2017-08-12 22:17:40   |   190 dəfə oxunub

Azərbaycan ziyalılarının mətbuat yaratmaq savaşı...

M.Şahtaxtlı, Ə.Ağaoğlu, N.Nərimanovun bu yolda uzun mübarizə salnaməsi var


"Kəşkül” bağlandıqdan sonra "Şərqi-rus”un çapına qədərki müddətdə Azərbaycan dilində heç bir qəzet və jurnalın nəşrinə icazə verilməyib. Bu, çar Rusiyasının müsəlmanlara, məxsusi olaraq Azərbaycan türklərinə qarşı apardığı müstəmləkəçilik, ruslaşdırma siyasətindən doğurdu. Azərbaycan dilində qəzet nəşr etmək istəyənlərə çar III Aleksandrın Qafqaz müsəlmanları üçün söylədiyi "qoy onlar rusca oxusunlar” kəlamını xatırladır, təşəbbüslərin qarşısını alırdılar. Çarizmin yeritdiyi bu siyasətə qarşı mübarizə aparan ziyalılar milli mətbu orqanların çapı üçün bütün vasitələrdən istifadə edirdilər. Çünki onlar gözəl anlayırdılar ki, ictimai fikrin inkişafında, siyasi və ictimai ideyaların mənimsənilməsində, milli şüurun oyanışında anadilli mətbuatın əvəzsiz rolu var.

Bəhs etdiyimiz dövr mətbuat tarixi üzrə tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuatı tarixi (1875-1920-ci illər)” əsərində geniş təsvir olunub. Araşdırmaçı kitabında vurğulayıb ki, "Kəşkül” bağlandıqdan iki ay sonra, yəni 1891-ci ilin dekabrında Ünsizadə qardaşlarından Kamal bəy "Azərbaycan” adında qəzet nəşrinə icazə istəsə də, çar orqanları buna imkan verməyiblər: "Avropa təhsili alaraq ölkəyə qayıdan, milli məfkurəli ziyalı Əhməd bəy Ağaoğlu 1893-cü ildə mətbu orqan yaratmağa cəhd etdi. 1893-cü il 6 dekabr tarixində baş mətbuat idarəsinə müraciət edərək, "Məşriq” adlı qəzetin nəşrinə icazə istədi. Rusiya daxili işlər nazirinin Bakı polismeystrinə göndərdiyi cavab məktubunda isə bunun yolverilməzliyi göstərilirdi: "Azərbaycan dilində qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdir. Baş Mətbuat İşləri İdarəsi belə hesab edir ki, cənab Ağayevin xahişi rədd edilsin. 

"Məşriq”in çapına icazə verilməməsinin səbəbi Ə.Ağaoğlunun çar rejimi nümayəndələrinə panislamist, pantürkist kimi təqdim olunması idi. "Azərbaycan”ın çapına icazə ala bilməyən Kamal Ünsizadə 1896-cı ildə "Letuçiya listok” ("Uçan yarpaq”) adlı mətbu orqan yaratmaq üçün çalışdı. Senzura idarələrinin bəhanələrini kəsmək, qəzet nəşrinə nail olmaq üçün K.Ünsizadə "Letuçiya listok”u mülki müşavir Georgi Klimovski ilə birlikdə nəşr etmək istəsə də, onun bu cəhdi də alınmadı. K.Ünsizadənin "az savadlı, mətbəəçilik işində səriştəsi olmaması” əsas gətirilərək, qəzeti qeydiyyata almaqdan imtina etdilər. Yeni mətbuat yaratmaq istəyi K.Ünsizadəni təkrarən Qafqaz mülki işlər üzrə baş hakiminə müraciətə sövq etdi. 1896-cı ildə o, "Daniş” adlı qəzet nəşrinə ilkin hazırlıq işləri görməyə başladı. Həftədə iki dəfə nəşr olunacaq qəzetin yığcam proqramı və məramnaməsi tərtib olundu. Lakin 13 şöbədən ibarət olacaq "Daniş”in nəşrinə hökumət icazə vermədi. Məqsədinə çata bilməyən K.Ünsizadə yerli elanları dərc edəcək bir qəzetin nəşrinə yenidən razılıq almağa çalışdı. O, mülki müşavir Georgi Klimovski ilə birgə nəşr etmək istədiyi həmin qəzeti "Mestnoye obyavlenie” adlandırdı. Rus və Azərbaycan dillərində çıxarılması planlaşdırılan bu qəzetin gündəlik nəşri nəzərdə tutulsa da, bu cəhd də uğursuzluqla nəticələndi”.

