:42   |   239 dəfə oxunub

İŞİD-in ideoloji imkanları güclü olaraq qalır

Buna görə İran terrorçu təşkilat üçün əlverişli döyüş poliqonu ola bilər



İŞİD terror təşkilatı video yayımlayaraq İranı yeni bir hücumla hədələyib.
Təşkilat tərəfindən yayımlanan videoda üzü maskalı İŞİD üzvü yanında dayanan iki nəfərlə birgə İranın paytaxtı Tehranda yeni hücumlar törədə biləcəklərini deyib.

Fars dilində danışan terrorçu İraq və Suriyada başı kəsilən insanları xatırladaraq bənzər hadisəni Tehranda da törədəcəklərini bildirib və iranlı gənclərə cihad çağırışı edib. Qeyd edək ki, bundan öncə İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum edilib. Olaylar zamanı 18 nəfər həyatını itirib, 52 nəfərdən çox insan yaralanıb. Məsuliyyəti İŞİD öz üzərinə götürüb.

İŞİD-in İrana qarşı bu hədəsinin ciddi xəbərdarlıq, yoxsa sadəcə "əzələ nümayişi” olması ilə bağlı "Şərq”in sualını cavablandıran İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist-ekspert İlqar Altay deyib ki, tarixən biz terror təşkilatlarının cəmiyyətlər içində gizli fəaliyyətinin şahidi olmuşduq. İŞİD isə 21-ci əsrdə bir terror təşkilatının açıq müharibə aparmaq və hətta toplu-tanklı qanunsuz dövlət qurmaq nümunəsini göstərdi. Ekspertin sözlərinə görə, İŞİD-in ikiqat gücü onun islam dini təlimini radikallaşdırma ideologiyası imkanlarındadır. Bunun da hesabına insanları mənəvi-psixoloji cəhətdən sındırıb özünə təhkim edir.

İŞİD-in son vaxtlar İraq və Suriya bölgələrində güclü dövlətlər tərəfindən hərbi baxımdan sıxışdırılmasını hələ onun məğlub olması kimi dəyərləndirilməsinin doğru olmadığını deyən İ.Altay qeyd edib ki, onun ideoloji imkanları güclü olaraq qalır: 

"Xüsusilə islam mühitinin dominantlıq etdiyi ölkələrdə. Bu baxımdan, İran İŞİD üçün əlverişli döyüş poliqonu ola bilər. Niyə? İran rejimi islam hakimiyyətinin neçə illik uğursuzluğu və öz dini - şiə qaydaları ilə camaat qarşısında gözdən düşüb. Son zamanlar xalq, xüsusən də cavanlar içərisində yeni sünni-vahhabi yönlü ideologiyaya yol açılıb. Ölkədə sanki ideoloji boşluq yaranıb. İŞİD də öz imkanları hesabına bundan məharətlə istifadə etmək niyyətindədir. Bu məqsədini isə özünün terror əməllərini, cəlb etdiyi iranlıların əli ilə həyata keçirə bilər, çünki onların sayı getdikcə artmaqdadır”.

İ.Altayın sözlərinə görə, bu halın az, ya çox dərəcədə Azərbaycana da keçməsi gözləniləndir: 

"Ölkəmizdə İŞİD-in ideoloji bazaları və təəssübkeşləri az deyil. Ona görə də ölkənin xüsusi xidmət və hüquq-mühafizə orqanları diqqəti bu məsələyə artırmalıdırlar. Təbii ki, bu qabaqlayıcı tədbirlər də vətəndaş cəmiyyəti, ictimai xadimlər, mütəxəssislər və KİV orqanlarının dəstəyi ilə daha effektli olar”.

Şəymən







SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17