2017-08-12 18:26:02   |   166 dəfə oxunub

Yola çıxan avtobuslar saz vəziyyətdə olmalıdır

“Son illər bu sahədə çox ciddi irəliləyiş var. Əvvəllər pərakəndəlik vardı, aidiyyəti qurumun tələblərinə, xəbərdarlıqlarına formal yanaşılırdı”

Sürücü hər bir sərnişin üçün məsuliyyət daşıyır



Nasaz avtobuslar Bakıda sərnişindaşımadan kənarlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin qarşısına bunu şərt qoyub. İlin sonuna kimi nasaz avtobusları olan xətlərin lisenziyası geri alınacaq.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, bu tələbə əsasən, bu ilin 6 ayı ərzində 643 avtobus təmir olunub: "Daşıyıcılara xəbərdarlıq edilib ki, qısa zaman ərzində avtobusları əsaslı təmir etsinlər. Yenilərini almaq çətindir, amma sahibkarlar başa düşməlidir ki, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsi üçün avtobuslar əsaslı təmir olunmalıdır”.
M.Ağayev əlavə edib ki, eyni zamanda daşıyıcılara istehsalat bazalarının yaradılması ilə bağlı qoyulan tələb də yerinə yetirilir.

Nəqliyyat Agentliyinin tələbinin mövcud qanunvericilikdən qaynaqlandığını vurğulayan Ərşad Hüseynovun sözlərinə görə, Azərbaycanda avtomobil nəqliyyatı haqqında qanun və Nazirlər Kabinetinin sərnişindaşıma qaydaları ilə bağlı qərarı var. Sərnişindaşımalar da birmənalı olaraq həmin qaydalara uyğun həyata keçirilməlidir: 

"Texniki cəhətdən avtobus saz vəziyyətdə olmalıdır, reys qabağı sürücü müayinədən keçməlidir. Avtobus reys qabağı texniki yoxlamadan keçməlidir. Bu şərtlər daxilində və yalnız dövlət orqanlarının müəyyən etdiyi istiqamətdə daşımalar həyata keçirilə bilər. Əsas məsələ daşımaların təhlükəsiz baş tutmasıdır. Amma təəssüf ki, biz hələ də bunun əksini müşahidə edirik. Avtobus xətt üzrə hərəkət etdiyi yerdə gah təkəri boşalır, gah qapı bağlanmır, gah mühərrik hissədə səs əmələ gəlir. Bunlar hamısı ona görədir ki, avtobuslar lazımi qaydada texniki baxışdan keçirilmir. Ziyanını isə sərnişinlər və sürücülərin özləri çəkir. Avtobus sürücüləri anlamalıdır ki, onlar insanların həyatına cavabdehlik daşıyırlar. Avtobus sürücüsü məsuliyyətli olmalıdır”.

İstehsalat bazalarının olmasını vacib hesab edən Ə.Hüseynov, agentlik bu tələbi ilə daşıyıcılara öz vəzifələrini xatırladır. Daşıyıcıların bu xəbərdarlığa necə əməl edəcəyini isə zaman göstərəcək: 

"Ancaq onu deyə bilərəm ki, son illər bu sahədə çox ciddi irəliləyiş var. Əvvəllər pərakəndəlik vardı, aidiyyəti qurumun tələblərinə, xəbərdarlıqlarına formal yanaşılırdı. Ancaq Bakı Nəqliyyat Agentliyi yaradılandan sonra bu sahəyə ciddi diqqət ayrıldı və nəzarət artırıldı, fəaliyyətdə də xeyli şəffaflıq hiss olunur. Artıq sahibkarlara əlavə maliyyə yükləri qoyulmur. Sahibkarların öhdəlikləri nisbətən asanlaşıb deyə, istehsalat bazalarını yaxşılaşdırıb, avtobuslarını yeniləyiblər. Tam olaraq yenilənmək üçün də külli miqdarda vəsait lazımdır. Sahibkarların heç də hamısı o qədər vəsaitə sahib deyil deyə, aidiyyəti qurumun tapşırıqları 100 faiz icra olunmur”.

Şəymən







SON XƏBƏRLƏR

2017-08-19
2017-08-18