Akif Aşırlı əsərində bəyan edib ki, Azərbaycan mətbuatı tarixində və milli jurnalistikamızın formalaşmasında böyük xidmətləri olan Məhəmmədağa Şahtaxtlı da milli mətbuatın yoxluğunu duyaraq, bu boşluğu doldurmaq üçün fəaliyyətə başladı: 

"O, 1896-cı ilin sonunda həftəlik "Tiflis” adında qəzet nəşrinə hökumətdən icazə istədi. Şahtaxtlı məqsədini izah edərək yazırdı ki, azərbaycanlıların bir dənə də olsa qəzet və jurnalı yoxdur. Onlar Baxçasarayda çıxan "Tərcüman” ilə yanaşı, fars, ərəb və türk dillərində xarici ölkələrdən gətirilən dövri mətbuatı oxumaq məcburiyyətindədirlər. Savadlı olub rus dilini başa düşməyənlər isə rus qəzetlərindən istifadə edə bilmir. Bu səbəbdən onların rus həyatı, ədəbiyyatı, incəsənəti, ümumiyyətlə, mədəniyyəti və ölkə daxilində baş verənlərdən xəbəri olmur. Ana dilində olan qəzet bu baxımdan onlara kömək edər, nəticədə bu zümrənin üzvləri Rusiyaya yaxınlaşar. İcazə üçün M.Şahtaxtlı sənədləri Baş Mətbuat İşləri İdarəsinə göndərir. Baş idarə "Tiflis”in nəşri ilə bağlı Qafqaz Senzura Komitəsinin rəyini tələb edir. Qafqaz Senzura Komitəsinin müsbət rəy verməsinə baxmayaraq qəzetin proqramı yenidən araşdırılır. Rusiya Baş Mətbuat İşləri İdarəsi "Tiflis”in sənədlərini böyük rus şovinisti, senzor Simirnova rəy üçün göndərir. 

Şahtaxtlının ərizəsi və qəzetin məramnaməsi ilə tanış olan Simirnov geniş rəy yazaraq, 1897-ci il yanvar ayının 7-də Baş İdarəyə təqdim edir. Şahtaxtlının qəzet nəşr etmək təşəbbüsünü "xeyirxah niyyət” adlandıran, onun bu sahədəki səylərini "hər cür təqdirə və mükafata layiq görən” Simirnov arayışında yazırdı: "Axı məsələ bunlarda deyil, bu xeyirxah niyyətlərin hansı vasitələrlə həyata keçiriləcəyi də çox əhəmiyyətə malikdir, ancaq bu vasitələr cənab Şahtaxtlının ərizəsində o qədər də aydın deyil”. Simirnov öz mülahizələrini genişləndirərək Şahtaxtlının ərizəsindəki hər bir ifadənin sətiraltı mənasına diqqət çəkib: "Cənab Şahtaxtinski həm qəzetin istiqamətini, həmçinin gələcək qəzetin məzmununu özü lazımınca dərk etmir. Qəzetin səhifələrini müxtəlif Şərq bağırtıları ilə doldurmaqla məşğul olmaq istəyir. 

Başa düşmək çətin deyil ki, bu qafqazlılar üçün də ümumi dövlət dili olan rus dilinin kənar edilməsinə və eyni zamanda hətta ərəb dilinin saxlanılmasına səbəb olar və buna rus mənafeyinə xidmət kimi baxıla bilməz”. Baş Mətbuat İdarəsi Simirnovun rəyini aldıqdan iki gün sonra, yəni 1897- ci il yanvarın 9-da Qafqaz Senzura Komitəsinə bu məzmunda məktub göndərir: "Bizə qeyri-millət və qeyri-dindaşların yaxınlaşması yalnız maarifin yayılması ilə mümkündür, onun da silahı rus dili olmalıdır. Əks təqdirdə, ümumi müsəlman dövri mətbuatı nəşrinin təşəkkülü müsəlmanları rus vətəndaşlarına nəinki yaxınlaşdırar, hətta uzaqlaşdırar. Şahtaxtinskinin türk Azərbaycan şivəsində qəzet nəşrini əsaslandırması bu vaxta qədər olmayan qəbilə dilində xüsusi jurnalistikanın başlanğıcını qoyacaq, beləliklə də Zaqafqaziya tatarlarının (Azərbaycan türklərinin) Rusiyadan daha çox uzaqlaşmasına səbəb olacaqdır”.

