2017-10-10 00:32:17   |   269 dəfə oxunub

Gərginlik artır

ABŞ-Türkiyə diplomatik böhranının təsadüf etdiyi vaxt təəccüblüdür

Vaşinqtonun Ankaraya qarşı daha sərt addımlar atacağı ehtimalı böyükdür


ABŞ və Türkiyə arasında növbəti gərginlik yaranıb. Buna səbəb bu günlərdə Amerikanın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Konsulluğun əməkdaşı Mətin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Həbsə etiraz edən rəsmi Vaşinqton isə Türkiyə vətəndaşlarına viza verilməsini müddətsiz dayandırıb. Türkiyə də adekvat addım ataraq, ABŞ vətəndaşlarına viza verilməsini məhdudlaşdırıb. Bir müddət sonra Amerikanın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı verilib.

Haqqında həbs qərarı verilən baş konsulluq əməkdaşının həyat yoldaşı və övladının ifadəsi alınıb. Diplomat isə baş konsulluğu tərk etməyib. Bu arada Türkiyə ədliyyə nazirinin ABŞ-ın Türkiyədəki səfiri Con Bassın görüş təklifini qəbul etmədiyi bildirilib. "Yeni Şafak” qəzetinin yazdığına görə, ABŞ baş konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ üzvü polis rəisləri ilə birlikdə Vaşinqtona səfər etdiyi ortaya çıxıb. Topuzun başqasının adına qeydiyyatda olan telefon xətti ilə saxta dəlil və səs yazılarının xaricə çıxarılmasında terrorçularla əlaqəli olduğu müəyyən edilib. Məlum olub ki, Mətin Topuz 15 iyul hərbi çevriliş cəhdində iştirak səbəbi ilə həbs olunan polkovnik Gürcan Secan və müavini Oktay Akkaya ilə birlikdə toplantılarda iştirak edib. Topuzun ümumilikdə FETÖ ilə əlaqədə şübhəli bilinən 121 nəfərlə rabitə saxladığı ortaya çıxıb. 

Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Asim Mollazadə deyib ki, iki müttəfiq ölkə münasibətləri normallaşdırmaq üçün danışıqlar masasına oturacaq:

"Əlaqələrin getdikcə gərginləşməsi nə ABŞ, nə də Türkiyə üçün maraqlıdır. Çox güman ki, tərəflər ortaq məxrəcə gəlmək üçün səylərini artıracaqlar”. 


Politoloq Sədrəddin Soltan isə bildirib ki, Türkiyə ilə ABŞ arasında yaranan diplomatik böhranın səfirliyin bir əməkdaşına qarşı irəli sürülən casus ittihamı ilə əlaqədar olmadığını ehtimal etmək mümkündür: 

"Bunlar ABŞ-ın müttəfiq saydığı Türkiyəyə qarşı uzun müddətdən bəri topladığı, yumşaq ifadə etsək, hiddətin nəticəsidir. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan onların istədiyi kimi dövlət başçısı olmadığından bölgədə baş verənlər onların istədiyi istiqamətdə getmədiyindən Mətin Topuz məsələsində iddialar ortaya qoyuldu. Türkiyə də ABŞ qarşısında mühüm məsələlər qaldırdı. Ankara ABŞ-a sığınan Fətullah Gülən və onun tərəfdarlarının təhvil verilməsini tələb edir. 

Türkiyə Vaşinqtondan Suriyada fəaliyyət göstərən terrorçu PKK-nın qolları "YPG” və "PYD”yə silah verməməsini istəyir. Ankara Türkiyə də daxil olmaqla bölgə dövlətlərinin ərazi bütövlüyünə hörmət olunmasını tələb edir. Məncə, ABŞ-Türkiyə diplomatik böhranının təsadüf etdiyi vaxt da təəccüblüdür. İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə bölgədə "müstəqilliklə bağlı referendum” keçirilir. Türkiyə və İran bölgədə "elan ediləcək müstəqilliyə” qarşı birgə fəaliyyət planı hazırlayır. Ankara və Tehran rəsmiləri İraqla Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını, bölgədə yeni dövlətin yaranmasına imkan verməyəcəklərini bildirirlər. Qazaxıstanın paytaxtı Astanada üç təminatçı dövlət - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq Türkiyə hərbçiləri Suriya sərhədini keçərək İdlib ərazisinə daxil olublar”.

Politoloq bildirib ki, ABŞ müttəfiqlərinə münasibətdə onları növlərə ayırır. Məsələn, müttəfiqləri Almaniya ilə Türkiyəyə münasibət eyni deyil: 

"ABŞ-la müttəfiqləri arasında oxşar hadisələr əvvəllər də baş verib. Amerikanın 2013-cü ildə müttəfiq dövlətlərin liderlərinin telefon danışıqlarını dinləməsi hadisəsi unudulmayıb. ABŞ Kəşfiyyat İdarəsinin rəhbəri xarici liderlərin dinlənilməsinə əməliyyatların əsas məqsədi kimi bəraət qazandırıb. Almaniya mediasının məlumatına görə, Vaşinqton kansler Angela Merkelin telefon danışıqlarını on ildən çoxdur dinləyirmiş. Bunlar ABŞ-ın öz müttəfiqlərinə qarşı davranışına nümunələrdir. Ancaq o vaxt nə Berlin, nə də Vaşinqton biri-birini hədələmədi. Tərəflər məsələni danışıq yolu ilə nizama saldı. Heç bir tərəf viza silahından istifadə etmədi. ABŞ-ın diplomatik təmsilçilərlə bağlı ən böyük qalmaqalı 1979-cu ildə İranda yaşanıb. İranlı tələbələr Tehranda ABŞ səfirliyinə hücum edərək 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdülər. 

Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb edirdilər. ABŞ isə onu ölkədən uzaqlaşdırmaqla İranda hakimiyyətə yeni gələn qüvvələri yola vermək istəyirdi. Nəticədə səfirlik əməkdaşları 444 gün girov saxlanıldı. Bu diplomatik qalmaqal ucbatından ABŞ-ın ovaxtkı prezidenti Cimmi Karter İranla əlaqələri kəsdi. İndiyədək bu əlaqələr bərpa olunmayıb”. 

S.Soltanın fikrincə, baş verənlərdən belə qənaətə gəlmək olar ki, ABŞ Türkiyəyə münasibətdə mövqeyini Avropa İttifaqına, daha doğrusu, Almaniyaya yaxınlaşdırır: 

"Bununla belə, Mətin Topuz yaxın günlərdə sərbəst buraxıla bilər. Ancaq səfirliyin bir nəfərə görə müttəfiq dövlətə yönəlik verdiyi "əsassız iddiaların irəli sürülməsi Türkiyə ilə uzun zamandan bəri davam edən əməkdaşlığımızı baltalayır” bəyanatı çox kəskindir. Bu isə Vaşinqtonun Ankaraya qarşı daha sərt addımlar atacağı ehtimalından xəbər verir. Hətta, deyəsən, Yaxın Şərq məsələsində rol oynayan tərəflər də müəyyənləşməyə başlayır”.


İsmayıl







SON XƏBƏRLƏR

2017-12-13