2017-10-11 12:58:25   |   377 dəfə oxunub

“Məktəbdə “müəllimlər otağı”na baxmaq kifayətdir”

Kamran Əsədov: “İçəridəkilərin əksəriyyəti qadınlardır”

Maraqlı məsələ budur ki, ixtisasdan asılı olmayaraq kişilər ali təhsil müəssisələrində daha üstün saya malikdir



Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çoxdur. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanlarında olan gender bərabərliyində dəyişikliklər baş verib.

M.Abbaszadə qeyd edib ki, artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb: "Gender bərabərliyi humanitar və texniki sahələr üzrə də bölünüb. Belə ki, qızlar humanitar, oğlanlar isə texniki sahələrə daha çox üstünlük verib. Ötən 10 il ərzində Azərbaycanda bu tendensiya da dəyişib. 2016-cı ildə buraxılış imtahanlarının nəticələrinə əsasən elə universitetlər var ki, orada oğlanlar üstünlük təşkil edir.

Məsələn, Azərbaycan Texniki Universitetinin tələbələrinin 79 faizi oğlan, 20 faizi qızdır. Azərbaycan Dövlət Dəniz Akademiyasına ötən il 308 oğlan, 1 qız qəbul olub. Həmin ali məktəb yalnız oğlanlar qəbul edir, orada təhsil almaq istəyən qız isə ərizə yazaraq orada təhsil alır. Ölkədə magistraturaya daha çox xanımlar gəlir. Rezidentura pilləsində - tibb sahəsində qızların sayı kifayət qədər çoxdur. Qızlar müəyyən ixtisasları seçmirlər. Məsələn, hər il həkim-narkoloq ixtisası üzrə yerlər boş qalır. 

Oğlanların isə müvafiq balı çatmadığından bu yerləri seçə bilmirlər. Ali məktəblərin dövlət sifarişli yerlərinə qızlar daha çox qəbul edilir. Amma ödənişli ixtisaslara daha çox oğlanlar qəbul olunur. Həmin balla qızlar orta ixtisas təhsili müəssisələrində təhsil alırlar. Bu da ailələrin təsiridir, çünki onlar ödənişli ixtisaslarda qızlara nisbətən oğlanlarının təhsil almasına üstünlük verirlər”.

Hazırda orta məktəblərlə müqayisədə ali məktəblərdə təhsil alanlar arasında gender bərabərliyinin ciddi şəkildə pozulduğunu deyən təhsil üzrə ekspert Kamran Əsədov bunun daha çox pedaqoji universitetlərdə açıq şəkildə nəzərə çarpdığını bildirib. Ekspertin sözlərinə görə, müəllim kadrlarının hazırlanmasında problemlər mövcuddur, çünki məktəb müəllimlərinin 90 faizdən çoxu qadınlardır: 

"Bu cür vəziyyət səhiyyədə də mövcuddur. Lakin bu sahədə kişi və qadınların orta əmək haqlarını müqayisə etsək, görərik ki, kişilərin əmək haqqı yüksəkdir. Yəni qərar qəbul etmə səviyyəsində əsasən kişilər işləyir. Qadın çox vaxt az ödənişli işi yerinə yetirir. Bizim ölkədə bu sahəyə diqqət az ayrılır. Lakin xarici ölkələrdə təhsil alanlar arasında gender bərabərliyi məsələsi xüsusi diqqət mərkəzində saxlanılır. Hətta MDB ölkələri sırasına daxil olan Qazaxıstan təhsilin inkişafı naminə müxtəlif addımlar atır və bu addımlar sırasında gender bərabərliyini qorumaq xüsusi yer tutur”.

K.Əsədov həmçinin bildirib ki, ölkəmizdə təhsil müəssisələrinin tərkibinə nəzər salsaq, orta məktəblərdə qadın müəllimlərin sayının kişi müəllimlərin sayından əsaslı şəkildə çox olduğunu görərik: 

"Bunun üçün dərslərarası fasilə zamanı məktəblərdə "Müəllimlər otağı” deyilən yerə nəzər salmaq kifayətdir. İçəridəkilərin 80 faizi qadınlardır. Orta məktəblərin çalışan kadr potensialı ilə ali məktəblərin çalışan kadr potensialı arasında fərqlər var. Orta məktəblərdən fərqli olaraq ali məktəblərdə kifayət qədər kişi müəllimlər var. Hətta demək olar ki, onların sayı qadınları üstələyir. Maraqlı məsələ budur ki, ixtisasdan asılı olmayaraq kişilər ali təhsil müəssisələrində daha üstün saya malikdir. Halbuki, bəzi ixtisaslar üzrə təhsil alan qızların sayı kifayət qədər çox olub. 

Əslində bu məsələni bir neçə hissəyə ayırmaq olar. Birincisi, təhsil sisteminin özündə, pedaqoji metodologiyada gender bərabərliyinə nail olmaq, ikincisi isə təhsil müəssisələrində gender tədrisinin, təhsilinin tətbiqidir. Ölkəmizdə və xaricdə bir çox araşdırmalar ənənəvi təhsil sisteminin, metodikanın çağdaş tələblər ilə ayaqlaşa bilmədiyini irəli sürür. Təhsil müəssisələrində ənənəvi gender normaları, sosial və mədəni stereotiplər təlqin edilir və dəstəklənir, nəticədə gender şüuru formalaşdırılır. 

Beləliklə, bu müəssisələrdə "əsl kişi” və "əsl qadın” xarakteristikalarına əsaslanan gender şüurunun yaranması baş verir. Bu isə gender bərabərliyinin aradan qaldırılmasının qarşısını alır. Bütün bunlar yeni zamanla ayaqlaşan təhsil prinsiplərinin tətbiqini zəruri edir. Gender, gender bərabərliyi yeni dünyagörüşü, yeni düşüncə tərzi deməkdir, ənənələrin yenidən dərki deməkdir. 

Milli özünəməxsusluğu, şəraiti nəzərə almaqla hər bir cinsin - kişi və qadının özünəməxsus stereotiplərinə, davranış formalarına həssaslıqla, ümumiyyətlə baza dəyərlərinə hörmətlə yanaşaraq təhsil müəssisələrində səmərəli şəkildə genderin təbliğatını aparmaq, əlverişli metodları, üsul və qaydaları tətbiq edərək təhsilin genderləşməsini həyata keçirmək lazımdır. Bunların nəticəsində ali və orta ixtisas təhsil müəssisələrinə qəbul zamanı xanım iddiaçılar daha çox pedaqoji yönümlü, oğlan iddiaçılar isə xüsusi təyinatlı və fiziki güc tələb edən ixtisaslara meyl edirlər”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-10-19