2017-08-23 10:35:51   |   281 dəfə oxunub

Ermənilər yalnız röya görə bilər

“Qarabağ problemi həll edilməyənə qədər Türkiyənin Ermənistanla sərhədlərini açması mümkün deyil”


Dağlıq Qarabağ münaqişəsi həll olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərilən təşəbbüslərin səmərə vermədiyi dəfələrlə müşahidə edilib.
2009-cu ildə imzalanmış Türkiyə-Ermənistan protokollarının icra edilməməsinin iki əsas səbəbi var idi - Azərbaycan və Türkiyə ictimaiyyətlərinin reaksiyaları.

Protokolların imzalanma səbəbləri də bəlli idi. Belə ki, Türkiyənin Avropa Birliyinə üzv kimi qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması idi.

Həmin vaxt istər Azərbaycan ictimaiyyəti, istərsə də Türkiyə cəmiyyəti tərəfindən sərhədlərin açılması məsələsinə sərt təpki verildi. Elə Türkiyə rəhbərliyi də, sərhədlərin açılması məsələsində həvəsli olmadığını göstərdi.

2009-cu ildə isə məsələyə nöqtə qoyuldu. Həmin il, mayın 13-də o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğan, Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanat göstərdi ki, mövcud şərtlər altında, yəni Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Türkiyənin digər rəsmi şəxsləri də dəfələrlə Dağlıq Qarabağda işğal başa çatmadan sərhədlərin açılmayacağını bəyan ediblər.

Amma işğalçı Ermənistan hər vəchlə bu məsələni zaman-zaman gündəmə gətirir. Bu günlərdə Türkiyənin Rusiya ilə yaxınlaşması sərhədlərin açılması məsələsini yenidən aktuallaşdırıb.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu deyib. O bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. AİB-də işğalçı Ermənistan da təmsil olunduğundan bəzi şərhçilər bunu Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyini qeyd edirlər.

Artıq Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, AİB ilə anlaşma imzalamaq üçün qurumun İrəvanın razılığına ehtiyacı var. Erməni mediası isə iddia edir ki, rəsmi İrəvan Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilər.

Lakin unutmaq olmaz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqədar deyil. Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan protokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq ermənilər nə "soyqırım”ın tanınması, nə təzminat almaq, nə də ərazi iddialarından geri durmur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya həftə sonu gerçəkləşdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir. Geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir.

Azərbaycan analitikləri də bildirirlər ki, Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşması, qardaş ölkənin Ermənistanla sərhədlərinin açılması anlamını vermir. Çünki faktiki olaraq, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün, sərhədlər bağlanıb. İşğal davam etdiyi üçün də bunun açılması gözlənilmir.

Analitik Elçin Mirzəbəyli qeyd edir ki, Türkiyə ilə Avrasiya İqtisadi Birliyinin gömrüklə bağlı ortaq razılaşmanın meydana gələ biləcəyi ehtimalı ortalıqdadır: 
"Gömrük münasibətlərinin qurulması Ermənistanla sərhədlərin açılması, eləcə də Türkiyə-Ermənistan diplomatik münasibətlərinin ortaya çıxacağı anlamına gəlmir. Bu məsələdə ən çox aktivlik nümayiş etdirənlə ermənipərəst dairələr, Ermənistan mətbuat orqanları və Rusiyadakı erməni mənşəli və onların çalışdığı kütləvi informasiya vasitələri, internet resurslarıdır. Məqsədyönlü şəkildə gömrüklə bağlı hansı münasibətlərin qurulacağı, hansı ölkələrlə əlaqələrin tənzimlənəcəyi vurğulanmır. Məsələnin yalnız Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcəyi, eyni zamanda sərhədlərin açılacağı məsələsi gündəmə gətirilir. Təbii ki, bunlar təxribat xarakterli məlumatlardır. Çünki Türkiyə ən yüksək səviyyədə Ermənistanla sərhədlərin Azərbaycan ərazilərinin işğaldan azad olunmayacağı təqdirdə açılmayacağını bəyan edib. Gömrük İttifaqı ilə münasibətlərin genişlənməsindən söhbət gedirsə, bu daha çox Rusiya və Türkiyə münasibətləri ilə bağlı olan məsələdir, nəinki Ermənistanla. Burada sadəcə olaraq sadələşdirilmiş gömrük keçidlərindən söhbət gedə bilər. Bu da hələ ehtimal olaraq ayrı-ayrı ekspertlər tərəfindən səsləndirilən fikirlərdir. Bu baxımdan hesab edirəm ki, bu cür məlumatların heç bir əsası yoxdur və reallaşacağı da mümkün deyil”.

"Qarabağ problemi həll edilməyənə qədər Türkiyənin Ermənistanla sərhədlərini açması mümkün deyil”. Bunu isə politoloq Vüqar Zifəroğlu deyib. O qeyd edib ki, Türkiyə ilə Ermənistan münasibətlərində kifayət qədər ciddi və həll edilməmiş problemlər mövcuddur: 

"Ermənilərin konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası öz əksini tapıbsa və dövlət gerblərində də bunu təsvir etməkdədirlərsə, qondarma və heç bir tarixi əsası olmayan soyqırım iddiaları ilə Türkiyəyə qarşı çıxış edirsə, demək ki, bu iki ölkə arasında normal münasibətlərdən söhbət gedə bilməz. Məsələnin Rusiya-Türkiyə münasibətləri ilə əlaqəsi yoxdur. Birmənalı şəkildə vurğulanmalıdır ki, sərhədlərin açılması Rusiya-Türkiyə münasibətlərinin hansı səviyyədə olması və ya gələcəkdə yüksəlməsindən asılı deyil. Bunu Yerevan anlamalıdır. Əslində anlayırlar da. Sadəcə iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın arasında hansısa soyuqluq yaratmaq cəhdləri göstərirlər ki, bu da baş tutan deyil. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birbaşa təcavüzkar dövlət olaraq ikincinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasından, eləcə də Türkiyəyə qarşı yuxarıda sadaladığım iddialarından imtina etməsindən asılıdır”.

Anar







SON XƏBƏRLƏR

2017-11-18
2017-11-17