2017-09-12 23:48:33   |   515 dəfə oxunub

“Poroşenkonun vəziyyəti yaxşı olmayacaq”

Saakaşvili Ukraynaya qayıtmaqla bütövlükdə ictimai-siyasi prosesləri intensivləşdirdi”



"Saakaşvilinin Ukraynaya dönməsi və Poroşenko rejiminin bunun qarşısını ala bilməməsi siyasi hakimiyyətin acizliyidir”. 

Bu sözləri "Şərq”ə açıqlamasında siyasi şərhçi Natiq Miri deyib. Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qeyri-qanuni yollarla daxil olmasına münasibət bildirən analitikin sözlərinə görə, bu hadisə təkcə Ukrayna deyil, Gürcüstan üçün böyük baş ağrısına çevriləcək:

"Saakaşvilinin Ukraynaya qayıtmasını ciddi dönüş kimi qiymətləndirmək lazımdır. Bu, sıradan hadisə deyil və qlobal güclər tərəfindən düşünülmüş bir modeldir. Poroşenkonun Gürcüstana səfəri çərçivəsində Saakaşvilinin ətrafında oyun qurdular. Oyuna əsasən, Saakaşvilinin vətəndaşlığı ləğv ediləcək və ölkəyə geri dönəcəyi təqdirdə həbs edilərək Gürcüstana yollanacaqdı. Eks prezidentin şəxsiyyəti İvanaşvili hökuməti üçün arzuolunan deyil. Onun ABŞ-da, bütün Qərb dünyasında ciddi surətdə dəstəkləndiyi məlumdur. 

Saakaşvilini müdafiə edən senatorlar Konqresdə çox aktivdirlər. Saakaşvilinin heç bir vətəndaşlığı olmadan Qərb dünyasında əlini-qolunu sallayaraq, məhdudiyyətsiz gəzməsi də göstərdi ki, sabiq prezident çox ciddi siyasi dəstəyə malikdir”. Müsahibimizə görə, Saakaşvilinin həbsi gürcü hakimiyyətinə baha başa gələr:


"Saakaşvilinin Ukraynaya girişi Poroşenko üçün ciddi problemlər yaradacaq. İlk növbədə Saakaşvilinin vətəndaşlığının ləğv olunması biabırçılıq və hüquqa zidd davranış idi. Saakaşvili bunu Ukrayna məhkəməsində asanlıqla sübut edə bilər. Əgər məhkəmə Poroşenkonun təzyiqi ilə siyasi qərar verərsə, o zaman iddia Avropa Məhkəməsinə daşınacaq. Bu isə Saakaşviliyə əlavə üstünlük qazandıracaq. Ən nəhayət, Saakaşvili Ukraynaya qayıtmaqla bütövlükdə ictimai-siyasi prosesləri intensivləşdirdi. Fikir verirsizsə, artıq bütün müxalif güclər onun ətrafında toparlanmağa başlayıb. Əgər siyasi hadisələr millətçilərin məskəni olan Lvov şəhərindən Kiyevə transfer olarsa, növbəti prezident seçkilərində Poroşenkonun vəziyyəti yaxşı olmayacaq. Poroşenko hökumətinin yenisi ilə əvəzlənməsi zəncirvari şəkildə regionun digər ölkələrinə də sıçrayacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-11-18
2017-11-17