2017-09-14 12:12:40   |   329 dəfə oxunub

Sabahdan yenə tıxaclar başlayır

İctimai nəqliyyatdan daha çox istifadə edilsə, uşaqlar dərsə gecikməz

“Tədris ocaqlarının mühafizəsinin təşkili üçün mütləq daxili işlər orqanları ilə əməkdaşlıq edilməlidir”




Yeni tədris ili başlayır. Bugünədək məktəbli formalarından, məktəb ləvazimatlarının bahalığından, dərsliklər və iş dəftərlərindən çox danışılıb. Pis, yaxşı uşaqlar məktəbə hazırlaşıb. Azərbaycan valideyni bütün var və hətta yox olan imkanlarını da səfərbər edir ki, övladını məktəbə yola salsın, uşağı yaşıdının yanında gözükölgəli qalmasın. Bu fədakarlığa görə, Azərbaycan anası həqiqətən qibtə olunasıdı. Məktəbə hazırlıqlar artıq bitib. Amma məhz sentyabrın 15-dən diqqət edilməli olan mühüm məsələlər var. Onlardan biri məktəblərin, təhsil müəssisələrinin mühafizəsi, digəri isə ənənəvi tıxaclardır.

Sabahdan küçələr, yollar dolub-daşacaq, paytaxtın çözülməyən müşkülü - tıxaclar valideynlərin də, şagird və tələbələrin də qorxulu röyasına çevriləcək yenə.

Mühafizə professional təşkil edilməlidir

Ölkəmizin narahat bir regionda yerləşdiyi və hazırda dünyadakı mürəkkəb geosiyasi durum nəzərə alınarsa, orta məktəblərin, uşaq bağçalarının, ümumilikdə bütün təhsil müəssisələrinin mühafizəsinin gücləndirilməsi məsələsini aktuallaşdırır.
Qeyd edək ki, bir sıra məktəblərdə mühafizə sistemi təşkil edilib. Mühafizəçiyə əmək haqqı ödənməsi məqsədilə pul toplanır, valideynlər də məmnuniyyətlə ödəmə edirlər; təki uşaqları qorunsun. Amma mühafizə sistemi professional təşkil edilirmi? Bəzi məktəblərin giriş qapısında əyləşən və içəri daxil olmaq istəyənlərdən sadəcə, hara, kimin yanına getdiyini soruşmaqla işini bitmiş hesab edən mühafizəçi, fövqəladə hallara hazırdırmı?

Məsələyə münasibət bildirən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında mühafizənin zəruri olduğunu bildirdi:

- Uşaqlar, məktəblilər qorumaya xüsusi ehtiyac duyan təbəqədir. Amma ümumilikdə, bu dəqiqə bütün ölkə boyu xüsusi təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə, bütün sahələrdə nəzarətin artırılmasına ciddi ehtiyac var. Hazırda ümumiyyətlə, bütün dünyada gərgin proseslər yaşanır. Azərbaycan da bilirik ki, mürəkkəb bir regionda yerləşir, bədxahlarımız hər an fürsət gözləyirlər. Belə bir gərgin situasiyada təbii ki, dövlət strukturları da, güc nazirlikləri də gücləndirilmiş iş rejimində çalışmalıdırlar. Nəinki dövlət strukturları, hamı xüsusi iş rejiminə keçməlidir. Bunun rəsmən elan edilməsinə ehtiyac yoxdur. Onsuz da hamımız dünyadakı vəziyyəti bilirik. Vəziyyətə baxıb, hər kəs ayıq-sayıqlığını qorumağa çalışmalıdır. Sonra deməyək ki, niyə belə oldu, necə oldu. Gərək əvvəlcədən önləmlər alınsın ki, hər hansı mənfi hal baş verməsin. Ümumiyyətlə, uşaqlar, qocalar, əlillər, uşaq müəssisələri, təhsil ocaqları, xəstəxanalar daim xüsusi mühafizə altında olmalıdır. Biz artıq neçə ildir ki, orta məktəblərdə mühafizə sisteminin qurulmalı olduğundan danışırıq. Amma gedin 1-2 məktəbə və kənardan müşahidə edin, mühafizə işləri necə qurulub. Bir çox orta məktəblərdə yaşlı bir adama, ya da mühafizə işindən bixəbər birinə mühafizə əməkdaşı forması geyindirib otuzdurublar qapının kandarında. O da əyləşdiyi yerdəcə mürgüləyir. Məktəbə kim istəyir daxil olur, kim istəyir çıxır. Şagirdlər istədikləri kimi dəcəllik edir. Guya məktəbin mühafizəçisi var. Ona ayda filan qədər pul ödənir. Əslində isə heç bir mühafizədən söhbət gedə bilməz. Bu, hamısı havayı xərcdir. Mühafizə sistemi primitiv qaydada təşkil edilən və yalnız geyimdə təzahür edən iş deyil. Mühafizə sistemini təcrübəli kadrlar təşkil etməli, mühafizəçi də təcrübəli, öz sahəsinə bələd savadlı kadr olmalıdır. Bu işlər gərəkən formada, ciddi şəkildə təşkil edilməlidir. Biz orta məktəblərin, təhsil müəssisələrinin, uşaq bağçalarının, qocalar evləri, xəstəxanaların mühafizəsinə dırnaqarası baxmamalıyıq. Bunlar hamısı strateji sahələrdir və çox ciddi mühafizə sisteminin qurulmasını tələb edir. Məktəblər, ali təhsil ocaqları, uşaq bağçalarının önü həmişə sıxlıq olur. Belə yerlərə xüsusi diqqət və nəzarət lazımdır.

