2017-09-14 12:41:18   |   271 dəfə oxunub

“Direktor qadınları qabağa verib, onların arxasında gizlənir” - Döyülən aktyor

Elçin Hacılı: “Stressdən pilləkənlərin yanında huşumu itirib yıxılmışam. Təcili yardım gətirildi”

“İstedadlı aktyorlar Teatrın direktoru İftixar Piriyevin düşmənidir. Çünki istedadlı aktyorlar onun mənasız, bədii yükü olmayan şeirlərini demək istəmirlər”


Teatr mədəniyyətin sütunu sayılır. Belə bir məkanda qalmaqalların, insidentlərin yaşanması heç də xoş səslənmir. Azərbaycan teatrlarında son illər zaman-zaman xoşagəlməz olayların yaşandığının şahidi olmuşuq. Bir müddətdir İrəvan Teatrında baş verənlər də sənət aləmində birmənalı qaşılanmır. Teatrda yaşanan son olaylar isə insidentin bir az da ciddiliyini xatırlatmış oldu. İrəvan Teatrında baş verənlər əvvəl sosial şəbəkələrdə ciddi tənqid olundu, daha sonra hadisələr gərginləşdiyindən qalmaqal bir az da çirkinləşmiş oldu.

Məlumat üçün qeyd edək ki, bir neçə aydır teatrın daxilində rəhbərliklə teatrın aktyorları arasında soyuq müharibə hökm sürürdü. Teatrın direktoru İftixar Piriyevlə bəzi aktyorlar arasında fikir ayrılıqları yaşanır. Teatrda qruplaşma yaranıb. Ötən gün iki qrup arasında insident yaşanıb. Teatrın direktorunun tərəfdaşları olan bir qrup xanım aktrisaları ilə aktyor Elçin Hacılı arasında əməlli-başlı əlbəyaxa olub. Daha dəqiq desək, xanım aktrisalar Elçin Hacılıya psixoloji təsir etməyə çalışıblar, aktyoru təhqir etməklə kifayətlənməyib onu döyməyə çalışıblar. Maraqlı məqamlardan biri də odur ki, bütün bunlar Teatrın direktru işdə olarkən baş verib. İftixar Piriyevi dəstəkləyənlər əvvəlcə Elçini təhqiramiz ifadələrlə təhqir edib. Daha sonra aktyoru otağa salaraq qapını üzünə bağlayıb, ona hücum ediblər. Bundan sonra İftixar Piriyevin otağında iclas keçirilib. Elə iclas zamanı da təhqirlər davam edib. Elçin Hacılı İftixar Piriyevə iradını bildirsə də, teatrın direktoru da onu təhqir edərək "Sən tərbiyəsiz, qanacaqsızsan” deyərək xanım aktrisaları dəstəkləyib. İclas zamanı özünü pis hiss etdiyini deyən Elçin Hacılı otaqdan çıxmaq üçün izn istəyib. Ayaq yolunun qarşısında yaşananlardan stress keçirən Elçin Hacılı huşunu itirərək pilləkənlərdən yıxılaraq başından zədə alıb.

Teatrda baş verən olay barədə döyülən aktyor Elçin Hacılı "Şərq”ə danışdı.

- Elçin, bu gün teatrda nə baş verdi?

- Teatrda uzun müddətdir çəkişmələr gedirdi. İftixar Piriyevin tərəfdaşları olan bir qrup aktyor bizi psixoloji olaraq sıxırlar. Bu gün də onun tərəfdaşı olan bir neçə aktrisa məni təhqir etməyə başladılar. Qadın olduqları üçün mən onlarla nə danışacağımı bilmədim. Bir qadın səni təhqir edirsə, ya onu vurmalısan, ya da sakit durmalısan. Amma mən də insanam, nə qədər bu təhqirlərə dözəydim. Məcbur qalıb sosial şəbəkədə bu barədə məlumat verdim. Xanımların məni təhqir etməsinin görüntülərini yaydım ki, daha bəsdi. Ordan da aydın görünür ki, teatrın bir qrup xanım sənətçiləri məni necə təhqir edirlər, mənə əl uzadırlar. Hadisə o qədər böyüdü ki, İftixar Piriyev məcbur qalıb bizi otağına çağırdı. Onun otağında da qadınlar məni təhqir etməkdən çəkinmədilər. Sevinc Hüseynova, Məlahət İsmayılova direktorun otağına girməzdən əvvəl də məni təhqir etdilər, mənə əl qaldırıb vurdular, otağa salıb qapını üzümə bağlayaraq təhqirlərindən utanmadılar. Səvinc Hüseynova ayağı ilə qapını tutub məni çölə buraxmırdı. Nərminə Ağayeva, Səmayə İsmayılova da mənə qarşı həm psixoloji, həm də fiziki təzyiq göstəriblər. Mənə dedilər ki, sən bizi feysbukda təhqir etmisən. Bildirdim ki, əgər təhqir etmişəmsə, gedin məhkəməyə verin. Mən onları təhqir etməmişəm.

- Bəs onda niyə sənə qarşı bu təhqirlər səsləndi?

