2017-09-19 20:18:24   |   150 dəfə oxunub

Ənənələri yaşadan, müasirlik və novatorluqla yaşayan qəzet



Abid Tahirli

Bir çox cəhətdən qəzetlərin taleyi insan həyatına bənzəyir: qısa müddət yaşayan da olur, fəaliyyətini illər boyu davam etdirən də; cəmiyyət üçün faydalıları da, zərərliləri də olur; təzyiqlərə, təqiblərə, qərəzli münasibətə tab gətirməyərək sıradan çıxanlar da olur, hər cür təsirlərə rəğmən öz simasını, müstəqilliyini qorumağa çalışanlar da ; maddi sıxıntı yaşayanlar da, güclü dayağı, arxası, himayədarı olanlar da. XIX əsrin ikinci yarısında vur-tut 2 ildən bir qədər çox fəaliyyət göstərən "Əkinçi” 56 nömrəsi və ən çoxu 400 nüsxə ilə xalqımızın tarixində və taleyində parlaq, silinməz iz buraxdı. 38 il işıq üzü görən "Kaspi” ədəbi-mədəni, ictimai həyatımızın intibah dövrü kimi tarixə düşən XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının tribunası rolunu oynadı. İlk qadın mətbu orqanı "İşıq"ın birinci nömrəsi 1911-ci il yanvarın 22-də çıxmış, nəşri 1912-ci ilin sonunadək davam etmiş, bu müddətdə onun 68 nömrəsi buraxılmışdır. 

Qəzet qısamüddətli fəaliyyəti ilə nəinki Qafqazın, bütün Şərq-türk dünyasının mədəni-mətbu həyatına öz möhürünü vurmuşdur. Nəşrə 1919- cu ildən başlayan "Azərbaycan gəncləri”, yaxud 1958-ci ildən fəaliyyət göstərən "Bakı” qəzetlərinin xalqımız qarşısındakı xidmətləri təqdirəlayiqdir, inkaredilməzdir. Qəzet və jurnalların taleyi ilə bağlı bu qəbildən olan misalların sayını artırmaq olar. Demək istədiyimiz odur ki, dövrandan, ictimai-siyasi şəraitdən, tirajından, dövrüliliyndən, yaşından asılı olmayaraq mətbu orqanlar bütün dövrlərdə fəaliyyəti və xidmətləri ilə tarixdə qalmaq, yaşamaq haqqını qazanmaq imkanına sahibdirlər. Naşirin, mühərrirlərin məsləyi, əzmi, gücü, istəyi, iradəsi və təbii ki, istedadı bunun başlıca şərti və təminatıdır. Redaksiya əməkdaşlarının, mətbu orqanla əlaqə saxlayan digər yazarların qəzet, yaxud jurnaldakı yerinə və roluna kölgə salmadan buradaca qeyd etmək yerinə düşər ki, nəşrin simasının formalaşmasında, nüfuzunun artmasında əsas yük onun redaktorunun çiyinlərinə düşür.

Çağdaş dövrümüzün , müstəqil dövlətimizin yetirməsi kimi meydana çıxan və bu gün istedadlı şair- publisist, mahir redaktor Rəşad Məcidin rəhbərliyi ilə çoxsaylı oxucularını operativ, obyektiv, etibarlı informasiyalarla təmin edən, ictimai-siyasi, sosial, iqtisadi, ədəbi-mədəni həyatımızın salnaməsini yazan 25 yaşını qeyd etməyə hazırlaşan "525-ci qəzet”in fəaliyyəti bu baxımdan diqqəti çəkir. "525-ci qəzet"in ilk nömrəsi 1992-ci il noyabrın 17-də Azərbaycan tarixinin növbəti təbəddülatlar və təlatümlər dövründə 1410 nüsxə işıq üzü görmüşdür. Mətbuat tariximizdə maarifçilik missiyası daşıyan orqanlar adətən məramlarına, proqramlarına uyğun adlar daşımışlar. "Ziya”, "İrşad” (doğru yol göstərən), "İqbal” ( tale, irəli çıxmaq, həvəs göstərmək), "İqdam” (təşəbbüs göstərmək, başlamaq), "İttihad” (həmfikir olmaq, birləşmək), "Təkamül”, "Tərəqqi”, "Nicat”, "Dəbistan” (ibtidai məktəb, mədrəsə) və s. kimi nəşrlərə adları zaman özü, dövrün tələbləri vermişdir. Bəs "525-ci qəzet" hansı mənanı kəsb edir? Qəzetin nəşrə başladığı dövrdəki mövcud mənzərəni göz önünə gətirməyə cəhd edək: sovetdən qalma senzura sistemi milli azadlıq hərəkatının, cəmiyyətdə sürətlə gedən yeniləşmə proseslərinin, demokratik dəyişikliklərin fonunda çarəsiz və gücsüz qalmışdır. Mətbuat, söz azadlığı cəmiyyəti, ictimai fikri ağuşuna almışdır. Saysız-hesabsız qəzetlər, jurnallar qeydiyyata alınır, fəaliyyət üçün hüquqi zəmin yaradılırdı. Belə bir dövrdə qeydiyyatdan keçmiş qəzetlərin siyahısında 525-ci olan nəşrin "525-ci qəzet" adı altında buraxılması qərara alınır. 