İ.Altay qeyd etdi ki, tədris ocaqlarının mühafizəsinin təşkili üçün mütləq daxili işlər orqanları ilə əməkdaşlıq edilməli, Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında müqavilə bağlanmalıdır:

- Rəsmi şəkildə bu iki qurum əməkdaşlığa qərar verməli və bütün tədris müəssisələrinin mühafizəsi əsaslı şəkildə formalaşmalıdır. Sistem qurulduqdan sonra, təcrübəli kadrlar hara müşahidə kameralarının qoyulmasını, kameraların hansı əraziləri əhatə etməli olduğunu müəyyənləşdirəcək. Mühafizəçilər də, ixtisaslı kadrlardan təyin ediləcək. Belə olduqda biz uşaqların, körpələrin təhlükəsizliyinə əmin ola biləcəyik. Mühafizə sistemi təkcə təhsil müəssisəsinin daxili ilə məhdudlaşmamalıdır. Ətrafını da əhatə etməlidir. Təhsil müəssisələrinin yerləşdiyi ərazidə zərərli vərdişlər təlqin edə biləcək iaşə obyektləri olmamalıdır. Kafelər, gecə klubları, siqaret satışı nöqtələri. Bunların qarşısı qəti şəkildə alınmalıdır.

Məktəblərin, universitetlərin önündəki "maşın bazarı”

Yeni tədris ilinin böyük problemlərindən birinin tıxaclar olduğu məlumdur. İllərdir ki, Dövlət Yol Polisi vətəndaşlara şəxsi avtomobillərdən az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edir. Amma sanki bizim vətəndaşlar bu çağırışlara qulaqlarını tıxayıblar. Cavabları da budur ki, "uşaq dərsə gecikər”. Daha bunu nəzərə almırlar ki, "uşaq”, özü kimi digər "uşaqlarla” yanaşı məktəbə, universitetə məhz şəxsi avtomobili ilə getdiyi üçün digərləri dərsə gecikir. Sabahdan paytaxt məktəblərinin qarşısı, universitetlərin yerləşdiyi ərazilər maşın bazarını xatırladacaq. Siqnal səslərindən də qulaq tutulacaq. Tədris ili boyunca Bakı Dövlət Universitetinin giriş-çıxış qapılarının açıldığı Bəxtiyar Vahabzadə küçəsində avtobuslar "Elmlər Akademiyası” stansiyasının önündən Mətbuat prospektinə az qala yarım saata çatır. Məhz sağ-solda "parkovka” edilmiş avtomobillər səbəbindən. BDU avtomobil dayanacağı tikdi də, tıxaclar yenə azalmadı.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli "Şərq”ə açıqlamasında tıxac probleminə kompleks yanaşmanın vacib olduğunu dedi:

- Tıxacı yaradan səbəblər aradan qaldırılmayınca, bu problem də çözülməyəcək. Ümumiyyətlə, Bakı şəhərində yol infrastrukturunun qurulmasında çatışmazlıqlar var və problemlərin əsasında bu faktor da dayanır. Bakıda tıxaclar onsuz da daimidir. Amma avqustun sonlarından etibarən şəhərə nəqliyyat axını gücləndiyindən vəziyyət daha da kritik hədd alır. Söhbət tədris ilinin başlanmasıyla tıxacların da artacağından gedirsə, bunun aradan qaldırılması üçün əsas iki məsələ həllini tapmalıdır. Birincisi, ali təhsil müəssisələrinin paytaxtdan köçürülməsi məsələsidir. Bu reallaşarsa və paytaxtdan kənarda tələbə şəhərcikləri salınarsa, tıxacların aradan qalxması xeyli asanlaşacaq. İkinci böyük problem, bəlkə də ilk baxışda qəribə səslənəcək, tədrisin səviyyəsinin yüksəldilməsidir. İzah edim. Hazırda bir çox valideyn ibtidai sinfi bitirmiş övladını tədrisin keyfiyyətli olduğu deyilən hansısa özəl məktəbə, liseyə yazdırır. Həmçinin, evinin yaxınlığındakı məktəbdə zəif tədris verildiyini əsas gətirib övladını evdən xeyli aralı hansısa məktəbə aparanlar da var. Tədrisin keyfiyyəti bütün orta məktəblər üzrə yüksəldilərsə, valideynlər övladlarının yaxşı təhsil alması üçün uzaq məsafələrdə yerləşən tədris müəssisələrinə getməli olmaz.

