2017-10-17 01:02:56   |   789 dəfə oxunub

“Cinlər həqiqətən var”

Atif İsmayılov: “Hər bir insanın həmin məxluqatlardan ibarət izləyici bir dostu, yoldaşı var. Quran da bunu təsdiqləyir”

-Bizə bir xanım müraciət elədi. Hansı ki, o xanım ibadətlə məşğul olub. Bu xanıma hansısa bir cinin müsəllət olmasını və ona təsir etməsini gözlərimizlə görmüşük...


Ağcabədinin Şahsevən kəndində yaşayan Əliyevlər ailəsinin evində gözəgörünməyən məxluqlar peyda olub. Ev sahibi Səməndar Əliyev açıqlamasında bildirib ki, onlar 10 ildən yuxarıdır ki, cinlərlə bir evdə yaşayır: "Evdən dəhşət fısıltılar gəlir. Elə bil heyvan yatıb. 10 il olar ki, həmin fısıltılar qeybə çəkilmişdi. İndi bir aydan artıqdır ki, yenə fısıltılar gəlməyə başlayıb.

Onlar gözə görünmür. Fısıltı gələndə yuxudan ayılırıq. Sanki evin polunu qaldıracaq. Uşaqlarım qorxusundan evə gələ bilmir. Deyirəm gəlin polu söküb baxaq, uşaqlar qoymur. Deyirlər polu sökən kimi gözəgörünməz məxluqlar çıxacaq və bizi öldürəcək. İcra nümayəndəsi, bələdiyyəyə məlumat vermişik”.

Səməndər Əliyev qeyd edib ki, gündüz həyat yoldaşını evdə tək qoyub kəndə çıxa bilmir: "Bu nə qədər davam edəcək? Kənd camaatı deyir ki, evdə cinlər var, onları çıxarmaq lazımdır. Bu saatdan sonra hara gedim, necə ev tikim? Camaat deyir ki, rayonda molla var, gedin ona baxdırın. Düzü, mən də mollaya inanan adam deyiləm. Molla da deyəcək ki, evdəki cindir”.

Maraqlıdır, bu cür halların baş verməsi həqiqətən də mümkündürmü? Baş vermiş hadisəni dəyərləndirən ilahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə bildirib ki, evlərdə belə hadisələrin olması mümkündür. Onun sözlərinə görə, bu gün Azərbaycanın bir neçə bölgəsində insanlar müxtəlif məxluqlarla bağlı problemlər yaşayır:

"Belə məsələlərin həqiqət olduğu və ya olmadığı barədə islam dininin nəzəri bir baxışı var. Cinlər də yaradılmış bir məxluqatlardır, hətta səhv etmirəmsə, "Qurani-Kərim”də cinlərlə bağlı "Cin surəsi” deyilən bir surə var. Quranda cinlər təbəqələrə bölünür. Bir qismi iman gətirir, bir qismi isə iman gətirmir. Bu məsələ ilə bağlı kütləvi şəkildə bir neçə şəxs bizə müraciət edib. Dindən və Qurandan məlumatımız olduğu üçün bəzi ayə və surələri oxuduğumuz zaman bu insanlarda qeyri-təbii hallar baş verir. Hətta dünən belə bir məlumatla bağlı bizə bir xanım müraciət elədi. Hansı ki, o xanım ibadətlə məşğul olub. Bu xanıma hansısa bir cinin müsəllət olmasını və ona təsir etməsini gözlərimizlə görmüşük. 

El arasında "qaraçuxa” deyilən bir söz məşhurlaşıb. Ümumiyyətlə, hər bir insanın həmin məxluqatlardan ibarət izləyici bir dostu, yoldaşı var. 

Quran da bunu təsdiqləyir. Təəssüflər olsun ki, bu gün bəzi insanlar var ki, cadu əməlləri vasitəsilə həmin məxluqatları hərəkətə gətirir və həmin məxluqatlar öz ətrafına bir neçə cin toplayırlar. El arasında deyilir ki, kiməsə cin daxil olub. Hər insanın özünün yanında olan bir qüvvəsi var. Həmin qüvvələr onu çağıranda insanlar sanki onu özündə hiss edir. Təcrübəmizdən bunu qeyd edə bilərik - bir neçə insanın bizə müraciət etdiyi təqdirdə baxıb görürük ki, bəli, qeyri-məxluqatlarla bağlı hətta Quranda ayələr və surələr var. Məsələn, biz bu insanın yanında "Nas” və "Fələq” surəsini oxuyanda onlar qəribə hərəkət etməyə başlayır və qəribə səslər çıxır”.

A.İsmayılovun sözlərinə görə, cin müsəllətinə məruz qalan insan ərəb dilini bilmədiyi təqdirdə məhz o dildə danışmağa başlayır. O bildirib ki, gözəgörünməz qüvvələrin evə daxil olması üçün kiminsə cadu etməsi şərt deyil: 

"Bölgələrdə bu hadisələrin olması heç də qeyri-adi bir şey deyil, bu, həqiqətən mümkündür. Belə insanlara köməklik göstərmək lazımdır. İslamda bəyənilməyən şeylər var, onlar evlərdə olarsa və yaxud həmin evin içində islama xoşagəlməz məqamlar və məramlar baş verərsə, o qüvvələr evə daxil olur və toplaşa bilir. Bunun üçün insanlara istiqamət vermək lazımdır. Bu cür hadisələr insanlara psixi təsir göstərir. Bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir. Hazırda Azərbaycanda bəzi insanlar var ki, fürsətdən istifadə edir. Deyirlər ki, "biz bu işlə məşğuluq”. Amma bu sahədə mütəxəssis olan şəxslərə müraciət etmək lazımdır. Quranda müvafiq dualar var ki, onların köməyi ilə insanlara kömək eləmək olar”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-11-22