2017-10-12 01:01:15   |   162 dəfə oxunub

“Yataqxanası olmayan universitetlərə yuxarı bal verilmir”



Təhsil naziri Mikayıl Cabbarov uzun zamandır müzakirə olunan "tələbə yataqxanaları” məsələsinə aydınlıq gətirib. Ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə çıxış edən nazir yaxın aylarda yeni yataqxana komplekslərinin istifadəyə veriləcəyini müjdələyib:

"Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir yataqxana kompleksinin tikintisinə başlanıb. Yataqxana növbəti dərs ilində tələbələrin istifadəsinə veriləcək”. Nazir bildirib ki, ali təhsil müəssisələri üçün vahid elmi laboratoriyanın, elmi-tədqiqat mərkəzinin yaradılması məsələsi də nəzərdən keçirilir. Ekspertlər hesab edirlər ki, yeni tələbə yataqxanaları ali məktəblərdə təhsil alan gənclərin elmi səviyyəsini artıracaq. Həmçinin, yataqxanası olan universitetlər dünya təhsil ocaqları arasında ön sıralarda olacaq. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib ki, yataqxana bir neçə cəhətdən ali təhsil ocaqları və tələbələr üçün əhəmiyyətlidir. 

Professorun sözlərinə görə, yataqxana ilk olaraq tələbələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir: 

"Əgər insan rahat yerdə yaşayırsa, potensialını digər məsələlərə sərf etmək şansı qazanır. Digər tərəfdən yataqxanalar tələbə kollektivini eyni məkanda birləşdirir. Yataqxana sadəcə yatıb-durmaq yeri deyil, eyni zamanda tələbələrin bir-biri ilə ünsiyyət saxlaması, daimi elmi görüşlərin və tədbirlərin keçirilməsi, diskusiyaların aparılması üçün də əlverişli məkandır. 

Həmçinin, ali məktəblərin dünya miqyasında yer tutması baxımından yataqxananın dəyəri yüksəkdir. 

Yataqxanası olmayan universitetlərə nə qədər güclü tədrisi olsa da yuxarı bal verilmir. Beynəlxalq imicin formalaşması üçün yataqxana zəruridir. Yəni məişət şəraitinə, təlim-tərbiyə prosesinin formalaşmasına, həmkarlıq və dostluq münasibətlərinin qurulmasına görə əsas şərtlərdən biri yataqxana sayılır. Çox gözəl başlanğıcdır. Bununla həm təlim-tədris keyfiyyəti yüksələcək, həm tələbələrin mədəni səviyyəsi inkişaf edəcək, həm də universitetlər dünya müstəvisinə çıxacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-10-19