2017-09-14 11:47:16   |   322 dəfə oxunub

Ruhanilərin Qarabağ missiyası...

Sədrəddin Soltan: "Moskva münaqişənin həlli ilə bağlı beynəlxalq nüfuzunu artırmaq məqsədi ilə belə görüşlərdən faydalanır"



Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan, Rusiya və Ermənistan din adamlarından ibarət ATƏT-in Minsk Qrupuna bənzər bir qrupun yaradılması təklif olunub. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. 

Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin Moskva görüşü ilə bağlı mətbuata açıqlama verən Şeyx Patriarx Kirillə görüşündə bu məsələni müzakirə etdiklərini deyib: "Rusiya tərəfi bunu ermənilərlə müzakirə edəcək. Düşünürəm ki, belə bir qrup regionda baş verən hadisələrə, atəşkəsin pozulmasına, əsirlərin və ya cəsədlərin dəyişdirilməsinə və digər məsələlərin həllinə mənəvi cəhətdən yardım edə bilər. Hələlik bu, təklifdir, ümid edirəm ki, qəbul ediləcək”. 

Paşazadə belə görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb: "Görüşlərin mütləq nəticəsi olmalıdır. Biz təklif etdik ki, Azərbaycan-Ermənistan sərhədində də dini liderlərin görüşlərini təşkil edək. Misal üçün, bir dəfə Azərbaycanda, bir dəfə isə Ermənistan tərəfdə görüşlər keçirək. Qərara gəldik ki, daha fəal olaq”. 

Şeyxin təklifi ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Sədrəddin Soltan bunu o qədər də ciddi ideya saymayıb. Onun sözlərinə görə, onsuz da bu funksiyaları yerinə yetirən qurumlar var: 

"Azərbaycan tərəfi üçün əsas məsələ torpaqların işğaldan azad edilməsi məsələsidir. Fikrimcə, bu kimi görüşlərin əsas mövzusu torpaqların işğaldan azad edilməsi olmalıdır. Din xadimlərinin görüşünün yekun qətnaməsində bu məsələyə toxunulmayıb. Görüşün keçirilməsi müsbət hal sayılsa da, ortada nəticə yoxdur”. 

Ekspert düşünür ki, Moskva münaqişənin həlli ilə bağlı beynəlxalq nüfuzunu artırmaq məqsədi ilə belə görüşlərdən faydalanır: 

"Belə davam edərsə, bu sayaq görüşlər də ATƏT-in Minsk Qrupu həmsədrlərinin mənasız plan doldurmaq üçün keçirilən tədbirlərinə oxşayacaq. Onsuz da beynəlxalq vasitəçilər, aparıcı güclər atəşkəsin üstündə "əsirlər”. Oxşar funksiyanı daşıyacaq qrupun yaradılması əhəmiyyətsizdir. Belə bir qrup olmadan da həmin işlər münaqişə tərəfləri arasında razılıqla görülə bilər və görülür də”.

İsmayıl








SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22