2017-09-14 12:27:30   |   657 dəfə oxunub

Orta məktəblərdə mətbuat xidməti təşkil olunmalıdır

Müşfiq Ələsgərli: “İnformasiya sahəsi orta məktəb dərs sisteminə əlavə edilməli və şagirdlərə tədris olunmalıdır”

İlham Quliyev: “İnformasiyanın verilməsinə ayrıca şəxsin təhkim olunması ideyası gözəldir”


Elçin Bayramlı: "Ən yaxşısı odur ki, direktor və müavinlərdən biri bu işə təhkim olunsun”




Ötən gün təhsil sisteminin media ilə əlaqələrindən qəzetimizə danışan əməkdar müəllim Almaz Həsrət mətbuatla təhsil müəssisələri arasında əməkdaşlığın zəif olduğunu vurğulayıb. A.Həsrət hesab edir ki, təhsil sistemində uğurların əldə olunması üçün media ilə nizamlı əlaqələrin qurulması olduqca vacibdir. Ona görə də təklif edib ki, hər bir təhsil müəssisəsinin, daha doğrusu, orta məktəblərin ictimaiyyətə çıxışını təmin edəcək mətbu orqanı olsun:

"Məktəb daxilində baş verən istər müsbət, istərsə də mənfi hadisələr zamanında işıqlandırılarsa, əsassız informasiyaların yayılmasının qarşısı alınar. Digər tərəfdən isə həmin mətbu orqanlar ictimaiyyətlə məktəb arasında körpü, rabitə rolunu oynayar”. Əməkdar müəllim hesab edir ki, təhsil müəssisələri mediaya daim açıq olmalıdır: 

"Hansısa bir məlumatın ötürülməsi anlara bağlıdır. Bəzən təhsil müəssisələrində baş vermiş hər hansı bir hadisə barədə də ilk olaraq sosial şəbəkələrdən məlumat alırıq. Amma baxırsan ki, qurumdan nə təkzib gəldi, nə təsdiq. Təhsil müəssisəsi susur, informasiya isə baş alıb gedir. Təklifim budur ki, hər bir təhsil müəssisəsinin özünün mətbuat xidməti strukturu yaradılsın və bununla da təhsil müəssisəsinin mətbuata çıxışı təmin edilsin. Söhbət ali təhsil ocaqlarından getmir, çünki onların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri var. Mən orta məktəbləri nəzərdə tuturam. 

Bu təklif kiməsə qeyri-mümkün, lazımsız görünməsin. İndiyədək hansısa orta məktəb barəsində mediada müxtəlif informasiyaların şahidi olmuşuq. Mediaya cavab verən tapılmayıb. Orta məktəblərlə əlaqə saxlayan jurnalistlərə həmişə məktəb direktorlarının katibələri "cavab verib”. 

Sırf mətbuata, mediaya cavabdeh şəxs təyin edilərsə, bu, təhsil sistemimizin inkişafına daha çox kömək edər”. 

A.Həsrət bildirib ki, orta məktəblərdə mediaya cavabdeh olan şəxs məktəblə bağlı xəbərləri toplamalı, ümumiləşdirməli və mediada yayılmasını təmin etməlidir. Orta məktəblərdə mətbuat xidmətlərinin qurulması təhsilimizin müsbət istiqamətdə inkişafının təminində böyük rol oynaya bilər. Bu sistem düzgün və nizamlı qurularsa, orta məktəblərdəki həyat olduğu kimi ictimaiyyətə ötürüləcək. Niyə ictimaiyyət məktəbdə baş vermiş hər hansı hadisə barədə sosial şəbəkə vasitəsilə qonşudan məlumat almalıdır? Hadisə barədə məktəbin özünün vaxt itirmədən dolğun informasiya verməsi əlavə söz-söhbətlərin, şayiələrin yayılmasının qarşısını alacaq”.

