2017-09-14 01:09:53   |   1063 dəfə oxunub

Elçibəyin evində şəxsi əşyaları, fotoları olduğu kimi qorunur

Sabir Rüstəmxanlı: “Axırıncı dəfə əynində olan paltarları asıblar”

“Kələkidə yaşadığı darısqal mənzil muzey kimi Elçibəyə yaraşmır”


Bir müddət əvvəl xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin Kələkidə 4 il 4 ay yaşadığı evi ziyarət edib. Bu barədə Sabir Rüstəmxanlı özünün "Facebook” səhifəsində yazıb. Şair bildirib ki, Kələkidə rəhmətlik Elçibəyin evini ziyarət edərək onun ailəsinə baş çəkib. Sabiq millət vəkili ziyarəti əks etdirən fotolar paylaşaraq üç-beş cümləlik təəssüratlarını bölüşüb. Xatırladaq ki, S.Rüstəmxanlı Naxçıvana şair Rüstəm Behrudinin 60 illik yubileyində iştirak etmək üçün gedib.

Xalq şairinin mərhum prezident Əbülfəz Elçibəyin evinə baş çəkməsini, orada gördüklərini və yaşadıqlarını ətraflı öyrənmək üçün Sabir bəylə əlaqə saxladıq. Eks deputat "Şərq”ə müsahibəsində ziyarətin onu çox duyğulandırdığını dedi...

- Mərhum prezident Əbülfəz Elçibəyin evinə baş çəkmək təsadüfən alındı, yoxsa daha əvvəldən düşünmüşdünüz?

- Uzun zamandır ürəyimdən keçirdi. Fürsət gözləyirdim ki, Naxçıvana yolum düşən kimi Elçibəyin evinə baş çəkim. Şair dostum Rüstəm Behrudinin 60 illik yubileyi ilə bağlı Ordubada getmişdim. Şair yubileyini orada qeyd etdi. Mən də imkan düşmüşkən, çoxdan arzuladığım ziyarəti reallaşdırdım. Əslində səfərimin bir səbəbi Behrudinin yubileyi idisə, digər səbəbi Elçibəyin evini görmək idi.

- Ziyarət necə təsir bağışladı, hansı hissləri yaşadınız?

- Səfərdən çox razı qaldım və gördüklərimdən xeyli duyğulandım. Əbülfəz bəyin Kələkidə qaldığı evdə çox rahatlıq tapdım. İlk növbədə onun hansı şəraitdə, necə mürəkkəb bir ortamda böyüyüb boya-başa çatdığını, harada yaşadığını gördüm. Düzdür, qiyabi məlumatım var idi, amma gözlə görmək ayrı şeydir. Bir daha əmin oldum ki, Azərbaycanın böyük övladları çox kiçik evlərdən çıxıblar. Eynilə Şəkidə dramaturq Mirzə Fətəli Axundzadənin, Ordubadda görkəmli alim Yusif Məmmədəliyevin evi də çox balaca olub. Elçibəyin də özünəməxsus darısqal otağı var idi. Əbülfəz bəyin ruhu həmin otaqda yaşayır. Otağa girəndə və bir müddət orada qalanda bunu hiss etdim. Təsəvvür edin, evdəki əşyalar, fotolar hər şey Bəyə aiddir və onun xatirələri ilə doludur. Əslində Kələkinin özü də sıxıntılı, dağların arasında olan bir kənddir. Üstəlik, yaşadığı ev də balacadır.

- Elçibəyin evdə istifadə etdiyi şəxsi əşyaları qorunurmu?

- Şəxsi əşyaları, müxtəlif fotoları olduğu kimi durur. Otağın quruluşunu, ümumi ortamını pozmayıblar. Necə idisə, elə də saxlayıblar. Şəkillər də stolun üstünə düzülüb. Axırıncı dəfə əynində olan paltarları asıblar. Divarlarda öz əliylə asdığı şəkillər var. Həmçinin, bütöv Azərbaycanın xəritəsi, Atatürkün və özünün portreti, Səttarxanın və Xiyabaninin şəkilləri divardan asılı vəziyyətdədir. Osmanlı sultanlarının portretləri də evin divarlarını bəzəyir. Masa üzərində isə dostları və ailə üzvləri ilə çəkdirdiyi şəkillər qoyulub. O vaxt işıq olmadığı üçün Bəyin işlətdiyi neft lampası da olduğu kimi dururdu. Yəni toxunduğu əşyaları tərpətməyiblər.

- Evdə yaşayan varmı, ailəsi ilə görüşdünüzmü?

- Ailəsi həmin evdə yox, onun yaxınlığında yaşayır. Ailə üzvləri ilə, Bəyin həyat yoldaşı ilə də görüşdüm. Bir az söhbət etdik, hətta zarafatla mənə dedi ki, gözümə inanmıram ki, bizi yada salıblar.

- Mərhum prezidentin evi muzey kimi fəaliyyət göstərir?

