2017-09-13 00:10:27   |   297 dəfə oxunub

Dünyada belə bir təcrübə yoxdur

İpoteka krediti olan şəxs ödənişi yubadırsa, mənzili hərraca çıxarılacaq

Bu, ədalətsizlikdir, heç bir qanun çərçivəsinə uyğun gəlmir və humanizmdən uzaq bir yanaşmadır


Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb. Təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq.

Yeni təkliflərin hazırlanmasına baxmayaraq, ekspertlər bu addımı müsbət dəyərləndirmir. Bu haqda iqtisadçı-ekspert Vüqar Bayramov feysbuk hesabında yazıb. O qeyd edib ki, həmin qaydaların yeni ipoteka müqavilələrinə şamil edilməsi və müqavilələrdə xüsusi bənd kimi yer alması nəzərdə tutulur. Başqa sözlə, əgər təkliflər keçsə, ipoteka krediti götürənlər banklarla bağlayacaqları müqavilələr üzrə üzərlərinə belə öhdəlik götürəcəklər ki, krediti vaxtında ödəməsələr, aldıqları əmlakın məhkəmə qərarı olmadan satışa çıxarılmasına razılıq verirlər.

Vüqar Bayramov bildirir ki, Assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığını müəyyənləşdirmək çətindir. Amma dünya praktikasında məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir. Onun fikrincə, təkliflər qanun şəklini alarsa, ipoteka krediti götürüb ev alanlar krediti gecikdirərsə, illərlə ödəniş etdikləri mənzilin əllərindən alınıb satılması ilə üzləşəcəklər.

İqtisadçı Fuad İbrahimov da "Şərq”ə açıqlamasında ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə hazırlanan yeni təklifləri dəstəkləmədiyini deyib. Onun sözlərinə görə, vətəndaş ödəniş qabiliyyətini itirirsə və dərhal qeyri-şərtsiz olaraq onun əmlakı əlindən alınırsa, bu, ədalətsizlikdir, heç bir qanun çərçivəsinə uyğun gəlmir və humanizmdən uzaq bir yanaşmadır: 

"Qanunvericiliyin elastikliyi olmalıdır. Belə bir təklif varsa, şübhəsiz ki, bu kobuddur və bu işin gələcəyi işıqlı görsənmir. Bilirsiz ki, ipoteka nəyinsə əsasında verilir və öz tələbləri var. İpoteka kreditinin alınması üçün vətəndaş müəyyən şərtlərə cavab verməlidir. Belə bir halda sosial sığorta olmalıdır, insanlar sığortalanmalıdır və onlara şərait yaradılmalıdır ki, yenidən iş qabiliyyətini bərpa edə bilsinlər. Birdən-birə bu addımın atılması düzgün hal deyil. Dünyada belə bir praktika yoxdur və bunu qətiyyətlə eləmək heç bir normaya sığmır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22