 Ekspert vurğulayıb ki, hansısa məktəbdə qazanılan uğurlar, nailiyyətlər çox vaxt geniş ictimaiyyətə bəlli olmur: "Kimin mətbuatda, mediada tanışı, dostu varsa, bir-iki kəlmə yazdırır, bununla da iş bitir. Belə hal uğur qazanmış şagirdlərə, müəllimlərə də mənfi təsir edir. Xüsusən yüksək nəticələr əldə etmiş məktəblilər özləri haqqında müsbət sözlər, müsbət fikirlər deyildiyini, yazıldığını gördükdə daha da ruhlanarlar. Bir şagird digər şagirdin uğurlarından, müəllimlər də müəllim həmkarlarının nailiyyətlərindən xəbər tutar. Üstəlik, digər məktəb kollektivləri ilə sağlam rəqabət mühiti də yaranmış olar. Beləliklə, mətbu orqan carçı rolunu oynayar”.

Təkliflə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, orta məktəblərdə informasiya işinin qurulması ilə bağlı çoxsaylı təkliflər var. Onun sözlərinə görə, irəli sürülən təklif təsadüfən meydana çıxmayıb: 

"Orta məktəblər ən böyük ictimai qurumlardan biridir. Burada hər gün xeyli proseslər baş verir. Orta məktəbin müəllim və şagirdləri ölkənin ictimai həyatında aktiv iştirak edirlər. Eyni zamanda orta məktəblər bütün ailələrlə təmasda olur, əlaqə saxlayır. Hazırda ortalığa müasir zamanın yeni tələbləri çıxıb. Bilirsiz ki, indi informasiya almaq və yaymaq məsələsi demək olar ki, jurnalistikanın "inhisarından” çıxıb. Çünki internet dövrüdür. İnformasiya texnologiyaları o qədər inkişaf edib ki, internetə çıxışı olan, mobil telefona və kompüterə sahib olan istənilən şəxs informasiya istehsalçısı sayılır. Yəni həm alıcısı, həm də yayıcısı hesab olunur. Bu baxımdan informasiya yaymağın qayda-qanununu bilmək, zəruri tələblərə cavab vermək hər bir şəxsin ümdə vəzifəsidir. Yəni bu məsələ sadəcə jurnalistikanın işi deyil. Bununla bağlı çoxdan təklif edilir ki, təhsil müəssisələrimizdə informasiya məsələləri sahəsində zəruri addımlar atılsın. Təkliflərdən biri odur ki, məktəblərdə dərs proqramına informasiya ilə bağlı xüsusi dərs salınsın. Əhali qarışdıra bilər, burada söhbət informasiya texnologiyasından yox, informasiyanın məzmununun hazırlanmasının tədrisindən gedir. Hesab edilir ki, bu sahədə addım atılarsa, müəyyən irəliləyiş əldə etmək mümkündür. Konkret olaraq, informasiya sahəsi orta məktəb dərs sisteminə əlavə edilməli və şagirdlərə tədris olunmalıdır. İndi informasiya dövrüdür, hər kəs informasiyanın alınıb-verilməsində və qayda-qanun çərçivəsində yayılmasında məlumatlı olmalıdır”. 

M.Ələsgərli bildirib ki, dezinformasiyaların yayılması daha çox vətəndaş jurnalistikasından, onlayn mediadan irəli gələn məsələlərdir: 