 Hansı valideyn istəməz ki, övladı evin yaxınlığındakı məktəbdə oxusun, piyada dərsə gedib-gəlsin, yol yorğunu olmasın?! Amma bu məsələdə valideynlər qınanası deyil. Hər bir valideynin istəyidir ki, övladı yaxşı, keyfiyyətli tədris verən məktəbdə oxusun. Bu məqsədlə də uşaqlarını yanlarına alıb "diyarbədiyar” düşməli olurlar. Qaldı ki, məktəb servislərinin təşkili məsələsinə, əlbəttə, bu da tıxacların qarşısının alınmasında, təhlükəsizlik baxımından, həm də şagirdin dərsə vaxtında gedib-gəlməsi üçün çox uyğun vasitədir. Problem burasındadır ki, dövlət məktəblərinin buna imkanı çatmır. Özəl məktəblər üçün bu, problem deyil. Təhsil ödənişli olduğundan şagirdləri gətirib-aparacaq xüsusi avtobus xidməti təşkil edə bilərlər. Məktəb servisi şagirdlər üçün uyğun bir vasitədir. Uşaq yorulmur, vaxtının böyük hissəsini yola sərf etmir. Valideyn də günün müəyyən saatını uşağın dərsdən evə aparılmasına sərf etməli olmur. Bir neçə uşağın eyni vaxtda, eyni nəqliyyat vasitəsi ilə məktəbə gedib-gəlməsi kollektivçilik, birgəlik vərdişləri də formalaşdırır.

İctimai nəqliyyatdan istifadə bir mədəniyyətdir

İ.Hüseynli qeyd etdi ki, bəzi vətəndaşların şəxsi avtomobili ilə seçilmək istəyi təəssüf doğurur:


- İctimai nəqliyyatdan istifadə bir vərdişdir, mədəniyyət göstəricisidir. Tıxaclar müasir həyatın qaçılmaz problemidir. Bütün böyük meqapolislər tıxaclardan əziyyət çəkir. Amma müxtəlif ölkələr bunun müxtəlif həll yollarını tapır. Məsələn, Yaponiyada velosiped sürmək yayqın bir şəkil alıb. Həm sağlamlıq üçün xeyirlidir, həm əlavə məsrəf deyil, vaxt itkisi yaratmır. Avropa ölkələrində də şagirdlər, tələbələr velosipedlərə və daha çevik, qıvraq, tıxaclarda manevr etmək imkanları geniş motosikletlərə üstünlük verirlər. Bizdə isə sanki hər kəsdə şəxsi avtomobili nümayiş etdirmək "xəstəliyi” yaranıb. Bəziləri hətta ən qısa məsafələrə də şəxsi avtomobili ilə getməyi üstün tutur. Adicə bir misal çəkim; bu günlər toyların qızğın vaxtıdır. 

Tıxacların bir səbəbi də axşam saatlarında toy kortejlərinin və onları müşayiət edən qohum-əqrəba avtomobillərinin şəhər küçələrini zəbt etməsidir. Toyların çoxu da metrostansiyalar yaxınlığındakı şadlıq saraylarında olur. Metrodan istifadə etməklə şadlıq sarayına çox rahat getmək olar. Amma baxırsan ki, əksəriyyət çalışır, toya şəxsi avtomobili ilə gəlsin. Nəticədə də sıxlıq və tıxac yaranır. İctimai nəqliyyatdan istifadəni vərdiş halına gətirmək lazımdır. Mənim 2 övladım "Dəyanət” liseyində təhsil alır. Hər ikisi də dərsə ictimai nəqliyyatla gedir. Evdən bir az tez çıxırlar. Rahat da dərsə yetişirlər. Bunu başqaları da edə bilər. Belədə tıxaclara az düşərik, övladlarımız da dərsə gecikməz.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21