2017-09-12 23:55:36   |   311 dəfə oxunub

Xalq Ermənistan hakimiyyətindən bezib

Sarkisyanın özü də Moskvadan bu qədər asılı olmaq istəmir


Ermənistanda müttəfiq Rusiyaya qarşı etimadsızlıq hökm sürür. Moskvanın təzyiqi ilə düşmən ölkənin NATO-nun Gürcüstandakı son hərbi təlimlərində iştirakdan rüsvayçı şəkildə imtina etməsi narazılıq ovqatını gücləndirib. Şübhəsiz ki, daxildəki narazılıqların bir hədəfi də Ermənistanın indiki hakimiyyətidir.

Ölkədəki müxalif qüvvələr Sarkisyan iqtidarını qorxaqlıqda və satqınlıqda ittiham edirlər. Bu fonda parlamentdəki "Yelk” blokunun Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması barədə parlamentə təqdim etdiyi qanun layihəsi diqqət çəkməkdədir. Blok üzvləri əmindirlər ki, həmin addımla Ermənistan bir az da olsa Rusiya qarşısında müstəqil xarici siyasət kursu aparmaq iqtidarında olduğunu nümayiş etdirə bilər. Lakin bu cür təkliflərin qəbul ediləcəyi inandırıcı deyil. Olsa-olsa bu yolla vassal Ermənistan Moskva ilə hansısa bazarlığa ümid edə bilər. Xatırladaq ki, Ermənistanın Putin layihələrindən, xüsusən də Avrasiya İqtisadi Birliyindən çıxmaq haqda yeni qanunverici təklifinə artıq Moskvadan reaksiya gəlib. Kremlə yaxınlığı ilə tanınan politoloq Modest Kolerov təklifə yetərincə sərt münasibət ortaya qoyub. Kolerov "Yelk”in təklifinin arxasında Sarkisyan hakimiyyətinin dayandığına açıq işarə vurub. 

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi elmlər namizədi, beynəlxalq məsələlər üzrə ekspert Zaur Məmmədov deyib ki, ölkədəki müxalif qruplar, eləcə də cəmiyyətin böyük hissəsi Ermənistan hakimiyyətinin uzun zamandır apardığı siyasətindən bezib. Onun sözlərinə görə, iqtisadi və sosial gərginlik yaşayan erməni cəmiyyəti hakim rejimdən narazıdır: 

"Erməni siyasətçiləri özləri başa düşürlər ki, praktikada onlar müstəqil deyillər, tam şəkildə Moskvadan asılıdırlar. Reallıq odur ki, Sarkisyanın özü də Moskvadan bu qədər asılı olmaq istəmir. Ermənistan parlamentində gündəmə gətirilən məsələ məhz ölkə başçısı tərəfindən qurulan oyunun bir hissəsidir. Biz keçən ilin yayında Ermənistanda Rusiyaya qarşı aksiyaların, daha sonra isə polis məntəqəsinin tutulmasının şahidi olduq. Görünür, İrəvan hakimiyyəti yenidən dalana dirənib”. Politoloq bildirib ki, Ermənistan tərəfi Rusiyanın iştirak etmədiyi layihələrdə iştirak edə bilməz, bu, real deyil: "Hazırda Ermənistan qubernatorluqdur. Ermənilər bu qubernatorluğun yaranmasında və yaşamasında Rusiyaya minnətdar olmalıdırlar. Lakin hamı bilir ki, ermənilər hər zaman satqınlıqları ilə seçiliblər. Rusiya zəifləyərsə, onlara ilk zərbəni vuracaq olan məhz Ermənistandır”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22