Bu izahatdan göründüyü kimi, Azərbaycan türklərini "qəbilə” hesab edən Rus imperiyası çinovnikləri bu "qəbilə”nin öz ana dilində mətbuat yaratmasını qəbul etmir. Onları daim öz müstəmləkəsində görür, milli-mənəvi dəyərlərinin yox olmasına çalışırdılar. Sonralar "Tiflisskiy listok” qəzetindəki məqaləsində Şahtaxtlı rus şovinisti Simirnovla olan görüşünü təsvir edərək yazırdı: "Var qüvvəmlə ona dil töküb xahiş etdim, lakin bundan bir şey çıxmadı. O dedi ki, "tatar dilində heç bir qəzetə icazə verə bilmərəm. İstəyirsinizsə, rusca qəzet çıxarmanıza icazə verim. Qoy tatarlar sizdən nümunə götürüb rusca oxusunlar. Siz rus dilində əla danışırsınız, tatar qəzeti nəyinizə lazımdır?”. Dedim ki, "mən öz həmvətəndaşlarımın hamısının tərəqqisinə kömək etmək istəyirəm. Tatarlar hamısı rus dilində təhsil ala bilməzlər. Bu ancaq varlı ailələrə müyəssər olan bir nemətdir”. O isə dedi ki, "qəzet xalqın nəyinə lazımdır? Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar isə gedib sürülərini otarsınlar”. Simirnovun bu cavabı Rus imperiyasının tərkibində olduğu xalqlara qarşı apardığı milli ayrıseçkilikdən, rus millətçiliyindən doğurdu”.

Tədqiqatçı-jurnalist A.Aşırlı kitabında vurğulayıb ki, Azərbaycanda milli mətbuat yaratmaqla xalqın maariflənməsinə, milli özünüdərk prosesinə təkan verməyə çalışan ziyalılardan biri də Nəriman Nərimanov idi: 

"Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bir müddət Borçalıda müəlliklik edən Nərimanov Bakıya köçür və ictimai işlərlə məşğul olurdu. O, pedaqoji fəaliyyətlə yanaşı, Bakıda "Kaspi”, Baxçasarayda "Tərcüman”, Kəlküttədə "Həbil-mətin” kimi mətbu orqanlarla əməkdaşlıq edir, günün vacib məsələləri haqqında məqalələr yazırdı. Nəhayət, onun özü də qəzet nəşr etməklə xalqın maariflənməsinə kömək etmək istəyir. O, 1896-cı ilin mart ayında müəllim dostu S.M.Qənizadə ilə birlikdə "Sovqat” adında uşaq jurnalı nəşr etmək üçün çalışır. Azərbaycan məktəbləri üçün nəzərdə tutulan "Sovqat” ayda bir dəfə, şəkilli çıxmalı idi. "Sovqat”ın nəşrinə icazə ala bilməyən N.Nərimanov bir neçə ildən sonra yenidən qəzet çıxarmağa təşəbbüs edir. Müvafiq idarələrə müraciət edərək Azərbaycan və rus dillərində çapı nəzərdə tutulan "Təzə xəbərlər” adlı qəzetin nəşrinə icazə istəyir. Ancaq bu dəfə də Nərimanovun arzusu reallaşmır. Bakı şəhər məktəblərinin müəllimləri S.M.Qənizadə və Həbibullabəy Mahmudbəyov 1896-cı ilin may ayında "Nübar” adlı ədəbi-pedaqoji jurnal nəşr etməyə qərar verirlər. Hər iki müəllimin imzaladığı ərizədə deyilir: "Bizdə, Rusiyada rus müsəlmanları üçün bir dənə də olsun ədəbi jurnalın olmaması üzündən Zaqafqaziya müsəlmanları hələ də məişətdə fars kitablarını oxumaqda davam edirlər”. 

