2017-09-12 11:48:11   |   842 dəfə oxunub

Zülmətə qaçanlar...

Əsir düşən İŞİD-çilərin arasında azərbaycanlı qadın və uşaqlar var


İraq ordusu Mosulda İŞİD-in tərkibində vuruşan 1400 döyüşçünü, arvadları və uşaqları ilə birlikdə əsir götürüb. Əsirlər arasında xeyli sayda azərbaycanlı qadın və uşaqların olduğu bildirilir. İraqlı səlahiyyətlilər saxlanılan şəxslərin böyük bir qisminin Türkiyə, Tacikistan, Azərbaycan və Rusiyadan gəldiyini ifadə ediblər.

Verilən məlumata görə, ələ keçən əsirlərin vəziyyəti çox pis olub: "Biz onların, su, qida və sığınacaq kimi təməl ehtiyaclarını qarşıladıq. Buradan çölə çıxmalarına icazə verilmədiyi üçün onların gələcəyi naməlumdur. İraq hökumətinin əsas insan hüquqlarına hörmət göstərərək, ən qısa zamanda onların gələcəyi ilə bağlı qərar verməsini gözləyirik”. 

Məsələni "Şərq”ə dəyərləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, İŞİD terror təşkilatına qoşulanlar içərisində postsovet ölkələrinin vətəndaşları, o cümlədən azərbaycanlılar çoxluq təşkil edir. 

Araşdırmaçı bildirib ki, terror qruplaşmalarına qoşulan şəxslərin əksəriyyəti ailələrini, qadın və uşaqlarını da özləri ilə aparırlar: 

"Son illər Azərbaycanda islam radikalçılığının, ekstremizmin və fanatizmin təbliğatı kifayət qədər güclü aparılıb. Yalnız güclü təbliğatın hesabına bir adam öz ailəsini aparıb başkəsən İŞİD-in, odun-alovun içinə qoşa bilər. Ölkəmizdə zəruri məsələlər olanda yüz adamı bir yerə yığmaq müşkül olur, səfərbərlik elan etsən, yenə adam tapmazsan. 

Axı kimi məcbur etmək olar ki, neçə-neçə ölkənin sərhədini keçib İŞİD-in ölüm zülmətinə girsin? Deməli, uzun illərdir cəmiyyət içində mövcud olan ideoloji boşluğu zərərli və təhlükəli məqsədlər güdən müəyyən dini qruplar doldurublar. Keçmiş MTN də bu sahədə fərsiz işləyib”. 

Ekspertin sözlərinə görə, bəzi postsovet ölkələrindəki çətinlikləri, ədalətsizliyi, korrupsiya hallarını, məmur özbaşınalığını gözardı etmək olmaz:

"Belə məqamlar zamanla insanlarda daxili küskünlük yaradır, onlar ölkələrindən başlarını götürüb gedirlər. Lakin İŞİD-in timsalında sübut olundu ki, ekstremist-terror "hakimiyyəti” yaratmaq, insanlara qarşı vəhşiliklər etmək, dünyadan təcrid olunmaq acı sonu qaçılmaz edir. Axı terrorçular hansı "cihaddan”, "şəhidlikdən” danışırlar ki, çətinə düşən kimi saqqallarını qırxıb, qadın paltarı geyinib qaçırlar?! İŞİD-in vəhşilərdən ibarət quldur yığını olması zamanla hamıya bəlli olur”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22