2017-09-22 18:41:19   |   367 dəfə oxunub

Təhsil mütəxəsisləri "Şərq"i ziyarət etdilər - FOTOLAR


Bu gün təhsil sahəsi üzrə mütəxəsis,pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, təhsil üzrə mütəxəsis Nadir İsrafilov və tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq" qəzetini ziyarət ediblər. 


Qonaqlar redaksiyada yaradılmış Azərbaycan Mətbuat Tarixinin Muzeyi ilə yaxından tanış olublar.

Ölkə ziyalılarının redaksiyaya baş çəkməsinin çox xoş hadisə olduğunu diqqətə çatdıran qəzetin baş redkatoru Akif Aşırlı qonaqlarla otaq-otaq gəzərək muzeydəki nadir eksponat, portret və orijinal sənədlər barədə ətraflı məlumat verib. 

Bütün otaqla tanışlıq başa çatdıqdan sonra muzeylə bağlı təəssüratlarını bölüşən qonaqlarımız maraqlı təkliflərlə çıxış etdilər.

Ə.Ağayev: "Bir institutun işini görmüsünüz. Mən elə bil yenidən yaşadım. Çünki arxivlərdə "Tərəqqi", "İrşad", "Dəbistan" "Rəhbər və s. qəzetlərini, jurnallarını vərəqləməyin yadıma düşdü. O hissləri yenidən yaşadım . Bu qəzetlərin ilk nüsxələrini və belə orjinal eksponatları toplamaq çox çətindir. Bu, xüsusi olaraq vətəndaş mövqeydir. Milli ruh və milli mövqedir. Akif Aşırlının peşəkarlığını , milliliyini bilirdik, bu işlər isə onun sübutudur".

N.İsrafilov: " Respublika səviyyəsində belə bir mətbuat muzeyi yoxdur. Bu mənada hesab edirəm ki, çox böyük iş görmüsünüz. Bu işi də məhz siz görməli idiniz. "Şərq" sözü ilk olaraq insanda Azərbaycanda qocaman Şərqin qapısı assosiyasiyasını yaradır. Bu mənada təşəbbüsün özü çox təqdirəlayiqdir. Şübhəsiz ki, muzey getdikcə zənginləşəcək. İstəyim odur ki, bu qədər zəhmət, əziyyət hədər getməsin. Burada 90 faiz biliklərimi zənginləşdirdim. Bu, xalqa milli hiss aşılayır və bilik verir. Təklifim isə odur ki, muzeyin işıqlandırılmasını bir az gücləndirmək lazımdır. İşıqlanmadan çox şey asılıdır. Bütün hallarda minnətdarlığımı bildirməkdən başqa heç nə deyə bilmərəm. Çox böyük iş görmüsünüz. Ümidvaram ki, işiniz qiymətləndiriləcək. Bu məsələ respublika səviyyəsində dəyərləndirilməlidir. Çox böyük işdir.

A.Aşırlı: Prezident baş redaktorlarla görüşdə Həsən bəy Zərdabinin adını çox böyük hörmət və izzətlə çəkdi. Bu dövlət və millət üçün nələrsə etmək lazımdır. Təssüf ki, bu gün çoxları etiraz edir ki, Azərbaycan jurnalistləri savadsızdır, tarixini bilmir. Bu həm də ondan qayanaqlanır ki, Azərbaycan mətbuatı ənənələrdən uzaqlaşır. Bu ənənələri yaşatmasaq, biz jurnalistlər Uzeyir bəyin və Əli bəy Hüseynzadənin kimliyini cəmiyyətə aşılamasaq, Azərbaycan jurnalistikasının bütöv inkişafından danışmaq olmaz. Və gələcəkdə peşəkar jurnalist yetişdirmək çətin olacaq.

Ə.Ağayev :Dünənini, tarixini müfəssəl şəkildə bilməyən adam , bugününü sabaha daşıya bilməz. Mətbuat, təbliğatçıdır, öyrədicidir, maarifləndiricidir. Buna görə də xeyli əziyyət çəkmisiniz. Təklifin odur ki, mən burada pedaqoji jurnallar görmədim. "Məktəb"lə "Dəbistan"ı gördüm. "Maarif işçisi", "Yeni məktəb" və "Azərbaycan məktəbi" jurvalları var. Onları da əldə edib nümayiş etdirmək olar.

A.Aşırlı: Əjdər müəllim, o jurnallardan sizdə varsa, muzeyimizə hədiyyə edərdiniz.

Ə.Ağayev: Var idi məndən aldılar. Amma özümdə bəzi nüsxələr var, onları gətirib sizə hədiyyə edəcəm. Orada çox maraqlı məsələlər var. Həm də düşünürəm ki. xeyriyyəçi iş adamlarına müraciət etmək lazımdır ki, bəzi sənədlərin əldə olunması üçün köməklik göstərsinlər.

A.Aşırlı: İndi Tağıyev kimi mesenatlar azdır və ya ya yoxdur.

Ş.Əsgərov: "Şərq" qəzetinə çox böyük hörmətim var. Bu qəzeti çox istəyirəm. Belə bir söz var: "Bəsləsən atlas olar tut yarpağından". Adicə bir redaksiyada muzey düzəltməyin özü , tut yarpağından atlas düzəltmək kimi bir şeydir. Çünki bu otaqlar bütün qəzet redaksiyalarında var. Bir yaxşı söz də var: "Niyyət fəaliyyətin ruhudur". Gərək, inanda niyyət və milli ruh olsun. Millətə qulluq etmək amalı olsun. Onda fəaliyyət gedəcək. Fəaliyyət millətə qulluq istiqamətində gedəcək. Muzeyə baxanda bu qənaətə gəldim ki, niyyət çox safdır. Bu saf niyyəti və xalqa xidmət niyyətini gərək ki, Mədəniyyət və Turizm Nazirliyi də görsün. Bu işə şərait yaradılmalıdır. Əbəs yerə demirlər ki, mətbuat 4-cü hakimiyyətdir. Bunun arxasında çox böyük fəlsəfə yatır. Mətbuat cəmiyyətə özündən əvvəlki 3 hakimiyyətlə bağlı müfəssəl məlumat ötürür. İstərdim ki, BDU-nun jurnalistika fakultəsinə qəbul olunan tələbələr ilk dərs günlərində gəlib muzeyi ziyarət etsinlər. Bir də muzeyi bir az genişləndirsəniz daha yaxşı olar. Bir halda ki, olmayan yerdən belə bir iş görmüsünüz. Böyük iş görmüsünüz. Mütləq dəyərləndirilməlidir. Baxım, görüm bir şeylər tapa bilirəmmi muzeyinizə hədiyyə etməyə. Bir də təbliğatınızı genişləndirmək gərəkir. Elan da vermək olar ki, belə bir muzey var. Kimdə media ilə bağlı nə varsa, onu təqdim etsinlər.

A.Aşırlı: İnanın ki, çox böyük işlər görmək olar. Bunları isə ürəyimdən, içimdən gəldiyi üçün etdim. Jurnalistika ənənələrini formalaşdıran insanları necə unuda bilərik ? Onların çox dəyərli fikirləri var və həmin fikirlər indi də çox aktualdır.

Bizə baş çəkdiyiniz üçün çox minnətdaram, gəlişiniz çox xoş oldu.

Qonaqlarımız görülən işlər üçün A.Aşırlıya təşəkkür edib, redaksiyanı tərk etdilər.


















Hazırladı: Ayyət ƏHMƏD







SON XƏBƏRLƏR

2017-10-19