2017-08-22 19:06:52   |   473 dəfə oxunub

Biri intihara cəhd edir, digər isə telefonla çəkib paylaşır" - Biganəlik

Elnur Rüstəmov: " İnsanların bir-birinə ögeyliyi, hər şeyin bayağılaşması, şoulaşması insan taleyini arxa plana keçirib"

"İnsan həyatına laqeydlik mənəvi cəhətdən ürək ağrıdan haldır”


"İnsan həyatının, sanki, dəyəri qalmayıb”.

Bu sözləri "Sherg.az”a bədbəxt hadisələr zamanı insanların başqalarına kömək etmək əvəzinə mobil telefonlarla hadisəni qeydə alıb, sosial şəbəkələrdə qəhrəmanlıq etmiş kimi paylaşmasına münasibət bildirərkən psixoloq Elnur Rüstəmov deyib. 

O bildirib ki, insanların bu cür addımları normal yanaşma deyil:

"Bu, patologiyadır. Belə hallara qarşı çıxış etməliyik, buna norma, qayda kimi baxa bilmərik. Söhbət insan taleyindən gedirsə, bu cür tamaşalara imkan vermək olmaz. Başqa məqamda şəkil çəkmək, canlı yayım etmək, başqalarına şou göstərmək normal qəbul oluna bilər, lakin yanında insan ölürsə, bunu şoulaşdırmaq düzgün deyil”.

Xüsusilə gəclərin belə addımlar atdığını diqqətə çatdıran psixoloq deyib ki, ətrafdakı insanlar bəzən onları yayındırmaq əvəzinə eyni situasiyaya qoşulurlar:

"Bu gün ən böyük problemimiz insanların bir-birinə qarşı biganəliyidir. İnsan faktorunun arxa planda qalması, insanların bir-birinə ögeyliyi, hər şeyin bayağılaşması, şoulaşması insan taleyini arxa plana keçirib.

Bir ibrətamiz misal yadıma düşdü: Zəmi yanır, bir kəltənkələ quyruğunu bulayıb, odu daha da artırır. Lakin bir balaca sərçə isə dimdiyində çaydan su aparıb, yanan zəmini söndürməyə çalışır. Sərçədən soruşurlar ki, sənin gətirdiyin o bir damcı su nə edə bilər ki? Sərçə isə "mənim əlimdən bu gəlir, edirəm, başqasının əlindən quyruğunu bulayıb, odu artırmaq gəlir, o da elə edir” – deyə cavab verir.

Bu misaldan çıxartdığımız nəticə də budur ki, insana yardım etmək və ya əksinə addım atmaq da insanın niyyətinə bağlı bir şeydir. Bu prosesdə kömək edə bilən gedir, köməklik göstərir. Kiminsə niyyətində bunu çəkmək, şoulaşdırmaq varsa, o da bildiyini edir. Bütün hallarda isə insan həyatına laqeydlik mənəvi cəhətdən ürək ağrıdan haldır”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21