2017-10-17 01:10:44   |   1301 dəfə oxunub

Mübarizəni gücləndirmək lazımdır

Din adı altında sosial şəbəkələrdə aktivlik göstərib, xaricdən ölkə daxilinə zərərli fikirlər ötürürlər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun "Azərbaycanda dini qarşıdurmanı təbliğ edən saytların olduğunu” deməsi ictimaiyyətdə ciddi narahatlıqla qarşılanıb.

Komitə rəsmisinin diqqət çəkdiyi təhlükəli məsələyə münasibət bildirən şəxslər təxribatçı saytlarla bağlı ölçü götürülməsini tələb ediblər.

Cəmiyyətdə narahatlıq doğuran məsələ ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı-alim Əkrəm Həsənov Azərbaycanda saysız-hesabsız təhlükəli saytların fəaliyyət göstərdiyini söyləyib. Ekspertin sözlərinə görə, həmin saytlar müxtəlif etiqadlı məzhəb daşıyıcıları tərəfindən idarə olunur: 

"Bu saytları idarə edən bəzi radikal təmayüllərin nümayəndələri heç bir normal islam alimlərinə bağlı deyillər. Əksinə, onlar böyük islam alimlərini kafirlikdə ittiham edən radikal şəxslərdir. Həmin adamlar ölkə xaricindən özlərini "din bilicisi” kimi təqdim edərək sosial şəbəkələrdə aktivlik göstərir, xaricdən ölkə daxilinə zərərli fikirlər ötürürlər. Biz daima belə fikirlərlə mübarizə aparırıq. Buna baxmayaraq, mübarizə effektini gücləndirmək olduqca vacibdir. Bu məsələdə cəmiyyət özü də maraqlı olmalıdır. Dinimizi elmi şəkildə öyrənib, səhih və etibarlı mənbələrə söykənən, adət-ənənələrimizi tərənnüm edən dəvət metodu seçilməlidir. 

Sonradan din adı ilə ortaya çıxan xurafatlarla mübarizəni gücləndirmək lazımdır. İslam həmrəyliyi ideyaları təbliğ edilməli, dinin ortaq məxrəcləri ətrafında müzakirələr getməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kifayət qədər təbliğat aparır. Ancaq ayrı-ayrı qurumlar və təşkilatlar, o cümlədən iş adamları da dövlətin din sahəsində apardığı təbliğat işində yaxından iştirak etməlidirlər. Bacardıqları qədər dini maarifləndirmə işlərinə hər cəhətdən dəstək verməlidirlər. Belə olduğu təqdirdə insanlar dinin radikal çevrəsindən uzaq qala biləcəklər”.

İlahiyyatçı bildirib ki, islam dininin ümumi qaydalarından xəbəri olmayan bəzi dindarlar dinin Azərbaycan modeli ifadəsini yanlış anlayırlar: 

"Onlar elə bilirlər ki, guya, Azərbaycanda islam dininə uyğun yeni model tərtib olunur. Heç də belə deyil. Bildiyimiz kimi islamın öz sünnəyə uyğun modeli var. Dinin qayda və üsullarını Allah öz Peyğəmbəri vasitəsi ilə müsəlmanlara öyrədib. Peyğəmbər digər dinlərlə, xüsusi ilə yəhudilər və xristianlarla sülh müqaviləsi bağlayıb. Bu müqavilənin şərtlərinə sonrakı xəlifələr və əhalisi müsəlman olan ölkələr əməl ediblər. Lakin digər dinlərdə olduğu kimi islamın da radikal qolu olan xəvaric və təkfirçi fikirlərin çox yayıldığı müsəlman ölkələrdə Peyğəmbərin sünnəsinə, dediklərinə əməl edilməyib. Peyğəmbərin bağladığı sülh müqaviləsi pozulub. Bu səbəbdən bəzi müsəlman ölkələrində arzuolunmaz problemlər yaranıb. 

"Ərəb baharı” adı ilə müsəlman ölkələrində yaşanan hadisələr məhz islamın radikal qolu olan xəvaric və təkfirçilərin ucbatından baş verib. Bilmək lazımdır ki, Azərbaycan tarixən olduğu kimi bu gün də Peyğəmbərin metoduna uyğun olaraq yəhudilərlə və xristianlarla sülh şəraitində yaşamaq siyasətini aparır və bunu bütün dünyaya təbliğ edir”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-11-22