2017-09-15 01:19:20   |   1047 dəfə oxunub

“İskra”, “Hümmət” və “Bakinski raboçi”...

Ötən əsrin əvvəllərində çıxan bu qəzetlər yeni tipli dövrü mətbuatın bünövrəsini qoydu


1900-cü ilin dekabrında nəşrə başlayan "İskra” qəzeti Azərbaycanda yeni tipli dövrü mətbuatın bünövrəsini qoydu. "İskra” dövrün prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. 1901-ci ilin yazından etibarən Bakının sosial-demokratları Rusiya həmfikirliləriylə əlaqələr qurmağa, "İskra” ilə müntəzəm yazışmalar aparmağa başlayıblar.

Sosial-demokratlar 1901-ci ilin yayında Bakıda gizli "Nina” mətbəəsi yaratmağa müvəffəq oldular ki, bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə, "Nina” mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Bu mətbəələrdə siyasi təşviqatın ən çevik və təsirli vasitəsi olan vərəqələrin çapı həyata keçirilirdi. Bakı Komitəsi 1902-ci ilin dekabrından 1903-cü ilin iyun ayına qədər müddətdə ümumi tirajı 33 min nüsxə olan sayı 19-dan çox müstəqil vərəqə çap edərək əhali arasında yaymışdı. Azərbaycan dilində də bolşevik gizli mətbuatının ilk nümunələri inqilabi mahiyyət daşıyan siyasi vərəqələr olub. 1904-cü ilin iyunundan 1905-ci ilin fevralına qədər Bakının gizli partiya mətbəələrində 80 adda 200 min nüsxəyə qədər vərəqə buraxılıb. 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadənin, M.Ə.Əzizbəyovun, N.Nərimanovun, S.M.Əfəndiyevin, P.A.Çaparidzenin bir araya gəlməsi ilə yaradılan "Hümmət” qrupu sosial-demokrat ideyasının daşıyıcıları olaraq nəşriyyat işini təşkil etməyə başladılar. Qrup vərəqələr və intibahnamələr buraxılmasına, onların əhali arasında yayılmasına çalışırdı. 

Mətbuat tarixi üzrə tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi - (1875-1920-ci illər) adlı əsərində dövrün mətbu orqanları barədə ətraflı məlumat verib. Müəllif əsərində bildirib ki, 1904-cü ilin oktyabrında "Hümmət”çilər ilk sosial-demokrat nəşri olan Azərbaycan dilində gizli şəkildə "Hümmət” qəzetini nəşr etməyə başladılar. "Hümmət” təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində türkdilli xalqlar içərisində sosial-demokratların ilk mətbu orqanıdır.

Bu mətbuat orqanının fəaliyyəti Rusiyada üç inqilab dövrünü, Azərbaycanın sovetləşməsi illərini əhatə edir. Birinci Rus inqilabı ərəfəsində və inqilabın ilk aylarında "Hümmət”in gizli 5-6 sayı, 1917-ci ilin iyun ayının 3-dən 1918-ci ilin iyul ayının sonlarınadək 113 nömrəsi çap olundu. Qəzet 1919-cu ilin mayından 1920-ci ilin mayına qədər Həştərxanda çap edilib. Burada cəmi 44 nömrəsi işıq üzü gördü. Ümumiyyətlə, "Hümmət”in 163 nömrəsi aşkarlanıb. "Hümmət”in yaranması, formalaşması ilk jurnalist və publisistlərinin kimliyi hələlik tam şəkildə müəyyənləşdirilməyib. Çünki qəzetin 1904-1905-ci il nüsxələri hələlik araşdırmaçılara bəlli deyil. Mətbuat tariximizə "Hümmət”in birinci nömrəsinin başlığının surəti, üçüncü sayının materiallarından yalnız biri bəllidir. 

Qəzetin ilk sayının başlıq hissəsində Azərbaycan və rus dillərində nəşr tarixi göstərilib:

"1904-cü ilin oktyabrı”. Hektoqraf üsulu ilə çap olunan qəzetin adı üzərində də məxsusi olaraq dayanmaq, onun ideya-siyasi istiqamətini müəyyənləşdirmək olar.