Maraqlıdır ki, qəzetin təsisçisi Rəşad Məcid nəşrin ilk nömrəsinə proqram əvəzi yazdığı "525-ci qəzet” birinci olacaq” adlı məqalədə tam əminliklə bildirirdi ki, vaxt ötdükcə bu mətbu orqan oxucuların doğma qəzetinə çevriləcək. Rəşad Məcid müstəqil Azərbaycanın mənafeyinə xidmət edəcək bu qəzetin uzunömürlü, faydalı olması üçün hər bir sağlam nəşrə xas prinsiplərlə işləyəcəyini qətiyyətlə bəyan edirdi: qəzet həqiqəti başlıca meyar kimi qəbul edəcək; bir adamın, bir qrupun, bir partiyanın yox, müstəqil Azərbaycan dövlətinin gələcəyinə xeyir verə biləcək doğrunun tərəfində duracaq; qəzetdə istedadlı, saf yazarlar çalışacaq və onlar "düzü düz, əyrini əyri” yazacaqlar, haqqı nahaqqa verməyəcəklər və nəticədə, müstəqil Azərbaycanın uğurlarında "525-ci qəzet"in də öz yeri, öz payı olacaqdır. 

Ötən 25 il Rəşad Məcidin uzaqgörənliklə dediyi bu fikirləri təsdiqlədi. Bu gün tam qətiyyətlə söyləmək olar ki, artıq "525-ci qəzet" adını Azərbaycan mətbuat tarixinə əbədi həkk etdirmişdir. Ötən illər ərzində dövlət, cəmiyyət həyatının elə sahəsi olmamışdır ki, "525-ci qəzet" ona peşəkarlıqla, müasir tələblər baxımından toxunmasın. Mövzu müxtəlifliyi, janr rəngarəngliyi, sənətkarlıq məharəti qəzetin simasını şərtləndirən, onu oxuculara sevdirən əsas meyarlar olmuşdur. Məhz bu məziyyətlərinə görə də, "525-ci qəzet”in daimi oxucusuyam, onunla elə 25 ildir ki, əməkdaşlıq edirəm və bu müddətdə qəzetdə 100-ə yaxın məqaləm dərc edilmişdir.

Açığını deyim ki, indiyədək bu qəzetin materiallarından namizədlik, doktorluq dissertasiyalarının yazılmaması məni təəssüfləndirir və təəccübləndirir. Halbuki, qəzet onlarca ciddi elmi-tədqiqat işi üçün sanballı və zəngin mənbədir. Elə bilirəm ki, "525-ci qəzet"in toxunduğu problemlərin əhatə dairəsi, tarixi xidmətləri, ictimai rəy formalaşdırmaq gücü haqqında təsəvvür yaratmaq üçün bir neçə sitat kifayət edər. Xalq yazıçısı Elçin: ""525-ci qəzet” qarmaqarışıqlıq dövründə çıxan ilk nömrəsindən başlayaraq Azərbaycan ədəbiyyatına, ümumiyyətlə, mədəniyyətimizə, ictimai fikrimizə göstərdiyi xidmətlərə görə, onun 25 illik yubileyi, elə bilirəm ki, mənəvi dünyamızın bütün bu sahələri üçün də əlamətdar bir hadisədir... "525-ci qəzet” ictimai-siyasi qəzetdir, ancaq ədəbiyyat mövzusu (və ədəbiyyatın maraqları!) onun ən prioritet mövzularından biridir ..."525-ci qəzet” ... bədii ədəbiyyatla, onun problemləri ilə bağlı vacib bir tribunaya çevrildi, bununla da son 25 ildə ədəbiyyatımızın inkişafında əhəmiyyətli rol oynadı..."525-ci qəzet” sovet dövrü ədəbiyyatımıza, bu ədəbiyyatın (və yazıçıların!) keçdiyi keşməkeşli sənət yoluna, məruz qaldıqları böyük faciələrə və eyni zamanda, elə həmin dövrdə qazanılmış böyük də uğurlara həmişə obyektiv yanaşıb və obyektiv qiymət verib”.
Prof. Şirməmməd Hüseynov: " Mən1875-ci ilin "Əkinçi” qəzetindən tutmuş ta 1920-ci ilin aprel rus bolşevik işğalına qədər Azərbaycanda ana dilimizdə nəşr edilən mətbuat orqanlarını az-çox araşdırmışam. 

