2017-10-12 01:43:39   |   374 dəfə oxunub

Təhsil eksperti nazirlə razılaşmır

Yeni qəbul modelinin təhsilin inkişafına ciddi təsiri olmayacaq

“Əgər təhsil islahatı olsaydı, Azərbaycanda orta məktəblərin böyük əksəriyyəti ləğv olunardı. Onlar hamısı özəl sahəyə keçirilərdi”



Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illərdə ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamikanın davam etdiyini deyib.

Cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanının yeni qaydada təşkil edildiyini vurğulayan nazir qeyd edib ki, 2 ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək.

Nazir hesab edir ki, yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək.


Mikayıl Cabbarovun optimist fikirləri ilə həmrəy olmadığını deyən təhsil eksperti Nabatəli Qulamoğlunun "Şərq”ə açıqlamasına görə, yeni mexanizmin Azərbaycanda təhsilin inkişafına ciddi təsiri olmayacaq: 

"Onsuz da abituriyentlər bilirdi ki, oxumasalar, ali məktəbə qəbul ola bilməyəcəklər. Amma məsələ burasındadır ki, məktəblərdə şagirdlərə bilik verilmir. Yüksək nəticə göstərən abituriyentlər ya lisey məzunları, ya da repetitor yanına gedən uşaqlar olur. Dövlət məktəbləri tam fəaliyyətsizdir. Rəqabət olmayan yerdə isə təhsilin inkişafından danışmaq mənasız bir şeydir. 

Təhsil sahəsində ciddi islahatlar aparılsaydı, nazirin dedikləri ilə razılaşmaq olardı, amma heç bir islahat aparılmır. Atılan bütün addımlar imitasiyadır. Əgər təhsil islahatı olsaydı, Azərbaycanda orta məktəblərin böyük əksəriyyəti ləğv olunardı. Onlar hamısı özəl sahəyə keçirilərdi”.

Buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzi keçirdiyi üçün attestat qiymətlərinin şəffaflığının şübhə doğurmadığını qeyd edən Nabatəli müəllim deyib ki, ayrı-ayrı fənn müəllimləri hər nə qədər şagirdlər arasında ayrıseçkilik edib, qiymət fərqi eləsə də, son nəticədə uşaqların buraxılış imtahanlarında topladığı balla əsas götürülür: 

"Bu imtahanlar isə DİM-in nəzarəti altındadır. DİM keçirdiyi imtahanların obyektivliyinə əmin olduğu üçün Təhsil Nazirliyi ilə razılaşaraq qəbul zamanı buraxılış və qəbul imtahanının birgə nəticəsinin əsas götürülməsi məsuliyyətini öz üzərinə götürüb”. 

Ekspert hesab edir ki, buraxılış imtahanı şagirdin dünyagörüşünü, bütün fənlər üzrə biliklər ümumi yoxlanır, qəbul imtahanında isə spesifik sahə üzrə biliklər yoxlanır.

Şəymən








SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11