Bu qəzetin "Hümmət” Partiyasının mərkəzi mətbuat orqanlarından biri kimi adının məxsusi siyasi əhəmiyyəti var. İnqilabdan əvvəlki nəşrlər proletar beynəlmiləlçiliyin prinsiplərinə uyğun olaraq "Bütün ölkələrin proletarları birləşin” şüarı altında nəşr olunurdu. Qəzetin ideya müəllifləri bu şüarın Azərbaycan variantını atalar sözü olan "Kişilərin birliyi dağı yerindən oynadar” şüarı ilə əvəzlədilər. Bu xalq məsəlinin digər qarışığı da dilimizdə qorunur: "El bir olsa, dağ oynadar yerindən”, yaxud "El gücü, sel gücü” və s. "Hümmət” ərəb sözüdür və Azərbaycan dilində "qeyrət”, "birlik”, "şücaət” mənasını bildirir”.

A.Aşırlı qeyd edir ki, "Hümmət” qəzetinin ideya-siyasi istiqamətinin müəyyənləşməsində və formalaşmasında XX əsr Azərbaycan tarixində, millətin taleyində böyük rolu olan, yaşadığı zamanda və ölümündən sonra ağır tənələrin, bəzən isə hədsiz təriflərin ünvanı olan Nəriman Nərimanovun böyük rolu, xidmətləri var: 

"1917-ci il iyun ayının əvvəlində "Hümmət” Partiyasının Təşkilat Komitəsi N.Nərimanovun rəhbərliyi ilə əməli tədbirlər planı işləyib hazırladı ki, bunlardan biri də "Hümmət” qəzetinin nəşrinin bərpa məsələsi idi. İclasda N.Nərimanovdan, S.M.Əfəndiyevdən, T.A.Şahbazidən ibarət redaksiya heyəti təşkil edildi. Qəzetin redaktoru Nərimanov, katibi isə Tağı Şahbazi təsdiq olundu və "Turan” mətbəəsində çapı planlaşdırıldı. Sonralar həmin günü xatırlayan T.Şahbazi yazırdı ki, çox işlərdən sonra 1917-ci il iyulun 3-də "Hümmət”in ilk nömrəsini çıxarmaq mümkün oldu. Qəzetin adı "Hümmət” Təşkilatının Mərkəzi Komitəsində müzakirə edildi. "Yoldaş”, "Hümmət”, "Təkamül” adları təklif edildi, lakin komitə təşkilatın adlandığı "Hümmət”in üzərində durdu. Nəriman Nərimanov qəzetin məram və məqsədləri barəsində ilk bərpa sayında yazırdı: "Hümmət” qəzetəsi fəhlə və zəhmətkeşlərin hüququnu müdafiə edərkən, Rusiya müsəlmanlarına bu inqilab zamanında doğru yol göstərməyi də öz vəzifələrindən biri kimi bilir. 

Yolumuz artıq dərəcədə tikanlı, məşəqqətli olsa da, ali, müqəddəs məsləkimiz girdarımızın artmasına səbəb olur”. "Hümmət” qəzeti qısa bir vaxt ərzində özünə müəyyən oxucu kütləsi yığa bildi, onun nüsxələri Azərbaycanın hüdudlarından xeyli kənara çıxdı. Qəzet Qafqazda, Volqaboyu müsəlman vilayətlərində, Türküstanda geniş yayıldı, hətta İranda və Türkiyədə onun oxucuları vardı.


 1918-ci ilin may ayının 28-də milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra "Hümmət” Həştərxanda nəşr olunmağa başladı.

Zaqafqaziya Müsəlman İşləri Komissarlığının D.X.Bünyadzadənin başçılıq etdiyi nəşriyyat şöbəsi, 1919-cu ilin martın 29-da "Hümmət”in yenidən nəşr olunması, onun onun maddi-texniki bazasının yaradılması, qəzetin ətrafında təcrübəli jurnalistlərin toplanması üçün müəyyən tədbirlər həyata keçirməyə başladı. Komissarlıq 1919-cu il martın 29-da Saritsinə M.S.Ordubadinin adına göndərdiyi məktubda ondan Həştərxana gəlməyi, nəşriyyatın işində yaxından iştirak etməyi xahiş edirdi. 1919-cu ilin mayından yenidən çıxmağa başlayan "Hümmət” əvvəllər Zaqafqaziya Müsəlman İşləri Komissarlığı və Qafqaz Müsəlman Kommunist Təşkilatı "Hümmət”in, 1919-cu ilin noyabrında isə RK Bolşeviklər Partiyası, "Hümmət” təşkilatı Həştərxan Bürosunun orqanı kimi nəşr olunurdu. Qəzet həftəlik nəşr olunmağa başladı. İlk vaxtlar qəzetə D.Bünyadzadə redaktorluq edirdi, sonralar bu iş M.S.Ordubadiyə həvalə olundu.

