2017-09-12 12:21:49   |   396 dəfə oxunub

“Gecikmələr oldu...”

“Vahid müəllimin dediklərində böyük həqiqət var”

“Problemli kreditlərlə bağlı məsələ 3 il bundan öncə həll olunsaydı, indiki şərait yaranmazdı”


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bank sistemində mövcud olan problemlərdən "modern.az”a danışıb. Millət vəkilinin sözlərinə görə, artıq Azərbaycanda əhalinin banklara olan kredit borcu 1,8 milyard manata yaxınlaşıb. Keçən il isə bu rəqəm 1.6 milyard manat idi.

"Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Deyirlər ki, banklarda sağlamlaşdırma prosesi, sağlamlaşdırılma aparılır. Amma mən onu görmürəm. Çünki banklar bu gün də 28-30 faizlə kredit verirsə, hansı sağlamlaşdırmadan söhbət gedə bilər?”.

Deputat bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən işlər görür. Amma bunun effekti yox səviyyəsindədir: 

"Effekt o zaman olardı ki, keçmiş kreditlərin həcmi azalardı. Həmçinin, insanlar normal kredit ala bilərdilər. Banklar da insanlara müəyyən güzəştlərə gedə bilərdi. Düzdür, müəyyən banklar var ki, güzəştlər edirlər. Biz o vaxt bununla əlaqədar müəyyən təkliflər verdik. Bildirdik ki, dollarla olan kreditlərin qaytarılmasını 4 tərəf bölüşdürsün. Bununla da dollarla olan kreditlərin məsələsi həll edilsin. Çox təəssüflər olsun ki, təkliflərimiz qəbul edilmədi”.

V.Əhmədov qeyd edib ki, insanların banklara kredit borcları azalmaq əvəzinə artır:

"Bu rəqəm getdikcə azalmaq əvəzinə, artır. Bir il bundan əvvəl kredit borcu 1,6 milyard manat idisə, hazırda 1, 8 milyard manatdır. Bu da maliyyə, kredit bazarına çox ciddi təsir göstərəcək. Hesab edirəm ki, dövlət orqanları, Maliyyə Bazarlarına Nəzarət Palatası, banklar bir araya gəlib, müəyyən addımlar atmalıdırlar. Banklarda ölmüş kreditlər var. Banklar da bilir ki, həmin kreditlər qaytarılmayacaq. Banklar insanları məhkəməyə verir, onların əmlaklarını əllərindən alırlar. Bu gün girov məsələsi çox ciddidir. Hesab edirəm ki, bu məsələlər dövlət səviyyəsində öz həllini tapmalıdır”.

Məlumdur ki, dollar məzənnəsində olan dəyişikliklər və bəzi iqtisadi tendensiyalardakı mövcud durum əhalinin maddi durumunu çətinləşdirib. Xüsusilə problemli kreditlər cəmiyyətin və iqtisadiyyatın ciddi müzakirə obyektlərindən biridir. Bəs, bank sektorunda olan bu pərakəndə vəziyyət öz həllini necə tapa bilər?

... bütün məsuliyyəti əhaliyə yükləmək düzgün deyil

İqtisadçı-ekspert Natiq Cəfərlinin "Şərq”ə açıqlamasına görə, banklar hətta cüzi ödəniş olan kredit borclarını öz balanslarında problemli kredit kimi göstərməkdə çəkinirlər. Əslində problemli kreditlərin həcmi daha çoxdur. İqtisadçı bildirib ki, rəsmi rəqəmlərdə problemli kreditlər 13-14 faiz kimi göstərilsə də, beynəlxalq agentliklərin hesablamalarına görə, 25 faizdən çoxdur:

