2017-10-17 17:04:38   |   735 dəfə oxunub

"Araz Əlizadə oğlunun özünə müavin seçilməsindən danışıb: "Səməd ailəsini də dolandırmalıdır"

"Bu, təyinat deyil, seçki yolu ilə həyata keçirilmiş addımdır”


""Oğlunu niyə müavin təyin edir?” deyənlərin partiyanın sistemindən xəbəri yoxdur”.

Bunu "Sherg.az”a millət vəkili, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. 

O bildirib ki, partiyada heç kim heç kimi vəzifəyə gətirmir:

"Oğlum Səməd Azərbaycan Gənclər Təşkilatının da, partiyanın da üzvü olub. 2014-cü ildən o təyinatla partiyanın beynəlxalq katibidir və beynəlxalq tribunada bizi təmsil edib. Bu dəfə onun müavin vəzifəsinə namizədliyi irəli sürüldü və səsvermə yolu ilə seçildi. Bu, təyinat deyil, seçki yolu ilə həyata keçirilmiş addımdır”.

Səməd Əlizadənin iqtisadçı olmasına gəlincə, deputat deyib ki, oğlu siyasəti də yaxşı bilir:

"Səməd öz işlərinin öhdəsindən müvəffəqiyyətlə gəlir. Partiyada, partiyanın beynəlxalq məsələlərində mənə kömək edir. Artıq partiya üzvləri onun çox yaxşı işlədiyinə qərar verib və seçildiyi vəzifənin başına keçə bilər. Amma öz ixtisasının da arxasınca gedəcək, doktorantura təhsili alır və dissertasiya da yazır. Partiyada demək olar, maaş yoxdur, Səməd ailəsini də dolandırmalıdır. Lakin partiya işi ilə ailəsini dolandıra bilməz”.

Qeyd edək ki, bu partiyanın XIII qurultayı olub. Məlumata görə, qurultayda partiyanın rəhbəri, deputat Araz Əlizadə yenidən sədr seçilib.

Oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin olub.Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər sahələr üzrə müavin seçiliblər.
Partiyanın Mərkəzi Komitəsinə 11 nəfər üzv seçilib.

Ayyət ƏHMƏD







SON XƏBƏRLƏR

2017-11-22