Lakin çar orqanları "Nübar”ın çapına icazə vermədi. Bu dəfə isə S.M.Qənizadə "Çıraq” adlı qəzetin nəşrinə razılıq almaq istəyir, ancaq yenə də onun istəyi baş tutmur. Azərbaycan ziyalılarının göstərdikləri fədakarlığa, təşəbbüslərə baxmayaraq XIX əsrin son on illiyində anadilli mətbu orqan yaratmaq mümkün olmadı. Ancaq bu dövrdə Qafqazda rus dilində 20-dən artıq mətbuat orqanı fəaliyyət göstərirdi. Bu mətbu orqanların bir neçəsi isə Bakıda nəşr olunurdu”.
A.Aşırlı kitabında bildirib ki, Bakıda nəşr olunan rusdilli mətbuat orqanları Qafqazın digər bölgələrindəki qəzetlərlə eyni siyasi ideyaların daşıyıcısı idi: "Bu nəşrlərin əsas vəzifəsi Çar Rusiyasının yeritdiyi ruslaşdırma ideyasına xidmət edirdi. Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok” hesab edilir. Bu qəzetin baş redaktoru Bakı gimnaziyasının müəllimi Xristian Sink idi. O, Bakı qubernatoru, general-leytenant Kalyubaykinə 1870-ci il 25 fevral tarixli ərizəsində öz məqsəd və məramını belə izah edirdi: "Bakı quberniya əhalisinin öz mətbuat orqanının olmasına görünən tələbi və şəxsi istəyim, mənə yaxın olan cəmiyyətin xeyrinə bütün qüvvəmi sərf etmək arzusu doğurmuşdu. Bu cəhət məni siz həzrətdən Bakı şəhərində qəzet nəşrinə icazə istəmək cəsarətinə məcbur edir”.
1870-ci il dekabr ayının 3-də qəzetin çapına rəsmi icazə verildi. İlk nömrəsi 1871-ci il martın 19-da çıxmış qəzet iyun ayında bağlandı. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olundu, həmin il iyunun 3-dək fəaliyyətini davam etdirdi. Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi mətbəəsində çap olunurdu. X.Sink "Bakinskiy listok”da Azərbaycan şöbəsi açmaq üzərində də düşünürdü. Qəzetin nəşrinə verilən icazə şərtlərində bu barədə qeyd də var.

"Bakinskiy listok”un Azərbaycan dilində ruscadan tərcümə olunmuş məqalələrin çapına icazəsi vardı. Lakin senzorun Azərbaycan dilində bilməməsi səbəbindən bu iş Azərbaycan dilini yaxşı bilən məmurlardan birinə həvalə olunmalıydı. Qəzetin ilk sayındakı baş məqalədə bu məsələyə də toxunulub: 

"Sevinirik ki, bizim tatar dilində (Azərbaycan türkcəsi) ilk qəzet yaratmaq səylərimiz səmərəsiz qalmadı. Elanımız kütlə tərəfindən rəğbətlə qarşılandı, abunəçilərin miqdarı gözlədiyimizdən də çox oldu. Abunə hətta ucqar kəndlərə də yayıldı və biz tamamilə ümidvarıq ki, öz fəaliyyətimizi kiçik qardaşlarımızın rifahına həsr edəcəyik”. Redaksiya daha sonra abunəçilərdən üzr istəyərək mətbəə çətinliyini nəzərə almağı xahiş edirdi. "Bakinskiy listok” qəzetinin 1872-ci il 26 fevral tarixli sayında Həsən bəy Zərdabinin "Cəmiyyəti xeyriyyə” təşkilinə başlaması haqqında məqaləsi dərc olunub. Bakıdan köçdükdən sonra Xristian Sink Moskvada yaşayıb, pedaqoji və jurnalistlik fəaliyyətini davam etdirdi. Həsən bəy Zərdabi ilə dost olan X.Sink Moskvada yaşadığı illərdə daim onunla məktublaşmışdı.

1876-cı ildə Bakıda "Bakinskiy izvestiya” adlı ikinci bir rus qəzeti nəşrə başladı. "Bakinskiy izvestiya” Quberniya İdarəsinin rəsmi orqanı idi və general-qubernator D.S.Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu. Staroselski 1875-ci ildə "Əkinçi” qəzetinin nəşrinə də kömək göstərmişdi. Bu barədə Zərdabi "Rusiyada əvvəlinci türk qəzetəsi” məqaləsində yazırdı: "Bəs qəzetəni necə çıxarım? ... Dövlət tərəfindən izn almaq da ki, böyük bəladır. Bizim qubernator mütəvəffi, doğrudur, xalis rus idi, amma onun övrəti gürcü qızı idi. Ona görə Qafqazın yer əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetənin adını "Əkinçi” qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izn aldım”. Staroselskinin çıxardığı "Bakinskiy izvestiya”nın əsas məqsədi Bakı Quberniyası haqqında oxuculara məlumat vermək idi. O, hələ qəzet çıxarmazdan xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbəə açmış, çapçılar dəvət etmişdi.
Həsən bəy Zərdabi də "Bakinskiy izvestiya” ilə əməkdaşlıq edir. 1888-ci ildən sonra qəzet "Bakinski torqovo-promışlenin listok” adı ilə çıxmışdır. 1894-cü ilin yanvarından "Bakinskiy qubernskiy vedomosti” yeni bir qəzet də fəaliyyətə başladı. Qəzetin teleqram və elanlar adlı əlavələri də var idi. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində çap olunurdu. "Bakinskiy qubernskiy vedomosti” 1916-cı ilə qədər çıxıb”.

İsmayıl Qocayev


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17