"Dünya banklarında problemli kreditlərin həcmi 3 faizdən çox olduqda ciddi tədbirlər planı görünür. 3 faiz artıq kritik hədd sayılır. Bu anlamda Vahid müəllimin dediklərində böyük haqq var. Getdikcə problemli kreditlərin həcmi artır, bankların işləmə qaydalarında zəifləmələr olur, onlar artıq öz funksiyalarını-iqtisadiyyatı kreditləşmə funksiyasını həyata keçirə bilmirlər. Problemli kreditlərlə bağlı məsələ 3 il bundan öncə həll olunsaydı, indiki şərait yaranmazdı. Təəssüf ki, çox ciddi gecikmələr oldu. İndi isə o hədd çatıb ki, dövlətin və neft fondunun dəstəyi olmadan problemi həll etmək mümkün deyil. 2 il əvvəl təklif etmişdik ki, kreditlərin qaytarılması 3 yerə bölünsün. Mərkəzi Bank və yaxud dövlət strukturları, bank və əhali arasında bölünməli idi. 2 il öncə belə bölünüb kredit yükü vətəndaşların çiynindən azaldılsaydı, bəlkə də indiki vəziyyət yaranmazdı. Məsələ elə bir həddə çatıb ki, bir çox vətəndaşlar ümumiyyətlə kreditləri ödəmək qabiliyyətini itiriblər. Çünki əksəriyyət krediti valyuta ilə götürmüşdü və faizlər olduqca yüksəkdir.

 Valyuta ilə götürdükləri kredit avtomatik olaraq 2 dəfə bahalaşıb. Məsələn, ayda 200 manat ödəməli olan vətəndaş indi 600 manata yaxın ödəmə etməlidir. Maraqlı bir faktdır ki, Azərbaycan məhkəmələrində iş yükünün az qala 70 faizi banklarla vətəndaşlar arasında olan problemlərə həsr olunub. Bu da çıxış yolu deyil. Vətəndaşın üzərinə bütün məsuliyyəti yükləyib onu borc altında buraxmaq doğru yol deyil. Bunun bir mənbəyi tapılmalıdır. 

Təqribən 8 milyard manata yaxın vəsait lazımdır ki, həm bankların yenidən işləməsinə şərait yaransın, həm problemli kreditlərin həllində müəyyən addımlar atılsın. Bu vəsaitin mənbəyi tapılmasa, problemi həll etmək çətin olacaq. Vəsaitin mənbəyi də ya dövlət büdcəsi, ya da neft fondu olmalıdır. Bu zaman da büdcəyə və neft fonduna böyük yük düşə bilər. Ona görə də bu vəsait illərə bölünsün, məsələn, 3 illik bir plan qəbul olunsun, hər il 1.5-2 milyard manat ayırmaqla problemin həllində irəliləyişlərə nail olmaq mümkün olsun”.

... bank sektoru iqtisadiyyatın "qan-damar sistemi”dir

N.Cəfərlinin, fikrincə bank sektorundakı vəziyyət düzəlməsə banklar öz funksiyalarını, yəni iqtisadiyyatın kreditləşməsi funksiyasını yerinə yetirə bilməsələr, iqtisadi artım tempi azala-azala gedəcək: "Çox təəssüf ki, bu il də rəsmi rəqəmlərə görə iqtisadiyyat 1 faizə yaxın daralıb. Bunun da əsas səbəblərindən biri bank sektorunda olan acınacaqlı vəziyyətdir. Bank sektoru iqtisadiyyatın "qan-damar sistemi”dir. Qan-damar sistemində problemlər varsa, ümumi iqtisadiyyatda problemlər var deməkdir. Və iqtisadiyyatın halsızlaşmasına gətirib çıxarır, necə ki, biz bunu indi görürük. Kreditlərin faizlərinin də yüksək olması iki məsələ ilə əlaqədardır. 

Həm mərkəzi bankın uçot dərəcəsi yüksəkdir, 2-ci bankların özlərinin xərcləri ilə bağlı üzərinə qoyduqları faizlər çox yüksəkdir. Normal iqtisadi aktivlik üçün və iş adamlarına kredit götürməyin sərf olunan səviyyəyə gətirilməsi üçün hətta bir rəqəmli kredit hədləri müəyyən olunmalıdır ki, ölkədə ciddi aktivliyə kömək olsun. Normalda biznes kreditləri 10 faizi keçməməlidir, Azərbaycanda 15-30 faiz biznes kreditləri verilir. İş adamı iş həyatında nə qədər qazanmalıdır ki, həm vergisini, həm faizləri ödəsin, həm də özü qazansın. İndiki şəraitdə bu, demək olar ki, mümkünsüzdür. Ona görə bu problemin həllində Mərkəzi Bank, hökumət, kommersiya bankları birgə addımlar atıb məsuliyyəti vətəndaşın üzərindən götürməlidirlər”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-11-18
2017-11-17