"Hümmət”in nəşri 1920-ci ilin may ayına qədər davam etdi. "Hümmət”in Həştərxan dövründə 44 nömrəsi çap edilib”.

Araşdırmaçı kitabında bildirib ki, 1906-cı ildə Azərbaycan bolşevikləri rus, Azərbaycan və digər dillərdə leqal və gizli surətdə 7 qəzetin nəşrini həyata keçirə bildilər. Onlardan biri də "Bakinski raboçi” idi: "Qəzetin ilk sayı 1906-cı ilin mayın əvvəlində buraxıldı. Onun nəşrinin təşkilində və çapa hazırlanmasında bolşeviklərdən P.A.Çaparidze, V.P.Nagin, V.A.Radus-Zenkoviç və başqaları yaxından iştirak etdilər. İlk sayında qəzet inqilabi işlərdə proletariatın gücü və rolu, fəhlə sinfi ilə kəndlilərin ittifaqının əhəmiyyəti ətraflı şəkildə izah edilirdi. Həmçinin, Bakı fəhlələrinin ağır maddi vəziyyətinə, xalqın siyasi hüquqsuzluğuna dair yazılar dərc edilirdi. Gizli şəraitdə fəaliyyət göstərməyin çətinlikləri, polis təqiblərinin artması "Bakinski raboçi”nin birinci nömrəsindən sonra çapına son qoydu. "Bakinski raboçi” 1908-ci ildə leqal fəaliyyət göstərməyə başlasa da, yenidən çapını dayandırmalı oldu və doqquz illik fasilədən sonra, 1917-ci il mayın 5-də yenidən işıq üzü görməyə başladı və ilk sayında Leninin məşhur "Aprel tezisləri”ni dərc etdi. Qəzet öz oxucularına müraciətlə yazırdı: "Fəhlə yoldaşlar, yalnız siz öz qəzetinizə kömək edə bilərsiniz və kömək etməlisiniz. Biz yardım, kömək və məsləhət üçün sizə müraciət edirik. Dərhal vəsait toplanmasını təşkil edin. Bu iş təxirə salına bilməz. Yubanmaq olmaz. Hər gün, hər saat qiymətlidir. Qoy hər bir rayonda, hər bir zavodda, hər bir emalatxanada, hər bir kontorda, dostlarınızın işlədikləri hər bir yerdə vəsait toplanılmasına başlanılsın. Qısa bir müddətdən sonra qəzetin fondu üçün vəsait toplandı. Bütün bunlara baxmayaraq qəzet mövcud çətinliklər içərisindən çıxış yolları arayır, nəşrini davam etdirirdi. "Bakinski raboçi” həmin günlər öz nömrələrinin birində yazırdı: "İş ondadır ki, çörək və başqa aclıqla bərabər indi də biz kağız aclığı keçiririk. Bütün aclıqlar kimi, kağız aclığı da burjuaziya üçün yox, proletariat üçündür. Biz ona görə aclıq keçiririk ki, çünki dövlətlilər özləri üçün ehtiyat toplamışlar”.

Bakı Partiya Komitəsi "Bakinski raboçi” qəzetinin nəşrilə əlaqədar məsələlərin həllinə diqqət yönəldir, bu mətbu orqanın təbliğat imkanlarından istifadə edirdilər. Ona görə də qəzet Bakı Soveti İcraiyyə Komitəsinin mətbəəsində 4000 nüsxə tirajla çap olunurdu. Bütün bunlara baxmayaraq qəzet nədənsə maliyyə problemlərini önə çəkir və yazırdı: 

"Bizim qəzetin heç bir əməkdaşı bir qəpik də haqq almır. Gizli mətbuat buraxıldığı vaxtlarda olduğu kimi, indi də qəzetimizin əməkdaşları qətiyyən pul olmadan işləyirlər”.

