2017-09-14 12:34:20   |   1093 dəfə oxunub

Oğlanlarımız türk qızlarla niyə evlənmir?

Ekspertlərə görə, qardaş ölkənin qadınları daha sərbəstdir, kişiyə güzəşt etməyi sevmirlər



Tanınmış jurnalist Vahid Qazi feysbuk hesabında maraqlı bir məsələyə toxunub. O, statusunda azərbaycanlı oğlanların türk qızları ilə və ya əksinə, türk qızlarının bizim oğlanlarla ailə qurmadığını bildirib.
"Bizim qızlar türkiyəli oğlanlarla rahat ailə qururlar, türkiyəli kişilər də bizim xanımlarla nikaha həvəslə can atırlar. Belə xanımların arasında qohumum, çoxsaylı dost və tanışım var. Elə neçəsi burda, feysbukdadı. Bu ailələr möhkəm, xoşbəxt olurlar - hələ belə cütlüklərin boşandığını görməmişəm. Sözüm bunda deyil, ondadı ki, bəs bizim kişilər niyə türk qadınlarla evlənməyə həvəsli deyillər? Yəqin belə evliliklər var, sadəcə mən rastlaşmamışam. Nə səbəbdən türkiyəli xanımlar bizim kişilərlə, yaxud bizim oğlanlar türkiyəli qızlarla ailə qurmurlar? Xasiyyət, mentalitet, intellekt fərqi, ya nə səbəbdən? Bu suala tutarlı izah tapa bilsəm, çoxdan yarımçıq qalan bir yazıya can vermiş olaram”.
Qeyd edək ki, mövzu ətrafında müzakirə aparan şəbəkə istifadəçiləri məsələyə müxtəlif prizmadan yanaşıblar.

Bahar Baharlı: "Zənnimcə, türk kişilərində xanımına qarşı diqqət və minnətdarlıq hissi güclü olduğu üçün azərbaycanlı qızlar belə kişilərə daha çox üstünlük verirlər. Türk xanımları həddindən çox şıltaq olduğu üçün azərbaycanlı kişilər onlarla evlənməyə qorxur”.

Nəzakət Zeynallı: "Türk qadını bizimki tək fədakar olmur, hər şeyi kişidən tələb edir. Bir neçə ər dəyişə bilir asanlıqla. Maddiyyata çox böyük yer ayırırlar. Evlənmə proqramlarında xasiyyətdən çox, mal-mülkü, "mənə nə verəcəksən”i müzakirə edirlər”.

Nərmin Belen: "Türk ata uşağına daha çox bağlıdı. Bizdə ər-arvad boşanırsa, uşaq da ata üçün ikinci plana keçir. Türkiyədə isə elə deyil. Kişilər bəzən yoldaşına sırf uşaqdan ayrı qalmamaq üçün dözür”.
Mənzərə Qızılgül: "Xasiyyət, mentalitet və azad ruh! Bu türk qızlarının xasiyyəti. Bizim qızlar da 20 il öncəki qızlar deyillər. Məncə, bizim qızlar indi çox dəyişiblər. Onlar türk qızlarından da sərbəst və azaddırlar. O zaman nədən bizim oğlanlar türk qızları ilə evlənmirlər? Əmindirlər ki, türk qızları onlara ərə getməzlər”.

Həqiqətən də azərbaycanlı qızlarının türk kişiləri ilə ailə qurmasının daha çox şahidi oluruq. Bəs əsas səbəb nədir? Niyə oğlanlarımız türk xanımlarla ailə qurmaqdan çəkinirlər?