- Yox, Elçibəyin evi muzey kimi fəaliyyət göstərmir. Amma ziyarətçilər olur, yaxın adamlar gedəndə evi ziyarət etməsinə şərait yaradırlar. Bəyin yaxınları bizə bələdçilik etmirdi. Elçibəyin dostu bizi gəzdirirdi. Düşünürəm ki, nə vaxtsa Kələkinin meydanında, girişində normal bir bina tikiləcək və orada bəyin yubileyləri keçiriləcək. Binanın qarşısında isə Elçibəyin abidəsi yaradılacaq. Ümid edirik, kənddə Bəyə yaraşan bir muzey də təsis ediləcək. Çünki Kələkidə yaşadığı darısqal mənzil muzey kimi Elçibəyə yaraşmır.

- Kələkiyə daha öncə yolunuz düşübmü, yoxsa ilk dəfə idi?

- İlk dəfə idi Kələkiyə gedirdim, bundan əvvəl gedə bilməmişdim. Bunun da səbəbi var idi. Mən hökumət üzvü idim. O vaxt nazir vəzifəsini icra edirdim. Elçibəy bizə demədən Kələkiyə getdiyinə görə, içimdə ona qarşı bir qırıqlıq var idi. Ona görə də əvvəllər Bəyi ziyarətə getmədim. Amma indi Əbülfəz bəyin evini ziyarət etməyi özümə borc bildim.

- Bir müddət öncə Elçibəyin Kələkidə yaşadığı evin fotoları sosial şəbəkədə paylaşıldı. Çox dağınıq və acınacaqlı vəziyyətdə olduğu təsəvvürü bağışlayırdı. Həqiqətən elədirmi?

- Bir az əl gəzdiriblər, pilləkənlərini təmir ediblər. Yəni səliqəlidir, amma balaca bir eyvanı olan kiçik otaqda əlavə təmir işləri görmək mümkün deyil. Əvvəlki ortamı saxlamaqla həyətyanı sahədə yüngül işlər görmək olar. Həyəti də çox balacadır. Amma Kələki özü maraqlı kənddir. Köhnə daş evlər, hasarlar, küçələr insan əlinin zəhmətini özündə əks etdirir.

- Elçibəyə sevgisi olan çoxdur. Bəyin evindən xatirə üçün şəxsi əşyasını götürən olubmu?

- Yox, elə şey eşitmədim. Düzü, inanmıram ki, kimsə Bəyin əşyasını oğurlamağa cəsarət etsin.

- Ziyarət zamanı dərin hiss və duyğular yaşadığınızı söylədiniz. Sırf ziyarətlə bağlı yazı qələmə almağı düşünürsüzmü?

- Elçibəylə bağlı yazılar yazmışam. Onun dəfnində qələmə aldığım şeir Elçibəy haqqında yazılmış ən yaxşı şeirlərdən biridir. Çünki həmin şeir onun taleyini əks etdirirdi. Bəyin xəstəliyi zamanında bir məqalə də qələmə almışdım. Onun xəstəliyinin mənim gözümdə nə demək olduğunu vurğulamışdım. Ancaq evin ziyarəti ilə bağlı nəsə yazacağımı düşünmürəm. Bəlkə orada bir müddət daha qalsaydım, yəni isti-isti nəsə yazsaydım, daha yaxşı olardı. Oranı tərk edəndən sonra duyğular bir az soyuyur.

- Naxçıvana səfər edənlər bölgə ilə bağlı xoş təəssüratlarla geri dönürlər. Muxtar Respublika sizə necə təsir bağışladı?

- Bir çox yerləri, kəndləri gəzdim, mühitlə tanış oldum. Sıxıntılar da olsa, Ordubadın ziyalı mühiti qalmaqdadır. Rayonun kəndləri çox gözəldir. Bir çayın üstündə 7-10 kəndin salındığını görürsən. Elə bil ki, kəndlər muncuq kimi çayda ipə düzülüb. Gözəl və maraqlı mənzərələrə rast gəldik. Həmçinin, məktəblərə baş çəkdim, müəllimlərlə görüşdüm. Yeni məktəblər tikilib. Kəndlərdə abadlıq işləri görülüb, yollar çəkilib. Ümumiyyətlə, Naxçıvanda qayda-qanun hökm sürür, şəhərlərdə səliqə-səhman var. Nə qədər yer gəzdik, küçəyə atılmış siqaret kötüyü görmədik. Aeroportdan düşən kimi hiss edirsən ki, qayda-qanunu olan bir "dövlətə” ayaq basmısan. Hər şey yerli-yerində və nəzarətdədir, küçələr təmizdir. Bunlar məndə xoş təəssüratlar yaratdı. Əslində istəyimiz odur ki, bütün Azərbaycan elə olsun. Ancaq hələlik bu cür inkişaf və təmizlik sadəcə Naxçıvandadır.

İsmayıl Qocayev







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21