2017-09-14 13:45:23   |   459 dəfə oxunub

""Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 32 ilə yarım milyard ton neft..."

İlham Şaban: "2008-2014-cü illərdə əldə etdiyimiz səviyyədə - 17-20 milyard dollar arasında olan gəlirlər gözlənilmir. Getdikcə neft hasilatı azalır və bu templə də gedəcək"


""Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişi Milli Məclis təsdiq etməlidir”.

Bunu "Sherg.az”a Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban deyib. 

O bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında müqavilə sahəsinin təhvil-təslim aktı imzalandıqdan sonra birinci müqavilə qüvvədən düşmüş, ikinci müqavilə isə qüvvədən düşmüş hesab olunacaq:

"Bu müqavilə 2049-cu ilin sonuna qədər hüquqi qüvvədə olacaq.

İlk müqavilə imzalanandan sentyabrın 1-nə qədər 436 milyon ton neft hasil edilib. Bundan sonra isə proqnozlara görə, 500 milyon tondan artıq neftin hasil ediləcəyi gözlənilir. Yəni indiyə qədər çıxarılan neftdən daha çox neftin çıxarılması gündəmdədir. Bu, ona dəlalət edir ki, bir vaxtlar səsləndirilən "Azərbaycanda neft erası bitdi” fikirləri yanlışdır. Yalnız Azərbaycanın artıq əvvəlki gəlirləri də olmayacaq. Yəni 2008-2014-cü illərdə əldə etdiyimiz səviyyədə - 17-20 milyard dollar arasında olan gəlirlər gözlənilmir.

Getdikcə neft hasilatı azalır və bu templə də gedəcək. Müqayisə edək, 20 ilə 436 milyon ton neft çıxarılıb, 32 ilə isə yarım milyard ton neft hasilatı olacaq. Bu əvvəlki dinamikaya baxanda azdır. Nəticə olaraq, qiymətə böldükdə ortalama 5-6 milyard dollar civarında gəlir əldə ediləcək”.

Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) bu gün imzalanıb. Sazişə əsasən razılaşmanın 2050-ci ilə qədər uzadılması nəzərdə tutulub.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21