...Səbəb bizim kişilərin daha mühafizəkar olmasıdır

Sosioloq-jurnalist Lalə Mehralının fikrincə, qardaş ölkənin qadınları sərbəstliyin tərəfdarıdır və onlar kişiyə güzəştə getməyi sevmir. Azərbaycanlı kişilər isə daha mühafizəkardır. Məhz buna görə türk xanımlar bizim kişilərlə ailə qurmaqdan çəkinirlər: 

"Avropaya inteqrasiya, müasir dəyərlər türklükdən, millilikdən uzaqlaşmağa səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, Türkiyədə qadınların 25 faizdən çoxu siqaret asılılığından əziyyət çəkir və qadının siqaret çəkməsi onların cəmiyyəti üçün normal qəbul edilir. Amma bizim ölkəmizdə kişilər bu kimi xırdalıqlara fikir verir. Azərbaycanlı kişilər üçün siqaret çəkən, içki içən qadın ideal həyat yoldaşı hesab edilmir, bir qədər sərt səslənsə də, bu, həqiqətdir. Əgər təsadüfü sorğu keçirsək və qarşımıza çıxan ilk 10 azərbaycanlı kişidən "siqaret çəkən xanımla ailə qurarsınızmı?” deyə soruşsaq, mənfi cavab alarıq. Bu kimi hallar qonşu ölkədən evlənmə fikri olanlar üçün neqativ fikir formalaşdırır. Düzdür, bizim qızlarımız üçün türk kişiləri yaxşı ailə başçısı, ideal ər kimi cəzbedici görünür, çünki mühafizəkar cəmiyyətdə yaşamaq istəmirlər, sərbəstlik, rahatlıq axtarırlar. Türklərlə ailə quran, ideal ailəsi olan, sevgi-hörmət çərçivəsində yaşayan çox xanımlarımız var, danmaq olmaz. Amma türklə evlənib, sonra çox peşmanlığını yaşayan xanımlarımız da az deyil.
Türk xanımlar da məhz bizim kişilərin mühafizəkarlığına görə azərbaycanlı oğlanla ailə qurmaq istəmirlər. Bizdə qadağan edilmiş bəzi adətlər onlar üçün sıradan, adi hərəkətdir və türk xanım bizim ölkəmizə gələndə bunu görür, adət etdiyi alışqanlıqlarından əl çəkmək istəmir”.

... kişilərimiz rus qadınlarının daha şən olduğunu düşünür

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, azərbaycanlı oğlanlar daha çox Slavyan və Avropa qadınlarına meyil edirlər, nəinki türk qadınlarına. Bunun əsas səbəbi də müsəlmanlarda bir çox qaydaların, mental ənənələrin olmasıdır: "Əslində Azərbaycan kişilərinin əcnəbi qadınlarla evlənməsi qədim tarixə malikdir. Bu, sovet dönəmində geniş yayılmış bir formadır. Həmin stereotiplər hələ də qalıb, oğlanlarımızın nəzərində rus qızları daha cəlbedicidir. Yəni, rus və Avropa qadınlarının daha şən olduğunu düşünürlər. Türk qızı deyəndə isə hansısa tələblərə, qaydalara bağlanmaq istəməyən kişilərimiz onlarla evlilikdən uzaq dururlar. Ona görə Avropa qadınlarına meyillilik türk qadınlarına meyillilikdən daha çoxdur.

Azərbaycan qızlarının türk kişilərə ərə getməsinin daha çox şahidi oluruq. Qızlarımız bunu türklərin müsəlman olmaları ilə və heç bir qaydanı pozmadıqları ilə əsaslandırırlar. Amma kişilərimiz müsəlmanların davranış modelinə görə, dəyişiklik hiss etmədiklərinə görə daha çox Slavyan və Avropa qadınlarına meyil edirlər. Bu da psixoloji baryerdi. Lakin türk qadınları ilə evlənənlər də var. Bu o demək deyil ki, türk qızlarla evlənənlər heç yoxdur. Sadəcə ola bilər ki, bu cür oğlanlarımızın sayı az olsun. 

Baxın, İran qadınları ilə də evlənənlər çox azdı. Səbəb isə hər iki ölkənin ortaq davranış modelinin olmasıdı. Kişilərimiz bu davranış modelindən narazıdır deyə, hesab edirlər ki, Avropa qadınları daha dürüstdür, ailə münasibətlərində daha şəffaf və anlayışlıdır, nəinki bizim qapalı qızlarımız. Görünür, bu baryer onlara maneçilik törədir”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21