- Mən heç kimi təhqir etməmişəm. Sadəcə, bu qadınlar teatrın direktoru İftixar Piriyev tərəfindən öyrədiliblər. Xeyli müddətdir teatrda narazılıqlar yaşanır. Sadəcə direktor qadınları verib qabağa, onların arxasında gizlənir. Onlar bizə şər-böhtan atırlar. Bu da direktorun siyasətidir ki, böhtanla bizi polisə versinlər. Bu gün də məni şərləməyə çalışdılar. İnsan bu qədər gərginliyə necə dözsün? Qadındılar. Mən onlara qarşı nəsə edə bilmədim deyə daxilən stress yaşadım. Gördüm özümü pis hiss edirəm, iclasdan çıxmağa məcbur qaldım. Sonra da əsəbdən, stressdən pilləkənlərin yanında huşumu itirib yıxılmışam. Təcili yardım gətirildi. Ordan da məni "Semaşko” xəstəxanasına gətirdilər. Həkimlərin müayinəsindən, iynə-dərman vurulduqdan sonra özümə bir az gələ bilmişəm. İclasda mənə şər atdılar. Aktrisa Ruhiyyə Eyvazova məni təhqir edir, direktor da baxır. Azmış kimi direktor da məni təhqir edib. İnsan bu qədər gərginliyə dözə bilərmi?

- Teatrın direktoru ilə yaşadığınız bu insidentin kökündə nə dayanır? Niyə aranızda bu gərginliklər yaranıb?

- İstedadlı aktyorlar Teatrın direktoru İftixar Piriyevin düşmənidir. Çünki istedadlı aktyorlar onun mənasız, bədii yükü olmayan şeirlərini demək istəmirlər. Onun qoyduğu mənasız tamaşaları səhnədə oynamaq istəmirlər. O insan baş rejissorumuza imkan vermir tamaşa qurmağa. Bu il imkan vermədi ki, Oruc Qurbanov tamaşa qursun. Hər yolla ona və istedadlı aktyorlara mane olmağa çalışır. O insan yaradıcılığın düşmənidir. Biz də yaradıcı ruhlu insanlarıq. Bizləri sevmir. O istəyir aktyorlar onun teatrda köləsi olsunlar. O, qatığa qara deyirsə, hamı qara desin. Özünə hörmət edənlər də bunu etməyəndə həmin aktyorla prinsip aparır, ona işləməyə imkan vermir. Neçə aktyoru teatrdan belə didərgin salıb. Bu gün də teatrdan iki aktyor məcbur qalıb uzaqlaşdı. Deyirsiz nəyə görə aranızda bunlar yaşanır? Çünki məni məcbur edir ki, sən mənim şeirlərimi deməlisən. Mən onun bəsit, heç bir bədii yükü olmayan şeirlərini səhnədə deməyə məcbur deyiləm axı. Özünə də demişəm ki, sizin şeirlərinizin bədii yükü yoxdu, mən onları demək istəmirəm. Təbii ki, üzünə belə deyən adamı kim sevər ki?

- Harda onun şeirlərini deməyə sizi məcbur edir?

- Harda məcbur etmir ki? İcra Hakimiyyətinin təşkil etdiyi tədbirlərdə, efirdə, səhnədə. Hər yerdə. "Xəzri” istirahət mərkəzi var. Zaqulbada yerləşir. Ordakı tədbirlərin yayda keçirilməsini buna tapşırıblar. Yayda məzuniyyətdə ola-ola bizi məcbur edirdi ki, gəlib orda şeir deyin. Dəniz kənarında, şortikdə, çimərlik geyimində olan insanların qarşısında sənətkar şeir deməz axı. Bu, aktyoru təhqir etməkdi. Mən bunlara etirazımı bildirirdim. Bu da ona xoş deyil. Camaat çimərlik geyimində oteldə dincəlir, biz də onun primitiv şeirlərini orda deməyə məcburuq. 

Camaat bizə gülürdü. Aktyor şeir deyər. Amma baxır kimin şeirini. Mən respublika üzrə bədii qiraət müsabiqələrinin laureatı olmuşam. Aktyor şeir deyər, burda təəccüblü heç nə yoxdu. Amma kimin gəldi şeirini yox. Mən Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin şeirlərini deməkdən zövq alaram. Amma İftixar Piriyevin şeirlərini oxumağa məcbur oluna bilmərəm axı. Buna görə məni işdən çıxarda bilməz. "Space” kanalında teatrın yubileyi qeyd olunacaqdı. Məcbur etdi ki, orda mənim şeirimi deməlisiz. Dedim axı teatrın yubileyidi, İftixar Piriyevin yubileyini qeyd etmirik. 

Məni məcbur etdi ki, orda mənim şeirimi səsləndirməlisən. Məcbur oxudum. Amma kanalın rəhbəri onun bu biabırçı yaradıcılığının efirdə səslənməsinə yaxşı ki, imkan vermədi. O şeirlər efirdə təqdim edilmədi. Sonra mənə şiddətli töhmət verir. Teatrın daxili nizam-intizamını pozmuşam. Buna görə məni işdən çıxartmışdı. Teatrın bir qrup aktyorunun yazılı ərizəsindən sonra məni işə qaytardı. Mən bilmirəm onun arxasında kim dayanıb ki, bu qədər teatrda özbaşınalıq edir, buna hamı göz yumur. O, yaradıcı mühitin düşmənidir. Teatra gələn gündən istedadı olanları görəndə elə bil ilan görür. İrəvan Teatrı sanki onun şəxsi biznesidir. İftixar Piriyev teatrın düşmənidir. Onun özbaşınalığına yəqin ki, son qoyan tapılar. İnanın, xəstəxanadan çıxmışam deyə hələ də özümü yaxşı hiss etmirəm.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22