"Dezinformasiya yayanların əksəriyyəti orta təhsilli şəxslərdir. Əgər həmin şəxslər informasiyanın qanuni şərtləri ilə bağlı bilgilərə sahib olsalar, yəqin ki, bu qədər qanun pozuntularına yol verməzlər. Mənim təklifim odur ki, orta məktəblərdə informasiyanın məzmun baxımından tənzimlənməsi tədris olunsun. Dünyanın əksər inkişaf etmiş ölkələrində bu təcrübədən geniş istifadə edilir. Yenilik tətbiq edilərsə, orta məktəblərdə təhsil alan və işləyən şəxslər qanunlar çərçivəsində öz informasiyalarını yaya biləcəklər. Həm də hansısa jurnalist onlara müraciət edəndə lazımi cavab verəcəklər. Məktəblərdə informasiya məsələsində tədris aparacaq şəxs həm də ümumi tədris işinin tənzimlənməsi, o cümlədən məktəb haqqında cəmiyyətə informasiya verilməsini həyata keçirə bilər. Hələlik dərs proqramında belə bir fənn tədris olunmur. Ümid edirik, yaxın günlərdə reallaşacaq”.

Ekspert deyib ki, indiki şəraitdə təhsil-media əlaqəsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir: 

"Təhsil Nazirliyinin və Bakı Baş Təhsil İdarəsinin mətbuat xidmətləri var və onlar kifayət qədər yaxşı fəaliyyət göstərirlər. Amma informasiya işinin daha çox təkmilləşməsi vacibdir. Mətbuat xidmətləri ənənəvi qurumlardır. Müəyyən mənada bu qurumların özündə islahatların aparılmasına ehtiyac var. Mən irəli sürülən təkliflərin sadəcə bir neçəsini vurğuladım. Fikrimcə, təkliflər arasında ən optimalını seçib tətbiq etməliyik. Müasir dövrün tələbləri ilə ayaqlaşmaq lazımdır”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də "Şərq”ə bildirib ki, orta məktəblərdə mətbuat xidmətinin olması çox yaxşı təklifdir. Amma praktiki reallaşması maliyyə baxımından bir qədər problemlidir: 

"Məktəblərimizin mövcud maddi durumu o qədər də qənaətbəxş deyil. Lakin hər məktəbdə konkret media işlərinə məsul cavabdeh bir şəxsin təyin olunması reallaşdırıla bilər. Həmin şəxs orta məktəblə bağlı informasiyaları media orqanları ilə paylaşar və ictimaiyyətə dolğun məlumat verilər. Xatırladım ki, Təhsil Nazirliyinin mətbuat xidməti bu sahədə müəyyən işlər görür. Şəxsən nazirlik tərəfindən görülən işləri təqdir edirəm. Atılan addımlar, həyata keçirilən yeni layihələr pozitivdir. Hiss olunur ki, nazirlik problemləri görür və həll etməyə çalışır, konkret addımlar atır. Amma elə məsələlər var ki, onların müsbət həlli xeyli zaman tələb edir. Belə hallar bəzən cəmiyyətdə normal qarşılanmır, insanlarda qıcıq doğurur. İnformasiyanın verilməsinə ayrıca şəxsin təhkim olunması ideyası gözəldir. Bu ənənə bir sıra sahələrdə tətbiq edilib və fayda verib”.

"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da bunu maraqlı təklif adlandırıb: 

"Lakin mövcud ənənəni nəzərə aldıqda görürük ki, mətbuat xidməti rəhbərlərinin əsas funksiyası məlumatları gizlətmək və ört-basdır etməkdən ibarətdir. Üstəlik, onların özünü tapmaq belə müşküldür. Bunu yalnız bir halda tətbiq etmək olar ki, həmin vəzifə sahibi məktəb, ümumiyyətlə, Təhsil Nazirliyi rəhbərliyinə bağlı olmasın. Nazirlik onları işə təyin edib, azad edə bilməsin. 

Ən yaxşısı odur ki, direktor və müavinlərdən biri bu işə təhkim olunsun və onlara düzgün məlumatı vermələri haqda qəti tələb qoyulsun. Hansı məktəbdə məlumatın verilməməsi səbəbindən mətbuat və sosial şəbəkələrdə şayiə və böhtanlar baş alıb getsə, birbaşa məktəb rəhbərliyi cəzalandırılsın. Bəlkə bu halda belə tendensiyanın qarşısı alına bilər”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21