2017-09-22 16:15:13   |   239 dəfə oxunub

"Kürdüstan məsələsi Türkiyə və ABŞ prezidentlərini qıcıqlandırır”


"Kürd problemi, Kürdüstan Muxtariyyətinin müstəqilliyini elan etməsi Türkiyə və ABŞ dövlət başçılarını qıcıqlandırır”.

Bunu "Sherg.az”a ABŞ və Türkiyə prezidentlərinin İraq Kürd Muxtariyyətində sentyabrın 25-nə planlaşdırılmış müstəqillik referendumuna qarşı çıxışına münasibət bildirərkən politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, hər iki dövlət başçısı bununla bağlı bəyanatlar verib və narazı mövqelərini ortaya qoyublar:

"Rəsmi Ankara və Vaşinqton hesab edir ki, Kürdüstan Muxtariyyətinin müstəqil olması Yaxın Şərqdə stabilliyi poza bilər. Bu, bir sıra dövlətlər – İraq və digərləri üçün təhlükədir. Kürdüstan Muxtariyyətinin müstəqil olması yaxın Şərqdə gedən proseslərə zərbə kimi qiymətləndirilə bilər. Ona görə, düşünürəm ki, Tramp və Ərdoğan danışıqlarında bu məsələ ilə bağlı birgə səy göstərilməsi qərara alınsa, problemin həll olunması mümkündür. Çünki Kürd hakimiyyəti də bəyan etdi ki, lazım olsa, referendumu təxirə sala bilərik. Bu, özü-özlüyündə o deməkdir ki, onlar artıq müəyyən amillərlə hesablaşır. Başa düşürlər ki, həm milli, həm regional dövlətlər buna etiraz edir. Ölkədəki stabilliyi pozmaq və o dövlətlərin maraqları ilə oynamaq düzgün olmazdı”.

Qeyd edək ki, Nyu-Yorkda baş tutan görüşdə prezidentlər Kürdüstan Muxtariyyətinin müstəqilliyi haqqında referendum keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-10-19