"525-ci qəzet”in bunlardan əqidə və məsləkcə hansına oxşadığı üzərində düşündüm. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ü.Hacıbəylinin redaktoru olduğu "Azərbaycan” qəzeti xatirimə gəldi”. Akademik Abel Məhərrəmov: 


"Bu qəzet Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələri dolğun işıqlandırması, dövlətimizin apardığı uğurlu daxili və xarici siyasəti obyektiv qiymətləndirib xalqa düzgün çatdırması, dərin analitik yazıları, sanballı araşdırmaları ilə fərqlənmiş, xalqın sevimlisinə çevrilmişdir.Rəngarəngliyi, aktual mövzuları ilə oxucuların dərin sevgisini qazanan "525-ci qəzet” mətbu sözün məsuliyyətini dərindən dərkedən və jurnalistikanın şərəfli ənənələrini yaşadan qəzet kimi davamlı olaraq milli-mənəvi dəyərlərimizin qorunubsaxlanmasında, inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərmişdir”. Əflatun Amaşov, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri: "Hərdən də düşünürəm ki, bəlkə "525”siz müasir milli mətbu mətbəximizin palitrası zəngin və cəzbedici görünməzdi. Bu zənginliyi təminedən, qəzetin həyatiliyini şərtləndirən başlıca amil isə onun baxışlarından, yaşından, dünyagörüşündən asılı olmayaraqcəmiyyətin hər bir üzvünün həmsöhbətinə çevrilmə bacarığıdır”. Diplomat, prof: Vilayət Quliyev: "525-ci qəzet” oxucularını heyrətləndirməyə, indi dəbdə olan ifadə ilə desəm, onlarda "şok” effekti yaratmağa yox, maarifləndirməyə çalışır.

"525-ci qəzet” həyatda və insanlardakı yaxşı, xeyirxah, işıqlı cəhətləri görməyə və göstərməyə, nikbin notlar aşılamağa can atır.
"525-ci qəzet” bu gün çox böyük ehtiyac duyduğumuz təhsil və mədəniyyət sahəsinin güzgüsüdür. Onun həm uğurlarını, həm də problemlərini eyni ardıcıllıqla, eyni prinsipiallıqla göstərməyi bacarır.
"525-ci qəzet” dünyanı Azərbaycana gətirmək və Azərbaycanı dünyaya çıxarmaq üçün əlindən gələni edir.
"525-ci qəzet” partiya və qrup maraqları fövqündə, ümumilli mövqedə dayanmağı, Sabir demişkən, "dövrün aynası” olmağı bacarır.”

Yazını bir nəfər ali məktəb müəlliminin auditoriyada tələbə ilə " Mətbuatda ənənələr və müasirlik” mövzusunda söhbəti ilə yekunlaşdırmaq istəyirəm. Tələbə müasir dövrdə informasiya kanallarının həddən artıq çox, poliqrafiya bazasının zəngin, ali təhsilli və istedadlı mühərrirlərin kifayət qədər olduğunu bildirib soruşur ki, müəllim, belə bir şəraitdə biz xəbərləri çətinliklə toplayan, kustar üsulla çıxan "Əkinçi”dən nəyi öyrənməliyk? Müəllim deyir: " Biz "Əkinçi”dən millətə xidmət etməyi, fədakarlığı, qərəzsiz, doğru, təmənnasız yazmağı öyrənməliyik. Biz "Əkinçi”lərdən sarsılmaz əqidə, böyük iradə, qətiyyət sahibi olmağın yollarını öyrənməliyik”. Fikrimizcə,"525-ci qəzet”in uğurlarının mənbəyi məhz ənənələri yaşatmasında, fədakarlıqda müasirlik və novatorluq yolunu tutmasındadır.






SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11