2017-09-13 00:03:50   |   100 dəfə oxunub

İndiki zamanda “İş dəftəri”nə ehtiyac yoxdur

Əsl müəllim şagirdi məktəbdə öyrətməlidir

Artıq dünyanın bir çox ölkələrində ev tapşırığı yoxdur. Bizim bəzi müəllimlər, xüsusilə ibtidai sinif müəllimləri ev tapşırığını o qədər verirlər ki, şagird çıxılmaz vəziyyətdə qalır


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva ibtidai siniflərdə iş dəftərlərinin məcburi şəkildə satılması ilə bağlı mətbuata açıqlama verib. O bildirib ki, ibtidai siniflərdə "İş dəftəri”nin alınması və olması ilə bağlı heç bir məcburiyyət yoxdur.

M.Vəliyevanın sözlərinə görə, uşaqların inkişafına təsir və təmin edən əlavə tədris materiallarının çoxluğu təbii ki, onların təhsilinə xidmət edir: "Təhsil İdarəsi olaraq bizim belə bir məhdudiyyətimiz yoxdur. Amma tələb də qoyulmur. Eyni zamanda, bəzi hallarda uşaqlara iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər.

Cəmiyyətdə olan narazılığı aradan qaldırmaq üçün bu il təhsil idarəsinin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəinki ibtidai sinif, ümumiyyətlə, bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək. Düşünürəm ki, bu məsələdə də ibtidai sinif müəllimlərinə lazımi və səmərəli tövsiyələr veriləcək”.
Buna baxmayaraq valideynlər iş dəftərlərinin məcburi şəkildə satıldığını iddia edirdilər. Maddi imkanı aşağı olan şəxslər hər fənn üçün ayrıca iş dəftərini almaqda çətinlik çəkir və məsələ mübahisəli şəkildə müzakirə olunurdu. Görəsən, qurum rəsmisinin açıqlamasından sonra anlaşılmaz vəziyyət həll oluna bilərmi?

M.Vəliyevanın fikirləri ilə razılaşdığını deyən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında bildirib ki, Bakı Şəhər Təhsil İdarəsi bu cür yanaşma ilə bir neçə cəhəti nəzərə alır. Ekspert deyib ki, əsas yanaşma valideynlərin əksəriyyətinin hər fənn üzrə iş dəftəri almağa maddi imkanının olmamasıdır:

"2-ci yanaşma budur ki, ümumtəhsil məktəbləri müəllimlərinin metodik baxımdan bəzi işləri yerinə yetirmə zərurəti var. Nədir bu zərurət? Şagirdlər məktəbdə mövzular keçirilərkən öyrədilməli və tapşırıqlar məktəbdə icra edilməlidir. Artıq dünyanın bir çox ölkələrində ev tapşırığı yoxdur. Bizim bəzi müəllimlər, xüsusilə ibtidai sinif müəllimləri ev tapşırığını o qədər verirlər ki, şagird çıxılmaz vəziyyətdə qalır. Bilmir neyləsin, vaxtı da çatmır və öhdəsindən gələ bilmir. İcra olunmayan işə görə müəllim valideyni çağırır və onunla danışığa girir, guya, valideynə köməklik edir. Deyir ki, "uşaq tapşırıqların öhdəsindən gələ bilmir”. Burda müəllim xarakteri, bacarığı və metodikası rol oynayır. Əsl müəllim şagirdi məktəbdə öyrətməlidir. Həqiqətən indiki zamanda iş dəftərinə ehtiyac yoxdur”.
Ə.Ağayev bildirib ki, orta ümumtəhsil məktəbləri, həmçinin müəllimlər M.Vəliyevaya qarşı etiraz etməli deyil, əksinə, onu rəhbər tutub öz işlərini yüksək metodiki səviyyədə qurmalıdırlar: "Əvvəllər texniki avadanlıqlar, kompyuter texnologiyası yox idi. Şagird yazırdı, oxuyurdu və icra edirdi. İndi isə təhsilin elektron sistemə daxil olması həyata keçirilir. Müəllimin verdiyi tapşırıqları da kompyuter üzərindən işləmək mümkündür.

 Əslində kompyuterdən istifadəni bacarmayan şagird yoxdur. Ona görə də yeni texnoloji prosesləri və ölkəmizdəki maddi imkanların zəif olmasını nəzərə alaraq Məhəbbət xanımın tövsiyəsini məqbul hesab edirəm. Şagirdləri məktəbdə öyrətmək lazımdır. Bu, yeni bir məsələ deyil. 16 il qabaq ABŞ-ın Virciniya ştatında olanda orta ümumtəhsil məktəbinə getmişdik. Hər sinifdən olan şagirdin dəhlizdə ensiz və uzun formada şkafı var idi. Onların idman paltarından tutmuş dərs ləvazimatları həmin şkafda yerləşirdi. Hər şey məktəbdə icra olunur, dərsdən sonra şagirdlər ekskursiyalara gedir, kino studiyalarda çalışırdılar və evə əliboş olaraq gedirdilər. Yəni, artıq dünya belə sistemi çoxdan tətbiq edib. Biz də inkişaf etmiş ölkələrdən biriyik. Təhsilin elektronlaşması ilə bağlı dövlətin qərarları var, Prezident bu məsələyə xüsusi diqqət yetirir və müvafiq tədbirlər həyata keçirilir. Belə olan şəraitdə biz kustar üsuldan niyə istifadə etməliyik? Təbii ki, hansısa valideynin imkanı varsa, iş dəftəri ala bilər. Bunun ziyanı yoxdur. Amma bu, o qədər vacib deyil”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22