2017-10-12 00:51:40   |   164 dəfə oxunub

Ana südünün düşmənləri...

Süni uşaq qidası satan firmalar ağını çıxarıb

Ana doğum evindən çıxan kimi telefonuna zəng gəlir



İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə görə, Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək.

Məcəllənin hazırkı variantına görə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə cərimələr tətbiq edilir. Bu hala görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 750 manatdan 1000 manatadək məbləğdə cərimələnirlər.
Sözügedən dəyişikliyin təqdirəlayiq olduğunu vurğulayan ekspertlərin sözlərinə görə, ana südü elə bir nemətdir ki, onu heç bir qida ilə əvəz etmək mümkün deyil. Ana südü uşağın mədə-bağırsaq sisteminin formalaşması, immunitetinin artması gələcəkdə bir çox xəstəliklərdən qorunması üçün vacib amildir.

Hazırda ölkədə süni uşaq qidalarının ana südündən daha çox reklam edildiyini qeyd edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, analar doğum evindən çıxıb öz evinə çatan gün onlara gizli nömrədən telefon zəngi gəlir. 

Dəstəyi qaldıran zaman telefonda bir xanım ananı körpəsi olması münasibətilə təbrik edir. Daha sonra ondan uşağına hansı qidanı verdiyini soruşur. Ananın körpəsini hansı qida ilə qidalandırdığını dəqiqləşdirdikdən sonra sağollaşıb dəstəyi asır. Bizə tez-tez belə məlumatlar daxil olur. Bütün bunlar göstərir ki, yeni övlad dünyaya gətirən analara zəng edənlər süni uşaq qidası satışı ilə məşğul olan firmaların işçiləridir. 

Onlar ananın uşağına hansı qidanı verdiyini dəqiqləşdirməklə öz məhsullarının nə qədər satılacağını planlaşdırırlar. Bu zaman sual çıxır ki, görəsən, bu firmalar həmin şəxsin yenicə ana olduğunu və onun mobil telefonunun nömrəsini haradan bilirlər?

Ananın adı, ünvanı, telefon nömrəsi doğum evində onun üçün açılmış "kartoçka”da göstərilir. Ana evə çıxarkən ona uşağa hansı südü verməyi isə doğum evindəki pediatr məsləhət verir. Elə firmalar da ananın xəstəxanadan öz evinə yollandığı barədə məlumatı doğum evindən alırlar. Hər gün nə qədər ananın doğum evindən öz evinə çıxdığını bilən bu firmalar eyni zamanda ananın mobil telefonunun nömrəsini də götürürlər. Beləcə asanlıqla öz məhsullarını evə çıxan analara məsləhət görülməsi barədə razılığa gəldikləri pediatrlardan hansının nə dərəcədə bu sövdələşməyə əməl etdiklərini üzə çıxarırlar. Bu yolla da süni uşaq qidası satan firma həmin pediatrlara müəyyən faiz ödəyir. 

Azərbaycanda "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun olduğunu xatırladan E.Hüseynov həmçinin əlavə edib ki, respublikamız uşaqların ana südü ilə qidalanmasına dair BMT-nin çərçivə sazişinə qoşulub: 

"Həm ölkə qanunvericiliyində, həm də beynəlxalq konvensiyalarda yazılır ki, qida distributerləri pediatrlarla əlaqəli olmamalıdır. Hətta pediatrlar qida distributerlərinin sponsorluğu ilə gəzintilərə, səfərlərə, ekskursiyalara getməməlidir. Amma Azərbaycanda pediatrların bir hissəsi süni qida satışı ilə məşğul olan şirkətlərin təsiri altındadır. Onların vəsaiti hesabına da səfərlərə, ekskursiyalara gedir. Bizim təşkilatda məlumat da var ki, qida distributerləri arasında kimin daha çox pediatrı təsir altına alması uğrunda mübarizə gedir. Respublikamızda isə bu hallara barmaqarası baxılır”.

AİB sədrinin sözlərinə görə, süni uşaq qidalarının satışı və reklamı məsələsində "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunun heç bir tələbinə əməl olunmur. 

Süni uşaq qidalarının həm reklamı, həmçinin də markalanmasında ciddi nöqsanlara yol verilir. Qanunla uşaq qidasının üzərində şən, gülərüz uşaq şəkli ilə diqqəti çəkmək qadağandır. Amma uşaq qidalarının reklamında bu qadağalara məhəl qoyulmur. Analar müxtəlif cəzbedici reklam şitləri ilə süni uşaq qidasına cəlb edilir. 

E.Hüseynovun sözlərinə görə, uşaq qidasını daşıyan avtomobillərin üzərində də bu cür qanunsuz reklamlara yol verilir: 

"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunun 10-cu maddəsində süni qida məhsullarının reklamına qoyulan tələblər var.

AİB sədri hesab edir ki, qanunun mövcud tələbinə məhəl qoyulmaması körpələrin və erkən yaşlı uşaqların qidalanması hüququnun pozulması ilə sonuclanır.

Şəymən







SON XƏBƏRLƏR

2017-12-13