2017-10-18 00:45:01   |   194 dəfə oxunub

Sarkisyan sözünün üstündə durmadı

Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı

Ermənistanın tələsik açıqlaması ilk növbədə erməni cəmiyyətinə və diasporasına mesajdır



Azərbaycan Prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra düşmən ölkənin rəhbəri Serj Sarkisyan erməni diasporunun nümayəndələri ilə bir araya gəlib. Sarkisyan Qarabağ probleminin həlli variantları ilə bağlı konkret razılaşmanın olmadığını söyləyib. Erməni prezident sadəcə cəbhədəki gərginliyin azaldılması istiqamətində razılaşmanın əldə edildiyini deyib:

"Bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun. Bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu yoxdur. Yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Bu məqsədlə hər şey edəcəyik”. Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov sosial şəbəkə üzərindən Sarkisyanın təxribatçı açıqlamasına cavab verib. Administrasiya rəsmisi Ermənistan rəhbəri Sarkisyanın yenə öz ampluasında olduğunu deyib. Onun sözlərinə görə, Sarkisyan adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır: 

"Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”. N.Məmmədovun sözlərinə görə, Ermənistan prezidenti unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq: "Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.

Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Tahir Kərimli deyib ki, düşmən ölkənin işğalçı prezidenti nəticəli danışıqlar niyyətində deyil. Onun məqsədi prosesi pozmaq, gedişatı çətinləşdirməkdir: 

"Əvvəldən elan olunub ki, prezidentlərin görüşü konfedesial xarakter daşımalıdır. Yəni görüş barədə açıqlamanı rəsmi qaydada həmsədr dövlətlərin nümayəndələri verməlidir. Razılıq olub ki, tərəflər birtərəfli qaydada açıqlama verməsinlər. Ermənistanın tələsik açıqlaması ilk növbədə erməni cəmiyyətinə və diasporasına mesajdır. Erməni rəhbərliyi xalqı inandırmağa çalışır ki, guya heç vaxt Qarabağı Azərbaycana qaytarmayacaq. 

O səbəbdən Sarkisyan dərhal bəyan edib ki, "narahat olmayın, danışıqlarda razılıq olmayıb, sadəcə təmas xəttində gərginliyin azaldılması sahəsində anlaşma əldə edilib”. Deputatın fikrincə, düşmənin digər məqsədi qarşı tərəfi, yəni Azərbaycanı qıcıqlandırmaqdır: "Ermənistan rəhbərliyi başa düşür ki, əvvəl-axır işğal etdiyi torpaqları boşaldacaq, buna məcbur olacaq. Ona görə də danışıqlardan qaçır, bilir ki, hüquqi baxımdan səhvdir, təcavüzkar tərəfdir. Əslində, hərbi seçim də düşmənə sərf etmir. Rəsmi İrəvan anlayır ki, Azərbaycan Ordusu onlardan qat-qat güclüdür. Hətta Rusiyanın düşmən ölkəni silahlandırması belə Ermənistanın qorxusunu azaltmır. Erməniləri ürəkləndirən, həyasızcasına cəsarətləndirən əsas amil beynəlxalq güclərin, həmsədr dövlətlərin düşmənin mövqeyini müdafiə etməsidir. Azərbaycan sülhpərvər dövlət olduğuna görə hələlik səbr edir, danışıqlara üstünlük verir. Ermənistan isə mənasız danışıqların uzadılmasına çalışır. Sarkisyanın min cür sifəti var, ondan humanist addım gözləmək yersizdir. Düşmən ölkənin rəhbəri Dağlıq Qarabağda törədilən soyqırımda, qətllərdə şəxsən iştirak edib. İndi də populist çıxışlar etməklə itirdiyi nüfuzu bərpa etməyə çalışır. Sarkisyanın danışıqlarda irəliləyişə nail olmaq niyyəti yoxdur. Əksinə, bütün gücü ilə səy göstərir ki, münaqişənin həlli daha da çətinləşsin”.

Deputat: Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə...

"Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur”.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov prezidentlər Cenevrədəki görüşünə münasibət bildirərkən deyib.

B.Sadıqov qeyd edib ki, yenə ATƏT-in həmsədr dövlətləri özlərinə məxsus ifadələr işlətməklə bu görüşə qiymət verəcək, yeni görüşlərin vacibliyi barədə fikirlər səsləndiriləcək və növbəti görüşdə bu məsələnin bir daha müzakirə ediləcəyi bildiriləcək:
"Bunlar hamısı bizim indiyə qədər eşitdiyimiz ümumi fikirlərdir. Bunlar ATƏT-in dırnaqarası fəaliyyətinin göz qabağında olan elementləridir. Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, BMT-nin məlum 4 qətnaməsinin icrası ilə bağlı konkret addımlar atılmırsa, yaxın müddətdə hansısa tədbirlərin görüləcəyi barədə açıqlamalar verilmirsə, tərəflər öz üzərilərinə öhdəliklər götürmürsə və ATƏT bu öhdəliklərin yerinə yetirilməsinə necə nəzarət ediləcəyini söyləmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur”.

Deputatın sözlərinə görə, Ermənistan status-kvonu qoruyub saxlamaq üçün danışıqlar prosesində guya iştirak edir: "Aprel hadisələri olmasaydı, Ermənistan prezidenti heç görüşə gəlməyəcəkdi. Demək, qorxusundan gəldi. Azərbaycan tərəfi isə öz prinsipial mövqeyindən geri çəkilən deyil”.

Asim Mollazadə: "Ermənistan 25 il oynadığı oyunları davam etdirir”

"Ermənistan beynəlxalq təzyiq nəticəsində yenidən danışıqlara qaytarılıb”. Bunu isə "Sherg.az”a millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, düşmən danışıqlara qayıtmaqla əvvəlki oyunlarını davam edəcək: 

"Serj Sarkisyan danışıqların imitasiyası ilə məşğul olacaq. Ermənistan sülh istiqamətində heç bir addım atmağa hazır deyil. Bu dövlət öz işğalçı siyasətini davam etdirir. Çünki işğalçıya qarşı beynəlxalq təşkilatlar, böyük dövlətlər və vasitəçilər hansısa qınaq müəyyənləşdirməyib. Ona görə, Ermənistan 25 il oynadığı oyunları davam etdirir.

Sarkisyanın danışıqlardan sonrakı hərəkətləri də onu göstərir ki, ermənilər həmişəki oyunları oynayacaqlar. Mən Ermənistan tərəfindən ciddi yanaşma, müzakirələr gözləmirəm. Çünki onlar sülh istəmir”. 

Qeyd edək ki, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov da Ermənistan prezidentinin danışıqlardan sonrakı addımlarını tənqid edib. N. Məmmədov bildirib ki, S. Sarkisyan yenə öz ampluasındadır: "Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.

İsmayıl








SON XƏBƏRLƏR

2017-11-22