Müəllif bəyan edib ki, "Hümmət”, "Bakinski raboçi” kimi qəzetlərlə yanaşı, 1906-cı il may ayının 26-da həftədə iki dəfə işıq üzü görən, bolşeviklərin ilk leqal qəzeti "Dəvət-Qoç” nəşrə başladı: "İlk sayında sosial-demokrat ideyasını təbliğ edən, xalqlar arasında dinc birgəyaşayışın lazımlığını qəzet səhifəsinə çıxaran "Dəvət-Qoç”un cəmi 19 nömrəsini çap etmək mümkün olub. Qəzetin təşkilində və işində görkəmli bolşeviklərdən M.Ə.Əzizbəyov, P.A.Çaparidze, S.M.Əfəndiyev, V.A.Zankoviç, V.P.Nagin və başqaları fəal iştirak edirdilər. "Dəvət-Qoç”un ilk nömrəsi çapdan çıxdıqdan 16 gün sonra 1906-cı il iyunun 12-dən 17-nə kimi eyni adda, rus dilində "Prizıv” qəzeti nəşr olunmağa başladı. "Prizıv” gündəlik axşam qəzeti kimi buraxılırdı. Bakıda fəaliyyət göstərən "Trud” qəzetində çap olunan elanda "Prizıv” qəzetində S.M.Əfəndiyevin, F.Y.Maxaradzenin, Musa və Mustafa Mirqasımovların və başqa müəlliflərin iştirak edəcəkləri xəbər verilirdi. Əldə olunan arxiv materiallarına, xatirələrə əsasən söyləmək olar ki, "Prizıv” qəzeti əsasən sosial-demokratiya ideyasını əsgərlər arasında yaymaqla məşğul olub. Azərbaycan sosial-demokratları "Dəvət-Qoç”dan sonra Azərbaycan dilində yeni bir qəzet açmaq təşəbbüsü göstərdilər. Lakin müəyyən müddət bu istəklərinə nail ola bilmədilər. S.M.Əfəndiyev bu münasibətlə yazır: "Dəvət-Qoç” senzor tərəfindən bağlandıqdan sonra biz yeni bir mətbuat orqanı üçün icazə ala bilmədik. 

"Hümmət”çilər bolşeviklərin sınanmış üsullarına əl atmalı oldular. Tanınmış ziyalı, jurnalist Mehdibəy Hacınskinin qəzet nəşr etmək üçün "əlində hazır icazənamə”nin olmasından yararlanıb, bu istəklərini həyata keçirmək istədilər. Həm də ona görə ki, M.Hacınskinin qəzeti nəşr etməyə imkanı yox idi. 1907-ci il avqust ayının 12-də "Qudok” qəzeti neft sənayesi fəhlələri ittifaqının orqanı kimi nəşr olundu. Qəzetin çapı üçün rəsmi icazə alınmasına baxmayaraq, onun nəşrini davam etdirmək mümkün olmurdu. Nəşr edildiyi müddətdə qəzet mətbəəsini üç dəfə dəyişməli olmuş, həftəlik çıxmalı olduğu halda, redaksiya bu işin öhdəsindən dürüst gələ bilməmişdi. "Qudok” Bakıda tətil
hərəkatının ideoloji bazası rolunu oynayır, müntəzəm şəkildə etiraz aksiyaları ilə bağlı materiallar dərc etdirirdi. Hətta V.İ.Lenin "Qudok” ilə maraqlanırdı. "Qudok” bir neçə əlavə də nəşr etməyə müvəffəq olmuş, azərbaycanca səhifə buraxmışdı.

Lakin indiyə kimi bu nüsxələr əldə olunmayıb. 1908-ci ilin yayında "Qudok”un redaktoru İ.Şitikov ilə bolşevik əqidəli jurnalistlər arasında fikir ayrılığı yarandığına görə, bolşevik yazarlar qəzeti tərk etməli oldular. Beləliklə, bu mətbu orqan 1908-ci il iyunun 9-da 35-ci nömrəsindən sonra menşeviklərin orqanına çevrildi. "Qudok”un sıralarını tərk edənlər "Bakinski raboçi”də çalışdılar”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17