2017-09-12 12:58:01   |   141 dəfə oxunub

Müəllimlərin iş yerləri dəyişdirilir

Ekspert hesab edir ki, bu qərar təhsilimizə yeni nəfəs gətirəcək


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib ki, bu il 651 müəllim BŞTİ-nin tabeliyindəki orta məktəblərə işə qəbul olunub. 275 müəllimin iş yeri isə BŞTİ-nin tabeliyindəki orta məktəblərə dəyişdirilib.

Qeyd edək ki, hazırda təhsilimizin gündəmində olan məsələlərdən biri müəllimlərin regionlarda deyil, paytaxtda işləmək istəyidir. Hətta müxtəlif rayonlarda kadr çatışmazlığının da şahidi oluruq. 


Bəs, müəllimlərin Bakı şəhərinə üz tutmalarının əsas səbəbi nədir? Regionlarda əmək haqqı aşağıdır, yoxsa bu hal coğrafi amillərlə bağlıdır?

Yerdəyişmə qaydası ilə Bakı şəhərinə gələn müəllimlərin Azərbaycan təhsili üçün yeni "nəfəs” gətirəcəyini deyən təhsil üzrə ekspert Kamran Əsədovun fikrincə, onların paytaxta üz tutmalarının əsas səbəbi ailələrinə yaxın olmaq istəyidir. 

Ekspertin sözlərinə görə, regionlarda müəllimlərin əməkhaqqı kifayət qədər qənaətbəxşdir və maddi sıxıntı üzündən onların Bakıya üz tutması inandırıcı deyil:

 "Bu ildən etibarən müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydasına dəyişiklik edildi və yalnız Təhsil Nazirliyinin müsahibəsi vasitəsi ilə onların məktəblərə və iş yerlərinə dəyişiklik edildi. 

Ümumilikdə yerdəyişmə üçün bir sıra səbəblər var. 1-ci səbəb ondan ibarətdir ki, bir çoxlarının ailəsi Bakıda yaşayır, amma onlar az bal topladıqları üçün regionlardan işləyirlər. İndi isə yaradılmış şəraitdən istifadə edərək, imtahan verib Bakı şəhərinə üz tuturlar. Hesab edirəm ki, belə müəllimlərin bilik və bacarıqları standartlara cavab verdiyinə görə və topladıqları bal digərlərindən üstün olduğu üçün onların yerdəyişməsi mütərrəqqi olacaq, həmçinin təhsilin inkişafına təkan verəcək.

Bu gün regionlarda şagirdlərə nisbətən müəllimlərin sayının az olması danılmaz faktdır. Lakin bu problemlərlə bağlı hansı yerlərdə ki boşluq var, Təhsil Nazirliyi həmin yerlərdə müəllimlərin işə qəbulunu həyata keçirir. Yalnız 2017-ci ildə 12 mindən çox vakant yer elan olunmuşdu. Bu da o deməkdir ki, regionlarda müəllim azlığı ilə bağlı problem 90 faizə qədər aradan qaldırılıb. Təbii ki, bəzi yerlərdə bu problem gizlədilir və yaşı keçmiş müəllimlər tədris prosesində iştirak edirlər. Fikrimcə, zaman-zaman həyata keçirilən islahatlarla problem aradan qalxacaq.

Hazırda müəllimlərin yerdəyişməsinə səbəb regionlarda gəlirlərin azlığı deyil. Nazirlik müəllimlərin çalışdığı təhsil müəssisələri rayondan 20 kilometr kənarda yerləşərsə, onlar üçün həvəsləndirici tədbirlər həyata keçirir. Məsələn, əmək haqlarının 100 manat artması və digər yaşam xərcləri ödənilir. Ona görə də regionlarda müəllimlərin aldığı əmək haqqı və dərs saatları paytaxtdan daha çoxdur. Sadəcə olaraq gənc kadrlar və xanım müəllimlər daha çox yerdəyişmə edirlər. Bu da onların ailə həyatı qurmaları və Bakı şəhərində yaşamağı məqbul hesab etmələri ilə bağlıdır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22